AZ

Sumqayıtda gənc oğlan nişanlısının yanında tanışını bıçaqladı — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1998-ci il təvəllüdlü Yusif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Adilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 4-də Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 nömrəli binanın qarşısında baş verib. 

Yusif tanışı Adilin ondan borcunu nə vaxt verəcəyini, borc barədə söhbət etmək üçün çayxanaya dəvət etməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirib. Bunları bəhanə edərək özündə olan bıçaqla Adilə xəsarətlər yetirib. 

Hadisəni törədən Yusifin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, fevralın 4-də, saat 18.00-da Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 nömrəli binanın qarşısında nişanlım Baharı gözləyirdim. Bahar həyətə düşdükdən sonra onunla məhəllədə binaların ətrafında gəzməyə başladıq. Bu zaman bir avtomobilin də bizim ardımızdan asta-asta hərəkət etdiyinə diqqət yetirdim. Avtomobilin içərisindəkilər Adil və Fərid idi. Mən Baharı yaşadığı evə yola salarkən Adil mənə yaxınlaşdı və məni kənara çəkmək istədi. Nişanlımın yanında məni kənara çəkməyə çalışdığı üçün ona etirazımı bildirdim. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı avtomobildən Fəridin qaçaraq gəldiyini gördüm. Fərid də qaçaraq gəlməyini gördükdən sonra qorxduğum üçün cibimdən bıçağı çıxararaq Adili vurdum”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin bıçaq hadisədən təxminən 3-4 gün əvvəl ona hədiyyə verilib: “Mən Adilə 1 dəfə bıçaq zərbəsi endirmişəm. Onun ayaq nahiyəsinə vurmaq istəmişəm. Lakin ehtiyatsızlıqdan sol böyrəyinin olduğu hissəyə vurmuşam. Mənim Adilin dayısı Əsədə 1000 manat məbləğində borcum var idi. Lakin hadisədən qısa müddət əvvəl bu borcdan 100 manat məbləğində ödəniş etmişəm”.

İş üzrə zərərçəkmiş Adilin sözlərinə görə, Yusif ona 2500 manat borcu var idi və uzun müddət idi ki, bu borcu qaytarmayıb: “Yusifin yaşadığı ünvanı da, ailə üzvlərini də tanıyıram. Hadisə baş verməmişdən əvvəl dəfələrlə borcun ödənilməsi ilə bağlı ona müraciət etmişəm. Əksər hallarda zənglərimə də cavab verməyib. Yusifin Bahar ilə nişanlı olduğunu və onunla tez-tez görüşdüyünü bilirdim. Bu səbəbdən Baharın yaşadığı binanın qarşısına getmək qərarına gəldim. Həmin məhəlləyə çatdıqda Yusifin Baharla birlikdə gəzdiyini gördüm. Nişanlısı yanında olduğu üçün ona yaxınlaşaraq borc söhbətini etməməyi, Yusifin nişanlısını evə ötürdükdən sonra ona yaxınlaşaraq danışmağı qərara aldım. Bu məqsədlə avtomobildə bir müddət gözlədim. Yusif nişanlısını evinə ötürdükdən sonra ona yaxınlaşdım. Gedərək birgə oturub söhbət etməyi təklif etdim. Lakin Yusif heç bir səbəb olmadan mənə bir dəfə bıçaqla vurdu. Bu zaman Fərid də avtomobildə idi. Yusif məni bıçaqla vurduğunu gördükdən sonra Fərid yanıma gəldi. Fərid taksi sürücüsü olduğu üçün ondan müştəri kimi məni Baharın yaşadığı məhəlləyə aparmasını xahiş etmişdim. Yusif təqribən 15 dəqiqə müddətində gözlədim. Fəridə taksi sürücüsü kimi xidmət haqqını vermişəm. Bahar blokun pilləkənlərini qalxarkən Yusifi çağırmışam. Bahar hadisəni görməyib”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yusif 6 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
demokrat.az

1Mənbələr