AZ

AZAD torpaqlara ABAD yollarla…

Bu yollar Qarabağa və Şərqi Zəngəzura aparır. Biz bu torpaqları da, onlara uzanan yolları da düşməndən qətrə-qətrə azad etdik, indi isə qarış-qarış abadlaşdırırıq. Bu yollar 30 il idi ki, düşüncələrimizdə xəyali bir yol idi, sonda gerçəyə çevrildi. Biz 30 il idi ki, Qarabağa, işğal olunmuş rayonlarımıza gedən yollardan xəbərsiz idik. 30 il idi ki, bizi o torpaqlara aparan yollar yağı tapdağı altında idi.

Ölkəmizin iqtisadi gücü, dövlətimizin başçısının düşünülmüş siyasəti nəticəsində 2020-ci ilin payızında cəmi 44 gündə İkinci Vətən müharibəsi ilə torpaqlarımızı düşməndən geri aldıq. Çoxsaylı şəhid verdik, sağlamlığını itirən qazilərimiz oldu. Lakin torpaq bizim üçün şərəf və namus olduğu üçün biz canımız bahasına torpaqlarımızla yanaşı, həm də şərəf və namusumuzu xilas etdik.

Müharibə bitən kimi dərhal torpaqlarımızda quruculuq işlərinə başlanıldı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda miqyasına görə dünyaya səs salan işlər həyata keçirilir. Yol infrastrukturu isə azad torpaqlarımızda başlanan ilk iş oldu. Çünki abadlığa, inkişafa doğru bu yollarla getməli idik. Ötən il sentyabrın 19-20-də Xankəndidə keçirilən antiterror əməliyyatı nəticəsində ölkə ərazisində suverenliyimizin bərpa edilməsi ilə bu işlərin miqyası daha da genişlənib.

Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Bu günədək isə Qarabağ və Şərqi Zəngəzurun yol infrastrukturu ilə əlaəqdar xeyli işlər həyata keçirilmişdir. Belə ki, uzunluğu 28,5 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 ki­lometr təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. Uzunluğu 22 ki­lometr, 2-3 hərəkət zolaqlı olan Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolun tikintisi 2022-ci ildə başa çatdırılıb.

Şükürbəyli-Cəbrayıl-Hadrutdan 20-yə yaxın yaşayış məntəqəsinə şaxələnən yollar

Torpaqlarımız kimi, onları bir-biri ilə birləşdirən yollar da 30 ilə yaxın idi ki, doğmalarının addım səsini gözləyirdi. Dağıdılmış, məhv edilmiş cığırları, itmiş yolları yenidən doğmalarını ocaqlarına daşımaq üçün darıxmışdı.

Həmin yollardan biri-ötən il may ayının 5-də dövlətimizin başçısının açılışında iştirak etdiyi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunub. Bu yolun 8,2 kilometrlik hissəsi bölgə üçün xüsusi əhəmiyyətə malikdir.

Uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.

Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.

Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla, həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.

Füzulidən Hadruta uzanan yol...

Füzuli-Hadrut avtomobil yolu da bərpa olunan yollarımızdan biridir ki, ötən il mayın 5-də dövlətimizin başçısının iştirakı ilə istifadəyə verildi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 kilometr olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.

Layihəyə əsasən yolun 6,7 kilometrliyində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.

Toğanlıdan Kəlbəcərə, oradan İstisuya...

Abadlaşdırılan və bərpa olunan yollarımızdan biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə, Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.

Yolun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.

Uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.

Kəlbəcər-Laçın yolu-döyünən ürək

Yol döyünən ürəkdir. Bir nasazlıqla tamamilə dayana, fəaliyyətdən qala bilir. Ürək insanı yaşadırsa, yol da iqtisadiyyatın var olması deməkdir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur ki, bu yol adıçəkilən iqtisadi rayonların döyünən ürəyidir.

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7) tikinti işləri uğurla davam etdirilir.

Bu yol çətin coğrafi ərazidə yerləşdiyindən burada dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur.

Ağdamın daxili yolları və Ağdamdan Füzuliyə... Bərdəyə...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.

Magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

***

Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək 4 hərəkət zolaqlı ol­an Ağdam-Füzuli avtomobil yolunun təməli Azərbaycan Prezidenti İlham Əliyev və birin­ci xanım Mehriban Əliyevanın 2021-ci il oktyab­rın 17-də Füzuli rayonuna səfəri zamanı qoyulub. Hazırda yolun inşası sürətlə davam etdirilir. Bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğalçıdan təmizlənən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

Yolun 0-32,4 kilometrlik hissəsində layihə çərçivəsində 36 ehtiyat keçidinin, 31 dairəvi su ötürücü borunun və 3 körpünün inşası 90 faiz tamamlanıb. Bundan başqa, bitki qatının çıxarıl­ması və qazma işləri 100 faiz, torpaq yatağının tikintisi 92 faiz yerinə yetirilib.

***

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Dövlətimizin başçısının açılışında iştirak etdiyi Bərdə-Ağdam avtomobil yolu başlanğıcını Bərdə şəhərindən götürür və uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.

Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.

Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi həm də Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Şuşaya uzanan “Zəfər” yolu

Ötən illərin ən gözəl, bənzərsiz yolu çəkildi Şuşaya- “Zəfər yolu”. Bu yol Qarabağın baş tacı olan Şuşaya 30 ilin hicranının üstündən çəkilən vüsal yolu oldu. Zəfərimizin, qələbəmizin, şərəfimizin yolu oldu. Bu yol Hacıqabul-Horadiz, Ağbənd-Zəngəzur magistral avtomobil yolunun 149-cu kilometrliyindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndindən, Çaxmaq meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. İki hərəkət zolağından ibarət olan yol 2021-ci il oktyabrın axırlarında istifadəyə verilib.

Şuşaya digər avtomobil yolu Hacıqabul-Horadiz–Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrliyindən başlayır. Uzunluğu 81,6 kilometrdir, dörd-altı hərəkət zolağı var. Yol üzərində körpü və tunellər çəkilməsi nəticəsində yüksək sürət təmin olunacaq və “Zəfər yolu” ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.

Xankəndi-Şuşa-Laçın: qürur yolu

Qeyd etdiyimiz kimi, ötən il sentyabr ayının 19-20-də Xankəndidə aparılan lokal xarakterli antiterror tədbirindən sonra Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu. Və bu da imkan verdi ki, yeni azad edilmiş ərazilərimizdə də yol infrastrukturunun yenilənməsinə başlanılsın. Beləliklə də Xankəndi-Şuşa-Laçın yolunun tikintisinə başlandı.

Mayın 10-da dövlətimizin başçısı İlham Əliyev Şuşaya səfəri çərçivəsində Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

Əhmədbəyli-Füzuli-Şuşa

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.

Mayın 10-da Şuşada olan Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş ümumi uzunluğu 6747 metr olan birinci tunelin açılışında iştirak edib.

Bu yol böyük bir layihə çərçivəsində tikilir. Yolun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir.

***

Qeyd edək ki, strateji əhəmiyyətə malik Əh­mədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu da başlanğıcını Füzuli rayonunun Əhmədbəy­li kəndindən götürməklə layihələndirilib. Yolun uzunluğu 124 kilometrdir.

Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla, 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Magistralın ilk 76 kilometrlik hissəsinin 3 gediş-3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsinin isə 2 gediş-2 gəliş olmaq­la 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzurun yol xəritəsi

2020-ci ildən, yəni Qarabağda tarixi Zəfər əldə etdikdən bu günədək yuxarıda da sadaladığımız kimi, minlərlə kilometr yol infrastrukturu yenilənib, bərpa olunub. Və təbii ki, bu işlər sürətlə davam etdirilir. Çünki soydaşlarımızn ən yaxın zamanda ata-baba yurdlarına qayıdışını şərtləndirən amillərdən ən başlıcası yoldur. Bu səbəbdən də Qarabağda icra olunan yol inf­rastrukturu layihələri ilə bağlı tədbirlər planına uyğun ola­raq 15 layihədən 11-nin icrası 2024-cü ildə, 3-nün 2025-ci ildə, birinin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentli­yinin məlumatına görə 2024-cü ilin planında Xudafərin-Qubadlı-Laçın, Şükür­bəyli-Cəbrayıl-Hadrud, Kəlbəcər-Laçın, Qu­badlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazıdüzü-Er­mənistan sərhədi, Horadiz-Tuğ-Azıx mağarası, Ağdam-Füzuli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağ­bənd, Ağ­dam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa, Tərtər-Ağdərə və Füzu­li-Xocavənd-Ağdam avtomobil avtomobil yollarının və İranla dövlət sərhədi avtomobil yolunun, Araz çayı üzərində avtomobil yolu körpülərinin tikilməsidir.

Ötən il yenidən qurulmasına başlanılan Suqovuşan-Sərsəng su anbarı–Qozlukörpü-Kəlbəcər (uzunluğu 80 kilometr), Ağdərə-Ağ­dam (35,5 kilometr) və Şuşa-Laçın (41 kilometr) avtomobil yollarında isə tikinti işləri davam etdi­rilir.

2025-ci ildə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğana­lı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın avtomobil yol­larının, 2026-cı ildə isə Ağdam şəhərinin daxili yollarının layihələndirilməsi və tikintisi işlərinin başa çatdırılması planlaşdırılır.

Böyük Qayıdışa şahid yollar…

Yol mədəniyyətdir, əgər abaddırsa. Yol mədəniyyətdir, əgər müasirdirsə… O yolda ki, təhlükə yoxdur, deməli, mənsub olduğu ölkədə böyük mədəniyyət vardır. Çünki insan amilinə dəyər verilir. Onların rahatlığı, təhlükəsizliyi diqqətdə saxlanılır. Elə ölkəmizdə insan amilinə verilən dəyərin göstəricisidir ki, öncə ata-baba yurdundan məcburi şəkildə çıxarılmış və 30 il ərzində köçkün həyatı yaşayan soydaşlarımızın torpağı azad edildi, sonra isə o torpaqlara gedən yollar abadlaşdırılmağa başlandı.

Yol bir də həyatdır. Təhlükəsizdirsə, bəli, həyatdır. Çünki evimizdən çıxıb hansısa yola üz tuturuqsa, o yol evə dönəcəyimizə təminat olmalıdır. Bizim rahatlığımız bir metrdən kilometrələrədək uzanır. Biz bir metrdə də, min kilometrdə də rahat, təhlükəsiz olmalıyıq. Buna haqqımız var, çünki insanıq. Həyatda rahatlıq, firəvanlıq şəraitində yaşamaq da haqqımızdır.

Nə xoş bizə ki, Azərbaycan kimi ölkənin vətəndaşlarıyıq. Burada insan amilinə o qədər dəyər verilir ki, müharibədən cəmi 3 ildir çıxmış ölkədə budur, yeni yollar çəkilir, insanlar o yollarla dogma yurduna qayıdır.

Bu gün Şuşaya, Xankəndiyə, Laçına, Kəlbəcərə, Zəngilana, Cəbrayıla, Füzuliyə, Ağdama, Xocalıya, Xocavəndə-işğaldan azad edilmiş rayonlarımızın hər birinə yollar çəkilir. Çəkilir ki, bu yollar sonadək Böyük Qayıdışa şahid olsun.

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
sesqazeti.az

1Mənbələr