AZ

Tərlan Əhmədov: “Sabah” və “Neftçi”də məşqçi işi görünmür” – klublar yanılıb?

Cari mövsümdə Misli premyer-liqasında bir neçə komanda baş məşqçi dəyişikliyi ilə yadda qaldı.

Hazırda avrokuboklara vəsiqə üçün mübarizə aparan “Neftçi” və “Sabah” oxşar tale yaşıyır. Həm “Sabah”ın, həm də “Neftçi”nin rəhbərliyi yeni baş məşqçinin qarşısına məhz avrokuboklara vəsiqə qazanmaq tələbini qoyub. O da maraqlıdı ki, bu iki komanda son turda məhz bir-biri ilə qarşılaşacaq.
Bojoviç, yoxsa Renduliç nəticə verə biləcək?

Əvvəlcə hər birinin karyerasına nəzər salaq. Murad Musayevin istefasından sonra “Sabah”ın “sükanı arxasına” əyləşən Krunoslav Renduliçin baş məşqçi kimi ilk uğuru “Şibenik”də olub. Belə ki, o, 1-ci liqa təmsilçisini elitaya yüksəldib. 2022-ci ildə Bosniyada “Zrinski”ni çalışdıran xorvatiyalı komandası ilə həm çempionluğu, həm də ölkə kubokunu qazanmağən sevincini yaşadıb. Həm də bu uğur klub tarixinə ilk “qızıl dubl” kimi düşüb.

Renduliç növbəti uğurla Bosniya futbolunun tarixinə düşüb. Onun rəhbərlik etdiyi “Zrinski” 2023/24 mövsümündə Konfrans Liqasına vəsiqə qazanıb. Bununla yanaşı, “Zrinski” Bosniya tarixinə avrokubokların qrup mərhələsində çıxış etmək hüququna sahib olan ilk klub kimi düşüb. Renduliçin ordakı karyerası ötən ilin noyabrına qədər davam edib.

İndi isə “Neftçi”nin çalışdırıcısı Miodraq Bojoviçin məşqçi karyerasına göz gəzdirək. Monteneqrolu mütəxəssis 2013/14 mövsümündə “Rostov”la Rusiya kubokunun, 2015/16 mövsümündə isə “Srvena Svezda” ilə Serbiya superliqasının qalibi olub. 2021/22 mövsümündə “Arsenal”a rəhbərlik edib. Bojoviç “Neftçi”nin “sükanı arxasına” bu ilin yanvarında (19-cu turdan) keçib.

Onu da bildirim ki, hər iki baş məşqçi ilyarımlıq müqavilə imzalanıb, qarşılarına avrokuboklara vəsiqə qazanmaq tələbi qoyulub. Statistikanı qarşılaşdıranda aydın olur ki, xorvatiyalı çalışdırıcının monteneqroludan fərqli Azərbaycanda qalmaq şansı daha yüksəkdi.

Bu mövzu ilə bağlı təcrübəli mütəxəssis Tərlan Əhmədovun fikirlərini öyrəndik. O, əvvəlcə iki mütəxəssisin indiyəqədərki işini, həm də komandaların indiki formasını müqayisə etdi:

“Hər iki baş məşqçinin əlində yetərincə “material” var. Murad Musayevdən sonra komandada vəziyyət çox acınacaqlı idi. Düzdü, İqor Ponomaryov bir balaca düzəltmişdi. Hələ də Ponomaryovun dövründəki komanda qalıb. Yəni “Sabah”ın oyununda hansısa dönüş yoxdu. Məşqçilik baxımından böyük iş görünmür. Ola bilər ki, Rundeliç qısa müddətdə hələ öz oyun fəlsəfəsini tətbiq edə bilməyib. Bojoviçin “Neftçi”yə gəlişindən bəri qış fasiləsi və komandanın Antalya toplanışı olub. Deməli, vəziyyəti dəyişmək üçün bəlli bir vaxta malik idi. Bu müddətdə komandada geriləmə gedir. Həm də həddən artıq pis geriləmə. Ümumiyyətlə, “ağ-qaralar”da məşqçi işi görünmür. Qaldı ki avrokuboklara vəsiqəni kimin əldə edəcəyinə, bu məsələ son tura qalacaq. Komandaların ona qədər qazanacağı xallardan da çox şey aslıdı. 36-cı turda bu ikibaş məşqçinin arasındakı həlledici görüşdə kimin hara gedəcəyi bəlli olacaq. Digər tərəfdən, “Neftçi”, göründüyü kimi, uçuruma gedir. Hamımız bilirik ki, burda olan dəyişikliklər komandanın xeyrinə olmayıb, əksinə, ziyanına işləyib. Komandanın potensiallı oyunçularının, kapitan Emin Mahmudovun oyun performansının aşağı düşməsi açıq-aşkar hiss olunur. Qara Qarayevin “Qarabağ”dan “Neftçiyə gəlişinə hamı sevinsə də, görünür, onun da potensialını məşqçilər aça bilmir. Komandada olan əcnəbi futbolçular, “bəh-bəh”lə gətirilən legionerlər özünü doğrultmadı. Yuri Matiası, Mark Tamaş götürsək, son oyunlarda səhvləri sıralayırlar. Hər iki mərkəz müdafiəçisi hər tur kobud səhvə yol verir. Komandada hansısa irəliləyiş yoxdu. Kilan Lebonun başqalarından fərqli fərdi keyfiyyətləri bir qədər yaxşı olsa da, onun da performansı aşağı düşüb.
Demək olar ki, “Qarabağ”dan başqa digər klublarda əcnəbi transferlər normal deyil. Yəni “Neftçi” bu heyətlə hətta Avroliqaya və ya Konfrans Liqasının təsnifat mərhələsinə çıxsa belə, heç nə edə bilməz. Ümumiyyətlə, komandaya bir neçə normal transfer edilməlidi. Ona görə də bu gün “Neftçi”də Bojoviçin sadalanacaq uğurları yoxdu. Desək ki, komanda onun potensialından da istifadə edə bilmədi, belə deyil. O vaxt Rusiyadan gələndə haqqında bəzi nöqsanlar söylənirdi. Orda nələr olub, nə olmayıb - bilmirik. Amma nə Adrian Mutu, nə də Miodraq Bojoviç “Neftçi”yə xeyir verdi. İkisi də “ağ-qaralar”ın nüfuzunu getdikcə daha da aşağı saldı. Komandada olan futbolçular da sanki məşqçilərlə yola gedə bilmirlər. Bu baxımdan da oyun üslubuna görə komanda rəqiblərindən geri qalır”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
football-plus.az

1Mənbələr