AZ

Nankin şəhərində “Çin-Azərbaycanda investisiya və ticarət əməkdaşlığı” forumu keçirilib

Nankin, 14 may, AZƏRTAC

Çinin iqtisadi cəhətdən ən çox inkişaf etmiş əyalətlərindən olan Cinasunun paytaxtı Nankin şəhərində “Çin-Azərbaycanda investisiya və ticarət əməkdaşlığı” forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Çindəki səfirliyinin, ölkəmizin ticarət nümayəndəliyinin, Ciansu əyalətinin Kommersiya Departamentinin birgə təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə vilayətin müvafiq dövlət qurumlarının, işgüzar dairələrin, biznes assosiasiyalarının nümayəndələri, iş adamları iştirak ediblər.

Azərbaycan-Çin münasibətlərinin tarixinin qədim İpək yolu dövrünə gedib çıxdığını vurğulayan ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində tarixən Asiya ilə Avropa arasında körpü rolunu oynadığını bildirib. O, hazırda iki ölkə arasında münasibətlərin dostluq və tərəfdaşlıq ruhuna söykənərək inkişaf etdiyini, bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə dövlətlərimizin həmişə qarşılıqlı dəstək göstərdiklərini diqqətə çatdırıb, dövlət başçıları İlham Əliyevin və Si Cinpinin qarşılıqlı etimadı və şəxsi dostluğuna əsaslanan münasibətləri, onların sıx təmasları və səyləri sayəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafla keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib.

Diplomat Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olan Azərbaycanın icra etdiyi nəqliyyat və infrastruktur layihələrinin həmin təşəbbüsün icrasına əhəmiyyətli töhfələr verdiyini, Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa, səmərəli və təhlükəsiz nəqliyyat marşrutlarını formalaşdırdığını diqqətə çatdırıb. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin, başqa sözlə Orta Dəhlizin şərq-qərb bağlantısında əhəmiyyəti getdikcə artdığı qeyd olunub.

B.Hüseynov ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində daha geniş əməkdaşlığı üçün böyük imkanların olduğunu bildirib, Azərbaycanın və Çinin regionları və şəhərləri arasında iqtisadi-ticari, mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycanın qədim İpək yolu üzərində vacib ölkə olduğunu vurğulayan Ciansu əyaləti Kommersiya Departamentinin baş direktorunun müavini Sun Cin, tarixən xalqlarımız və ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirib. O, “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz, habelə Çinin regionları ilə xarici ölkələr arasında iqtisadi-ticari, mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını deyib, dövlət başçılarının iki ölkə arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirdiklərini söyləyib.

Sun Cin təmsil etdiyi vilayətin iqtisadiyyatı, xarici ticarəti haqqında danışıb, Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu deyib. O, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinin təşviqinə dövlət qurumları ilə yanaşı özəl sektorun da səylərinin cəlb olunmasının əhəmiyyətinə toxunub, bu xüsusda oxşar tədbirlərin vacibliyini qeyd edib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin iqtisadi inkişafı, əlverişli biznes və sərmayə mühiti, ixrac və investisiya imkanları, nəqliyyat-logistika infrastrukturu, “Bir kəmər, bir yol” təşəbbüsünün icrasındakı rolu, Orta Dəhlizin əhəmiyyəti, Azərbaycan ilə Çinin investisiya və ticarət əməkdaşlığının perspektivləri barədə təqdimat edib. O, Azərbaycan hökumətinin ölkənin iqtisadi inkişafının davamlı artımını təmin etmək üçün qeyri-neft sektoruna daha çox xarici investisiyaların cəlb edilməsi üçün müvafiq iş apardığını, bu istiqamətdə Çin şirkətləri ilə sıx əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini deyib.

“Biz Ciansu əyalətindən olan şirkətləri Azərbaycanı regional mərkəz və istehsal bazası kimi seçərək iqtisadi inkişafımızda fəal iştirak etməyə dəvət edirik”, - deyən ticarət nümayəndəsi iki ölkənin qarşılıqlı faydalı tərəfdaşlıq üçün bir-birinin üstünlüklərindən istifadə edə biləcəyini deyib. Bildirilib ki, Çin şirkətləri Azərbaycanda, o cümlədən müxtəlif imtiyazların və güzəştlərin təklif olunduğu sənaye parklarında, iqtisadi zonalarda, habelə Ələt Azad İqtisadi Zonasında müəssisə açaraq istehsal etdikləri məhsulları yerli bazarla yanaşı, qonşu ölkələrə də çıxarmaq imkanı əldə edir. Artıq bu istiqamətdə müsbət təcrübə də var.

T.Nadiroğlu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərindən, iqtisadiyyatın bərpası istiqamətində atılan addımlardan danışıb, həmin bölgənin zəngin enerji və mineral ehtiyatlar, xammala malik olduğunu deyib.

Ölkəmizin Çindəki ticarət nümayəndəliyinin əməkdaşı Natiq Xəlilov Azərbaycanın nəqliyyat-logistika sektoruna və iki ölkənin bu sahədə əməkdaşlıq potensialına dair təqdimat edib. Bildirib ki, Avrasiyadakı hazırki geosiyasi vəziyyət fonunda Orta Dəhliz Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya bağlayan etibarlı, təhlükəsiz, sərfəli alternativdir. Hazırda bu dəhliz üzrə Çinin bir neçə şəhərindən dəmir yolu ilə yüklərin daşınması həyata keçirilir. Azərbaycanın hazırda Zəngəzur dəhlizi ilə bağlı iş apardığını diqqətə çatdıran N.Xəlilov deyib ki, bu layihə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq və onun əhəmiyyətini daha da artıracaq.

Ticarət nümayəndəliyinin digər əməkdaşı İxtiyar Atalızadə Azərbaycanın turizm potensialına dair geniş təqdimat edib, son illər Azərbaycanda turizm sektorunda böyük inkişafın müşahidə olunduğunu, nəticədə mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı ilə ölkəmizin dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrildiyini deyib. Bildirib ki, Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa uçuşlar, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çinli turistlərin Azərbaycana səyahətini asanlaşdıran amillərdəndir.

İ.Atalızadə ötən ilin Çindən Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artımın olduğunu və pandemiyadan əvvəlki səviyyəyə çatdığını bildirib.

Tədbirdə Ciansu əyalətinin iqtisadiyyatına, xarici ticarət əlaqələrinə, bölgədəki iri şirkətlərin fəaliyyətinə, Azərbaycan ilə potensial əməkdaşlıq sahələrinə dair təqdimatlar olub, Nankində açılacaq “Azərbaycan Ticarət Evi”nin operatoru olan “Silk Road Jiapin International Trade” şirkəti ilə “Hua 'an Baima Lake Liqour Industry” şirkəti arasında ticarət sövdələşməsi imzalanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Nankin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
azertag.az

10Mənbələr