AZ

Akif Nağı: Biz Ermənistanla qarşıdurmada maraqlı deyilik

Lakin Qərb kimisə silahlandırıb üzərimizə göndərirsə, onun da bədəlini ödəyəcək
 
“Prezident Şuşa zirvəsində növbəti dəfə Azərbaycan reallıqlarını, yürütdüyü siyasi kursu, dəyişməz mövqeyini, humanizm prinsiplərini dünyaya nümayiş etdirib”
 
 
 Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Ölkə başçısı Şuşadakı çıxışında bir çox vacib məqamlara toxundu. Şanlı zəfərə gedən yolda Azərbaycanın əldə etdiyi uğurlardan, həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs etdi. Qəhrəman Azərbaycan ordusunun müharibədə böyük şücaət göstərdiyini, Azərbaycan xalqının vahid yumruq kimi birləşərək şanlı tarix yazdığını xüsusi vurğulayıb.  
 Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin çıxışındakı bəzi mesajlar Ermənistana, bu ölkənin havadarlarına, Ermənistanın cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi mesaj və xəbərdarlıq kimi qiymətləndirilib.
 Belə ki, Amerika səfirinin “diplomatik cığallığı”ndan tutmuş, erməniləşmiş Fransanın hərəkətlərinə xəbərdarlığadək və ya sərhədlərin hansı yolla müəyyən edilməsindən, revanşizmə hazırlıq istəyində olanların son aqibətinin necə olacağınadək çox məsələlərə toxunub.
Azərbaycan Prezidenti çıxışında vaxtilə Minsk qrupunun üzvü olmuş Amerika və Fransanın hərəkətlərinə də qiymət verdi, eyni zamanda xəbərdarlıq etdi. Dövlət başçısı bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə, yox torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların fəaliyyətsizliyi təsadüfi deyildi və məsələni həll etmək istəmirdilər. Çünki bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin.
 Prezident sözlərinə davam edərək bildirir ki, bu gün də baxın bizə qarşı Fransa və Amerika əsas rol oynayırlar, xüsusilə də Fransa. Dövlət başçısının xəbərdarlığını isə olduğu kimi təqdim edirəm: “…Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik…”

 Prezidentin Şuşadakı çıxışını yüksək dəyərləndirən Azad Vətən Partiyasının sədri Akif Nağının “Sherg.az”a açıqlamasına görə, İlham Əliyev Şuşa zirvəsində növbəti dəfə Azərbaycan reallıqlarını, yürütdüyü siyasi kursu, dəyişməz mövqeyini, humanizm prinsiplərini dünyaya nümayiş etdirib. AVP sədrinin fikrincə, Ermənistan və havadarları Prezidentin çıxışından ciddi nəticə çıxarmalıdır:
 “Prezident çıxışında ilk olaraq II Qarabağ müharibəsinə toxundu. Bildirdi ki, biz torpaqlarımızın, o cümlədən Şuşanın işğal altında qalması ilə barışmamışdıq və illərdir, bunun üçün hazırlaşırdıq, iqtisadiyyatımızı gücləndirir, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi isə torpaqlarımızı öz canı-qanı bahasına alan yeni gənc nəsil yetişdirirdik. Və bu gün belə möhtəşəm qələbənin əldə olunmasında, ilk növbədə, şəhidlərimizə, qazilərimizə borcluyuq”.
 
Fransa və Amerika kimi ölkələrin ünvanına səsləndirilən fikirlərə gəldikdə isə A.Nağı deyib ki, yaşadığımız regionda kifayət qədər geosiyasi vəziyyət formalaşıb:
 “Cənubi Qafqazda maraqları kəsişən dövlətlər digər region dövlətlərində gərginlik yaratmaq cəhdlərinə zaman-zaman nail olurlar. Azərbaycan dövləti isə buna imkan vermədiyi üçün təhdid-təzyiq xarakterli çıxışlar edir, Azərbaycanı beynəlxalq təşkilatlarda müzakirəyə qoyur və haqqımızda ədalətsiz  qətnamələr qəbul edirlər. Bütün bunlar Azərbaycanın iradəsinə təsir etməsə də, həmin dövlətlərlə siyasi gərginliklərə səbəb olur. Azərbaycanla  təhdid dili ilə danışmağın mümkünsüz olduğunu görəndə isə 30 il bizimlə müharibə şəraitində yaşamış, torpaqlarımızı işğal altında saxlamış Ermənistanla siyasi ittifaqa girib, onların silahlandırılması və maliyyə yardımları ayrılması kimi yollara əl atırlar. Məqsəd isə bölgədəki qüvvələr və hərbi texnika disbalansının  yaradılmasıdır. Xüsusən də, Fransa açıq şəkildə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyir və Ermənistanı silahlandırır. Son zamanlar Fransa Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyinə ABŞ-ni də alət edib. Ölkə başçısının da qeyd etdiyi kimi, biz  Ermənistanla qarşıdurmada maraqlı deyilik. Lakin Qərb kimisə silahlandırıb üzərimizə göndərirssə, onun da bədəlini ödəyəcək. Bizim istənilən dövlətin planlarını pozmaq üçün mövqeyimiz və gücümüz var”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
sherg.az

1Mənbələr