AZ

Azərbaycanda zəlzələ ilə bağlı açıqlama – Bundan qaça bilməyəcəyik… – FOTO

Xəbər verildiyi kimi, mayın 11-də Lənkəranda qısa fasilə ilə iki dəfə güclü zəlzələ baş verib. Birinci zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub. Rayonda 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Lənkəran sakinləri təkanların çox güclü olduğunu və buna görə qorxduqlarını bildiriblər. Yaşlı sakinlərdən biri isə qeyd edib ki, 50 ildir belə zəlzələ görməyib.

Xoşbəxtlikdən canlı itki və dağıntı olmayıb. Bununla belə, təkcə bölgə sakinlərini deyil, ümumiyyətlə, Azərbaycan əhalisini belə bir sual düşündürür: bu, daha güclü yeraltı təkanın xəbərçisi ola bilərmi? Qonşu İranda, Türkiyədə tez-tez baş verən zəlzələlərin Azərbaycanla nə dərəcədə bağlılığı var?

7Times.az  xəbər verir ki. Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı:

“Əvvəlki müsahibələrimdə də bildirmişdim ki, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlər olacaq. Hətta qeyd etmişdim ki, 4.5- 5.5 maqnitudalı zəlzələlər baş verəcək. Lənkəranda baş verən zəlzələ bunun təzahürüdür. Təbii ki, bu cür zəlzələlər il boyu davam edəcək. Biz hiss olunan zəlzələlərdən qaça bilməyəcəyik. Çünki biz bir dövriliyi yaşayırıq. Seysmik və tektonik aktivliyi yaşayırıq. Azərbaycanda bir neçə seysmik aktiv olan bölgə var. Bu ərazilər bir-biri ilə əlaqədar olaraq təkan rolunu oynayır. Misal üçün, Lənkəranda baş verən zəlzələ ocağında daha güclü zəlzələlərin olması nəzəri baxımından gözlənilmir. Amma qonşu ocaqlarda aktivləşmə müşahidə oluna bilər. Bu, birtərəfli baxışdır”.

“Qonşu ölkələrdə tez-tez baş verən zəlzələlərin Azərbaycanla nə dərəcədə bağlılığı var” sualına gəlincə isə seysmoloq dedi ki, ölkəmiz böyük meqatektonik zonada yerləşir: “Türkiyə, Azərbaycan, İran və Xəzər dənizi boyu ərazilər Türkmənistana tərəf böyük bir meqatektonik bölgədir. Bu nəhəng bölgədə müxtəlif kiçik və irihəcmli qırılmalar, pozuntular mövcuddur və bunlar bir-biri ilə əlaqədardır. Ola bilməz ki, qonşuda böyük həcmli qırılmalar baş versin, amma Azərbaycandan bu yan keçsin. Bu, fizika qanununa da ziddir. Təbii ki, qonşu bölgələr digər sərhəddə olan seysmik və tektonik bölgələri daha da silkələndirir. Nəticədə Azərbaycanda davamlı olaraq bu il seysmik aktivlik müşahidə edəcəyik, bu, qaçılmazdır”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə jurnalistlərə açıqlamasında bildirib ki, Lənkərandakı zəlzələ nəticəsində elə dağıntılar yoxdur. Ən keyfiyyətsiz tikinti materialları olan çay daşlarından tikilmiş evlərdə müəyyən çatlar var.

Onun sözlərinə görə, güclü zəlzələnin baş verməsi ehtimalı yoxdur: “Biz analiz etdik ki, ayrılan enerjinin gücü nə qədərdir. Əhaliyə də müraciət etdik ki, narahat olmasınlar. Lənkərandakı zəlzələdən sonra çoxlu afterşoklar qeydə alınıb. Lakin bunların içərisində 4,4 bal olan hiss edilib. Hazırda zəlzələnin təkrarlanması ilə bağlı qorxu yoxdur və güclü zəlzələ gözlənilmir”.

Qeyd edək ki, ötən gün dünyada bir neçə ərazidə güclü zəlzələ olub. Rusiyada Baykal gölü ətrafında 6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Vahid Geofizika Xidməti bildirir ki, yeraltı təkanlar Ulan-Udedə 4 bal, İrkutskda isə 3 bala qədər hiss olunub. Dağıntı və insan tələfatı yoxdur. Eyni zamanda Sakit okeanın sahilində – Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub. Milli Seysmologiya, Vulkanologiya, Meteorologiya və Hidrologiya İnstitutunun (INSIVUMEN) məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Qvatemalanın bir neçə şəhərində infrastruktur obyektlərinə zərər verib, avtomobil yolları və binaların uçması qeydə alınıb. İnsan tələfatı barədə məlumat yoxdur. Zəlzələnin episentri San-Markosun təxminən 90 kilometrliyində 25 kilometr dərinlikdə olub. Yeraltı təkanlar yerli vaxtla saat 05:39-da baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
13
7times.az

10Mənbələr