AZ

“Bu üzdən də premyer-liqanın maraqlı olduğunu düşünürəm” - “Professor” çempionluq uğrunda daha çox komandanın mübarizə aparmasını istəyir

Azərbaycan futbol tarixinə “professor” ləqəbi ilə düşən veteran futbolçu Mahmud Qurbanov 51 yaşını tamamladı.

Zəngin oyunçu karyerasına sahib olan mütəxəssis, demək olar ki, formasını geydiyi hər komandanın heyətində kubok, mükafat sahibi olmağı bacarıb. Çıxış etdiyi komandalarla 19 titula yiyələnmiş futbol adamı bu sahədə liderliyini hələ də qoruyur. Dövrünün “Kəpəz”, “Neftçi”, “İnter”, “Xəzər-Lənkəran”, “Bakı” kimi klublarının heyətində top qovuş “professor”un məşqçi karyerası isə gözlənilən qədər uğurlu olmadı. Sonuncu iş yeri “Səbail” olan çalışdırıcının həm doğum gününü təbrik etdik, həm də bu fürsətdən istifadə edib, bəzi mövzular ətrafında söhbətləşdik.

- Müsahibəmizə ənənəvi sualla başlayaq. Hazırda Mahmud Qurbanov nə işlə məşğuldu?
- Hələ ki heç bir işlə məşğul olmuram. Sakitlikdi.

- Doğum gününüzdə köhnə-yeni dostlardan kimlər sizi yada saldı?
- Dostlar, tanışlar, doğmalarım-əzizlərim zəng edib, təbrik etdilər.

- Belə fikir var ki, Mahmud Qurbanovun ayağı düşərlidi və zamanında formasını geydiyi hər komanda titul qazanıb. Bu fikrə reaksiyanız necədi?
- Bu suala cavab vermək mənim üçün çətindi. Çünki futbolçu olduğum dönəmdə mənə ehtiyac duyan komandanın heyətində olmuşam. Bilmirəm, yəqin xoşbəxtlikdəndi ki, kuboklar, çempionluqlar qazanmışam. Bu təkcə mənim yox, futbolçu dostlarımızla birlikdə hamımızın əməyidi. Ona görə də bu barədə bir söz söyləmək mənim üçün çox çətindi.

- Ölkə futbolunun indiki durumu sizi qane edirmi?
- Çempionat həqiqətən maraqlıdı. Sonluq isə daha da maraqlı keçir. Baxmayaraq ki, “Qarabağ” çempionluğu 8 tur öncədən rəsmiləşdirib, ancaq avrokuboklara vəsiqə qazanmaq uğrunda gərgin mübarizəyə şahidlik edirik. Hazırda dörd klub - “Sabah”, “Zirə”, “Sumqayıt” və “Neftçi” avrokuboklara yollanmaq üçün çalışır. Bu üzdən də premyer-liqanın maraqlı olduğunu düşünürəm. Hesab edirəm ki, çempionatın sonuncu turuna qədər bu rəqabət davam edəcək. Premyer-liqada, sadəcə, bir şey yaxşı deyil ki, Ağdam təmsilçisi vaxtından əvvəl böyük xal fərqiylə çempion oldu. Yəni bu mövsüm çempionluq uğrunda mübarizədə “Qarabağ”a rəqib tapılmadı. Lakin ümumi dəyərləndirsək, yaxşı keçir.

- “Qarabağ”dan söz düşmüşkən, Ağdam təmsilçisi qalan komandalardan aşkar şəkildə bir baş üstündü. Bunu həm ölkədəki, həm də Avropadakı çıxışıyla sübut etdi. Sizcə, digər komandalarımızın “Qarabağ”ın səviyyəsinə çatmaq üçün nə qədər zamana ehtiyacı var?
- “Qarabağ” cari mövsüm ərzində həm ölkə çempionatında, həm ölkə kubokunda, həm də Avropa Liqasında çox uğurlu çıxış edib, güclü komanda olduğunu göstərib. Hər halda, turnir cədvəlindəki xal durumuna baxanda da görünür ki, bu mövsüm çempionluq yolunda “köhlən atlar”la mübarizə apara biləcək rəqib olmadı. Düşünürəm ki, cari “futbol ili” Ağdam təmsilçisi üçün çox uğurludu. İstəyərdim ki, 12-15 il əvvəl olduğu kimi, yenə üç-dörd komanda çempionluq uğrunda mübarizə aparsın. Görünən odu ki, bundan ötrü çalışmaq lazımdı. Şübhəsiz, “Qarabağ” bu il çox güclüdü və bu da oyunlarında təsdiqini tapdı.

- Göründüyü kimi, cari mövsümdə avrokuboklara vəsiqə qazanmaq uğrunda gərgin mübarizə gedir. Bəs Avropaya can atan komandalar arasında ən şanslısı hansıdı?
- Həmin komandaları az öncə sadaladım, hər birinin şansı var. Çünki onların öz aralarındakı xal fərqi azdı. Həmçinin sözügedən komandalardan bəziləri qarşıdakı turlarda bir-biriylə də görüşəcək. Bu üzdən də heç bir komandanın adını çəkmək istəmirəm. Lakin hər 4 klubun yaxşı şansı var. İzləyək, görək, hansı komanda premyer-liqanı neçənci pillədə başa vuracaq. Ümumi dəyərləndirmə aparsaq, hamısının şansı bərabərdi.

- Ölkədə ən yaxşı infrastruktura və akademiyaya sahib klublardan biri olan “Qəbələ”nin artıq elitanı tərk etməsi barədə nə düşünürsüz?
- Hər halda, bu, “Qəbələ” üçün yaxşı deyil. Düşünürəm ki, bir klub üçün bu üzücü durumdu. Çünki bir il öncə “qırmızı-qaralar” Azərbaycan kubokunun sahibi oldu. Cari mövsümdə ölkəmizi avrokuboklarda təmsil etdi. İndi isə sonuncu pillədə qərarlaşıb. Hesab edirəm ki, Peşəkar Futbol Liqasının Əsasnaməsinə uyğun olaraq, sonuncu pilləni tutan komanda premyer-liqanı tərk etməlidi. Burda idman prinsipləri də qorunmalıdı. Çempionatımıza olan marağın da, imicin də artması üçün idman prinsiplərinin qorunması önəmlidi. Yəni baxmayaraq ki, klubun yaxşı nəticələri və yüksək səviyyəli infrastrukturu var. Fikrimcə, premyer-liqada sonuncu pilləni tutan klub elitanı tərk etməlidi.

- Legioner limitinin “7+4”dən “8+3”ə çevrilməsiylə bağlı fikirlər var idi...
- İndiki reallığa görə “7+4”ün daha ideal variant olduğunu düşünürəm.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
football-plus.az

1Mənbələr