AZ

Naxçıvanla Azərbaycan arasında dəhliz açılır - MÜHÜM AÇIQLAMA

Qarabağdakı keçmiş separatçıların qondarma “müdafiə naziri” olmuş, hazırda isə Ermənistanda Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan maraqlı açıqlama ilə çıxış edib. Qondarma rejimin sabiq "nazir"i Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanının yaradılmalı olduğunu bildirib. Babayan deyib ki, əsas problem demarkasiya yox, yol məsələsidir. 

Qeyd edək ki, Kalininqrad variantı Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməyə imkan verir. Bu variantda Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışına məruz qalmır, lakin bu yoldan istifadə edən üçüncü ölkələrin sərnişin və yüklərinə gömrük və sərhəd yoxlanışı tətbiq edilir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfiqarov bildirib ki, bunu özlüyündə müsbət addım kimi dəyərləndirmək olar: 

“Bu bərədə ilkin olaraq nəsə demək çətindir. Sadəcə, bu mövzuda bir müsbət məqam var. Ermənistan tərəfində yavaş-yavaş başa düşürlər ki, Azərbaycanın məqsədi ilk növbədə bölünmüş ölkəni birləşdirməkdir. Bu baxımdan hazırki məntiq ermənilərə yavaş-yavaş çatmağa başlayıb. Hesab edirəm ki, bu müsbət istiqamətdə olan proseslərdi. Amma nunun nəticəsinin nədən ibarət olacağını demək çətindir. Hər halda bu məsələdə Azərbaycan çalışacaq ki, vaxtilə bolşevik Rusiya tərəfindən süni yaradılan bölünməni aradan qaldırsın. Bir zamanlar siyasi məntiqə zidd olan bu addımı ermənipərəst bəzi qüvvələr həyata keçirib”. 

Tofiq Zülfiqarlı sözügedən yola kimin nəzarət edə biləcəyi sualını isə belə cavablandırıb:

“İndiki mərhələdə konkret şərtlərin müzakirə edilməsini düzgün hesab etmirəm. Maksimal şəkildə neytrallıq təmin olunmalıdır. Ermənistanın həmin bölgəsində, demək olar ki, əhali yoxdur. Bir zamanlar Naxçıvanla Azərbaycan arasında olan yolu gedib-gələnlər yaxşı bilir ki, yolun yarısından çoxu, bəlkə də 70 faizi dağların arasındadır və yaşayış yoxdur. Bu baxımdan hesab edirəm ki, maksimal dərəcədə eksperietallıq prinsipinə riayət olunsa daha yaxşıdır”.

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
yenisabah.az

2Mənbələr