AZ

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən qazinin məhkəməsi başlayıb

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Bayram Aslanov və Rəşad Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Bayram Aslanov bildirib ki, ibtidai istintaq zamanı imzası saxtalaşdırılıb. Belə ki, o, heç bir sənədə qol çəkmədiyini məhkəmə heyətinin nəzərinə çatdırıb. Hakim Səbinə Məmmədzadə isə Bayram Aslanovun vəkilinə bununla bağlı vəsatətin təqdim edilməsindən sonra müzakirəyə çıxarılacağını qeyd edib.

Eyni zamanda, hər iki təqsirləndirilən şəxsin vəkili cinayət işində qanunsuzluqlar olduğu üçün materialın geri - ibtidai istintaq orqanına qaytarılmasını istəyib.

Dövlət ittihamçısı Ziya Mansurov isə cinayət işinin ibtidai istintaq orqanına qaytarılması ilə bağlı vəsatətin təmin edilməməsini istəyib. Daha sonra prokuror işin baxışa verilməsini təklif edib.

Qısa müşavirədən sonra iş baxışa verilib.

Məhkəmənin ilk baxış iclası mayın 16-na təyin edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İttiham aktına görə, zərərçəkmiş Şirin Abdullayev Bakı şəhərində bir neçə masaj salonunun sahibidir. Bayram Aslanovda bir müddət onun obyektlərində ofisiant, barmen, sonra isə Şirin Abdullayevin obyektlərindən birini icarəyə götürüb işlədib. Sonuncu dəfə isə Play sağlamlıq mərkəzində Şirin Abdullayevə obyekti partlatmaq məqsədi ilə qumbara çəkərək 50 min manat pul tələb edib.

Qeyd edək ki, təqsirləndirilən Bayram Aslanov əvvəllər 2 dəfə məhkum olunub, həmin cinayət işlərinin birindən isə bəraət alıb. Digər təqsirləndirilən 2-ci Vətən Müharibəsi qazisi Rəşad Quliyev isə əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
e-huquq.az

1Mənbələr