AZ

“Nədir, mən də Nazim Gədəbəyskiyəm?!”

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Bəydəmirli haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırılıb.

Bəydəmirli özü də vəkilinin vəsatətini müdafiə edib, ev dustaqlığına buraxılmasını xahiş edib: “Mənim nə qaçmaq, nə də istintaqdan yayımmaq fikrim var. Xahiş edirəm, humanizm göstərin”.

Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların aradan qalxmadığını deyərək vəsatətin təmin edilmədiyini elan edib.

Prosesin davamında prokuror ittiham aktını elan edib.

İttihamda deyilir ki, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesi ilə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib. Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə olaraq 70 min dollar pul verməsini tələb edib. Mürsəl İbrahimov isə həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib. Nazim Bəydəmirli isə az sonra Mürsəl İbrahimovu yenidən hədələyib və daha 50 min dollar pul tələb edib. Bu dəfə isə 30 min dollar alıb.

Bəydəmirliyə verilən digər ittiham isə özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC ilə bağlıdır. İttihamda göstərilib ki, eks-deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.

Nazim Bəydəmirli məhkəmədə ittihamları qəbul etmədiyini, təqsirsiz olduğunu deyib. Bundan sonra o, sərbəst ifadə verib, ittihamlara münasibət bildirib: “Kimisə kriminal aləmlə, ailəsi ilə hədələmək, ümumiyyətlə, mənlik deyil. Hikmət Sabirabadlı var idi, Rövşən Lənkəranski var idi, nədir, mən də Nazim Gədəbəyskiyəm?!”

“Avto-Qarant”ın rəhbəri ilə bağlı ittihama gəlincə, şirkətin səhmlərinin 30 faizini hərracda satın almışdım. Amma pay sahibi olmağıma baxmayaraq, Ədalət Bağırov məni şirkətə yaxın buraxmırdı. İllərlə sahib olduğu əmlakdan, onun gəlirlərindən istifadə edə bilməmişəm”.

Bəydəmirli ifadəsinin davamında deyib ki, onunla Ədalət Bağırov arasında mübahisə davam edən vaxt Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin gölə qızıl zavodundan zəhərli su axıdılmasına etirazları başlayıb. Onun sözlərinə görə, 2009-cu ildə həmin zavodun açılışında Gədəbəyin deputatı kimi iştirak edib. Bu səbəbdən Söyüdlü hadisələri hadisələri baş verəndə münasibət bildirib: “Bundan sonra bəzi KİV-lərdə mənimlə bağlı böhtanlar yaymağa başladılar. Mənim fəaliyyətimdə dövlətin, xalqın, prezidentin mənafeyinə zidd heç nə yoxdur. Mən indiyə qədər prezidenti tənqid belə eləməmişəm. Ümumiyyətlə, mənim dövlətimin, xalqımın qarşısında heç bir günahım yoxdur. Nə iqtidara aidiyyətim var, nə də müxalifətə. Müstəqil deputat olmuşam. Fəaliyyətimdə də nə varsa, hamısı şəffaflıqla bağlıdır”.

Növbəti iclasda Bəydəmirli tərəflərin suallarını cavablandıracaq.

Qeyd edək ki, N.Bəydəmirli 9 ay əvvəl iki nəfəri şantaj etmək ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər-İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb.

Sail Ağasəlim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
6
qafqazinfo.az

10Mənbələr