AZ

Gürcüstan və Ermənistanda baş verən OLAYLARIN ARXASINDA KİM(LƏR) DAYANIR?

Fuad Qəhrəmanlı: "Gürcüstandakı izdihamlı aksiyalar davamlı xarakter alarsa, o zaman bu, xalq inqilabı ilə nəticələnə bilər"

Şahin Cəfərli: "İvanişvili öz şəxsi taleyini dövlətin taleyi ilə birləşdirməyə, dövləti öz şəxsi maraqlarının müdafiəsi üçün zirehə çevirməyə çalışır"

Hazırda Cənubi Qafqazın iki ölkəsində, yəni Gürcüstan və Ermənistanda siyasi böhran yaşanır, desək yəqin ki, bir o qədər də yanılmış olmarıq. Çünki bu gün Gürcüstanda parlamentin hakim "Gürcü Arzusu" partiyasının təklif etdiyi "Xarici agentlər haqqında" qanun layihəsinin dəstəklənməsinə qarşı, Ermənistanda isə keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etirazla əlaqədar aksiya keçirilir. Qeyd edək ki, İrəvandan fərqli olaraq, əksər Qərb dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Gürcüstanda baş verənlərə görə, məhz iqtidarı qınayır və müxalifətə dəstək nümayiş etdirirlər.

"Moskva kilsəni də işə qatmaqla vətəndaş itaətsizliyi yolu ilə növbəti dəfə Paşinyanı devirməyə cəhd edir"

"Hürriyyət" xəbər verir ki, hazırda Gürcüstan və Ermənistanda baş verənləri Qərblə Rusiya arasındakı geosiyasi savaşının bir hissəsi kimi xarakterizə edən siyasi şərhçi Fuad Qəhrəmanlının fikrincə, Gürcüstanda Rusiyameyilli hakimiyyətlə Qərbə inteqrasiya tərəfdarı xalq, Ermənistanda isə demokratik hakimiyyətlə Moskvaya bağlı "5-ci kolon" arasında gərginlik getdikcə dərinləşir: "Bu gün baş verənlər Putinin Cənubi Qafqazda revanş cəhdidir və Qərbin Ukrayna savaşının nəticələrini gözləmədən regionda geosiyasi nəzarəti almaq planlarına qarşı Rusiyanın əks həmləyə keçdiyini göstərir. Ona görə də səhnədə kimlərin olmasından asılı olmayaraq, pərdə arxasında geosiyasi savaş aparan Qərb və Rusiya var. Bu gün Gürcüstanda baş verənlər həm də ona görə önəmlidir ki, əgər İvanişvili "Xarici agentlər" haqqında qanunu qəbul etdirib hələ üstəlik oktyabrda keçiriləcək seçkilərdə hakimiyyətdə qala bilsə, o zaman Paşinyan hakimiyyətini Avrointeqrasiya kursuna görə təkcə Azərbaycan vasitəsilə ilə təhdid etməyə gərək qalmayacaq, Rusiya Ermənistanın Qərbə çıxış yolunu nəzarətə götürməklə öz təzyiq imkanlarını xeyli gücləndirə biləcək. Bu həm də Qərblə kəskin gərginlik yaşayan Azərbaycan hakimiyyətinə də nəfəs dərmək imkanı verəcək və Avropanın başı bir müddət üçün Gürcüstan və Ermənistanda qarışacağına görə, daha Bakı ilə o qədər də dərinə getməyə ehtiyac qalmayacaq. Çünki bu halda Rusiyanın müqaviməti həm də geosiyasi səbəblərdən qabaran insan haqları mövzusunda basqıların effektivliyini zəiflədəcək".

Fuad Qəhrəmanlının sözlərinə görə, Gürcüstanda keçirilən 100 minlik etiraz aksiyası onu göstərdi ki, xalq birləşdirici müxalifət qüvvəsi olmasa da, Avrointeqrasiya ideyası ətrafında birləşərək vahid bir milli iradə meydana çıxara bilib: "Bu çox önəmli bir nəticədir və güclü müxalifət olmadan belə, xalqın siyasi proseslərdə aktiv subyekt kimi çıxış etməsinə imkan verir. Gürcüstan müxalifəti siyasi baxımdan zəif və dağınıq vəziyyətdədir, ortada parlaq bir lideri də yoxdur, bu şəraitdə onun seçkilərdə "Gürcü arzusu"na qalib gəlmək imkanları da o qədər yüksək deyil. Ancaq cəmiyyətdə siyasi bölünmənin Rusiya yanlılarla Avrointeqrasiya tərəfdadarları arasında getməsi, oktyabr seçkilərində İvanişvilinin mövqeyini əhəmiyyətli dərəcədə zəiflədərək onun vətəndaş cəmiyyətinin öncüllük etdiyi spontan xalq hərəkatına məğlub olması ehtimalını da xeyli dərəcədə artırır. Ancaq istisna edilmir ki, izdihamlı aksiyalar davamlı xarakter alarsa, bu heç oktyabrı gözləmədən xalq inqilabı ilə də nəticələnə bilər. Ermənistanda isə arxiyepiskop Baqrat Qalstyanın liderliyi ilə kilsə və müxalifətin birlikdə təşkil etdiyi Rusiyadan yönləndirilən "Vətən naminə Tavuş" hərəkatının 2 gün öncə keçirdiyi 20 minlik aksiya Paşinyan hakimiyyətinə qarşı indiyə qədər keçirilmiş ən kütləvi etiraz hesab olunur. Ancaq cəmiyyətdə nüfuzu yerlə sürünən müxalifət liderləri Köçəryan və Sərkisyan korrupsioner və Rusiyanın əlaltıları kimi tanındıqları, müharibə tərəfdarları kimi qəbul edildikləri üçün Avrointeqrasiya tərəfdarı olan erməni xalqı bu günə qədər onlara kütləvi dəstək verməyib. Ona görə də Moskva indi ermənilər arasında mühüm təsiri olan kilsəni də işə qatmaqla vətəndaş itaətsizliyi yolu ilə növbəti dəfə Paşinyanı devirməyə cəhd edir. Ancaq İrəvanda keçirilən etiraz aksiyalarına qatılanların sayında əhəmiyyətli azalma görünür. Son bir gün ərzində 50-dən artıq aksiya iştirakçısı isə yolları bağlamaq cəhdinə görə saxlanılıb. Kütləvi dəstəyinin azaldığını görən Qalstyan və dəstəsi ali məktəblərə gedib tələbələri kütləvi itaətsizliyə çağır, hakimiyyətin nəzarət edə bilməyəcəyi xaos durumu yaratmağa çalışırlar. Ancaq xalq bu kütləvi etiraz və itaətsizlik aksiyasına qatılmayacaqsa, o zaman bu yolla siyasi böhran yaratmaq və Paşinyanı kütlə gücü ilə istefaya məcbur etmək də mümkün olmayacaq".

"Paşinyanı "5-ci kolon"un əli ilə onu devirmək üçün planlar quran Putinin arzusu bu dəfə də baş tutmayacaq"

Siyasi şərhçinin qənaətincə, Qarabağ savaşında Azərbaycana məğlub olmuş erməni xalqı Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına həm də ona görə maraqlı deyil ki, onu əvəz edəcək "5-ci kolon"u təmsil edən müxalifətin hakimiyyətə gəlişi yeni müharibə təhlükəsi yaradır, bu isə insanları qorxudur: " Baqrat Qalstyanın üzdə liderlik etdiyi hərəkatın həm də ona görə uğur qazanmaq şansı yoxdur ki, indi Ermənistanda siyasi seçim müharibə tərəfdarları olan revanşistlərlə sülh istəyən Paşinyan arasındadır və müharibədən qorxan erməni xalqı da indiki hakimiyyətin qalmasında maraqlıdır. Ona görə də Moskvadakı görüşdə Paşinyanla razılaşıb, sonra da "5-ci kolon"un əli ilə onu devirmək üçün arxada planlar quran Putinin arzusu bu dəfə də çox böyük ehtimalla baş tutmayacaq".

"Milli iradə ilə hesablaşmayıb, sərt rejim bərqərar edərək ölkənin üzünü yenidən şimala çevirmək mümkün ehtimal kimi görünmür"

"Gürcüstanda keçirilən Avropa Marşı müstəqillik dövrünün ən izdihamlı aksiyası kimi yadda qalacaq" deyən siyasi şərhçi Şahin Cəfərli isə qeyd edib ki, Avrointeqrasiya əhalinin 90 faizi tərəfindən dəstəklənən milli ideyaya, həqiqi mənada gürcülərin arzusuna çevrildiyi halda, "Gürcü Arzusu"nun bu ümummilli hədəfi sabotaj etməyə yönəlmiş siyasətinin rasional tərəfi yoxdur: "Müxalifətin çoxlu zərrəciklərə parçalandığı, Vahid Milli Hərəkatdan qompaların hələ də davam etdiyi bir şəraitdə "Gürcü Arzusu"nun oktyabrdakı seçkiləri də udmaq şansı var. Belə olan halda, Rusiyadakının analoqu olan axmaq bir qanun layihəsini qəbul edib, Putin rejimi mənsublarının ritorikası ilə danışaraq xalqı və Qərbi öz üzərinə qaldırmaq hökumətin nəyinə gərək? Bu, hökumətə, hakim partiyaya yox, yalnız bir nəfərə lazımdır. Görünən odur ki, Qərb üçün Bidzina İvanişvilinin istifadə müddəti başa çatıb. Avropa Birliyinin üzvlük üçün Gürcüstanın qarşısında qoyduğu 9 şərtdən biri deoliqarxizasiya aparılmasıdır. Tərcüməsi budur ki, dövlət üzərində İvanişvilinin hüdudsuz hakimiyyətinə tam şəkildə son qoyulmalıdır. Qoca oliqarx isə buna qarşı özünümüdafiə mexanizmi qurur və bədnam qanun layihəsi də bu məqsədə xidmət edir. Bir tərəfdən Avropa Birliyi və dəyərlərinə qarşı ağzına gələni söyləyib, sonra sanki özü qərar verəcəkmiş kimi "Gürcüstan 2030-cu ildə mütləq Avropa Birliyi üzvü olacaq" demək xalqın zəkasını ələ salmaqdır".

Şahin Cəfərli hesab edir ki, İvanişvili öz şəxsi taleyini dövlətin taleyi ilə birləşdirməyə, dövləti öz şəxsi maraqlarının müdafiəsi üçün zirehə çevirməyə çalışır və bu gün faktiki olaraq, Gürcüstanı girov götürüb: "Xalq isə yaranmış tarixi şansı bir nəfərin hikkəsinə qurban vermək istəmir. Bu gün meydana toplaşan yüz minlərin hamısı müxalifətçi deyil, belə təqdim etmək heç hakimiyyətə də sərf eləməz. Bu, milli iradənin təcəssümüdür. Bu iradə ilə hesablaşmayıb, sərt rejim bərqərar edərək ölkənin üzünü yenidən şimala çevirmək mümkün ehtimal kimi görünmür".

Vazeh BƏHRAMOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
297
50
hurriyyet.az

10Mənbələr