AZ

Biz, bizim olanı döyüş meydanında, öz gücümüz, qüdrətimiz sayəsində əldə etdik!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edildikdən sonra ilk dəfə Şuşa şəhərinə köçən şuşalılarla görüşü tarixi bir hadisədir. Şuşa şəhərinin işğaldan azad edilməsi, 44 gün davam edən Vətən Müharibəsində dönüş nöqtəsi və müharibənin taleyini həll edən bir hadisə oldu.

Bəli Şuşanın azad edilməsi ümumən əzilmiş qürurumuzun, hüququmuzun bərpası idi. İgid, qəhrəman oğullarımız Şuşa şəhərini azad edərkən elə bir qəhrəmanlıq səlnaməsi yazdılar ki, hələ uzun müddət bu döyüş, bu hərbi taktika hərb tarixində araşdırılıb-öyrəniləcəkdir. Həmin günlər çox qürurverici idi.

Çünki biz, bizim olanı döyüş meydanında, öz gücümüz, qüdrətimiz sayəsində əldə etdik. Həmin ana qədər düşmən elə düşünürdü Azərbaycan xalqı artıq ona məxsus olanı unudub və bu acı reallıqla barışıb. Əlbəttə ki, düşmən yanılırdı, bu əsla ola bilməzdi. Heç şübhəsiz düşmən bu torpaqların əsl sahibinin kim olduğunu da gözəl bilirdi. Əgər belə olmasaydı 30 ilə yaxın müddətdə əsir saxladığı yurdlarımızı viran qoymaz, dövlətimiz kimi həmin ərazilərdə abadlıq-quruculuq işləri həyata keçirərdi. Amma onlar bunu etmədilər. Etmədlər ona görə ki, bir gün onlara məxsus olmayan torpaqların öz əzəli sahiblərinə geri qayıdacağını yaxşı bilirdilər. Bəli, bu gün məhz həmin gündür. Dövlətimizin qüdrəti, iqtisadi gücü sayəsində həmin ərazilərin hər qarışında geniş miqyaslı yenidənqurma işləri həyata keçirilir. Bu çox qürurvericidir. Əzəli torpaqlarımız, o, cümlədən Qarabağımızın mədəniyyət beşiyi sayılan doğma Şuşamız əvvəlki əzəmətindən də gözəl hala gətirilib. Qeyd edək ki, aparılan işlər ölkəmizin öz imkanları hesabına icra edilir. Bu, həm də ölkəmizin iqtisadi gücünün göstəricisidir. Bir il ərzində Şuşa şəhərində 450 nəfərin yaşaya biləcəyi yaşayış kompleksi inşa edilərək, doğma şuşalılarımızın istifadəsinə verildi.

Bu proses davamlı olacaqdır. Ölkə başçısı cənab İlham Əliyev Şuşa şəhərinə səfəri zamanı, əlamətdar bir gündə Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günündə növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdi.

Dövlət başçısının bu proseslərə şəxsən nəzarət  etməsi, həm bu prosesin sürətləndirilməsinə, həm də işlərin daha effektiv aparılmasına zəmin yaradır. Düşmən işğal altında saxladğı 30 ilə yaxın bir müddətdə Şuşanı erməniləşdirməyə çalışsa da buna nail ola bilmədi. Bu gün Azərbaycanın şanlı üçrəngli bayrağı sərhədlərimiz daxilində bütün torpaqlarımızda dalğalanır və bu bizlər üçün çox qürurvericidir. Bununla da bütün dünyaya bəyan edirik ki, bu torpaqlar bizə məxsusdur və bizlər bu torpaqlarda əbədi yaşayacağıq.

İlqar Həsənov;
Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
baku.news

1Mənbələr