AZ

Yuxusuzluğun yaratdığı FƏSADLAR - Həkimdən XƏBƏRDARLIQ!

İnsan normal yuxu aldıqdan sonra özünü gümrah və enerji dolu hiss edir. Əksinə, kifayət qədər yatmayanda isə gün ərzində yorğun və halsız olur, diqqətini cəmləməkdə çətinlik çəkir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən terapevt Nahid Məhərrəmov deyib ki, yuxu zamanı orqanizm enerjini bərpa edir və immuniteti artırır. Onun sözlərinə görə, yuxu zamanı immunitet sistemimiz orqanizm üçün çox faydalı olan müəyyən zülallar ifraz edir və nizamlı, keyfiyyətli yuxu almadıqda, bu zülallar yetərli qədər olmur:

 

“Gündüz yatmağın faydaları gecə yatmağı əvəz etmir. Gecə vaxtı insan orqanizmi yuxu hormonu deyilən melatonin hormonunu ifraz edir. Melatonin yalnız tam qaranlıqda və çox qısa müddətdə - 23.00-dan 01:00-a qədər ifraz olunur. Bu hormon orqanizmdə hüceyrələrin yenilənməsini, bioloji saatı, yuxu ritminin və bədən istiliyinin tənzimlənməsini, immun sisteminin yüksəlməsini təmin edir. Yuxusuzluq zamanı isə insanlar yuxuya gedə bilmir və ya dərin yuxu yata bilmir. Şikayətləri adətən qısa zamanda yuxuya gedə bilməmək, yata bilsələr belə tez-tez oyanmaq və yuxunu davam etdirə bilməməkdən ibarət olur. Bir həftəyə qədər davam edən yuxusuzluq kəskin və ya keçici, bir həftə ilə üç aya qədər - yarımkəskin, üç aydan artıq davam edərsə, xronik yuxusuzluq adlanır. Yuxusuzluq xəstəliyi olan insanlar oyandıqdan sonra özlərini yorğun hiss edirlər. Yuxusuzluq təkcə enerji səviyyənizi və əhvalınızı deyil, həm də sağlamlığınızı və həyat keyfiyyətinizi azalda bilər”.

 

Mütəxəssis deyib ki, yuxusuzluğun səbəbləri müxtəlif ola bilər:

 

“Ən çox təsir edən psixoloji amillər (narahatlıq, stress), endokrin səbəblər (hipertiroidizm, klimakterik), kofeinli içkilər, narkotik maddələr, alkoqollu içkilər, sosial amillər və s. Yuxunun kifayət qədər olmaması insan orqanizminin infeksiyalara qarşı həssaslığının nəticəsi ola bilər. Orqanizmi patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sistemimizin düzgün istirahətə ehtiyacı var. İnsan orqanizmini patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sistemimizin də rahat və dolğun yuxuya ehtiyacı var. Yuxusuzluq, həmçinin immun sisteminin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur, insan orqanizmini həssas edir və müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Yetərsiz yuxu həm də artıq çəki, piylənmə və diabet riskini artırır. İnsulin hormonu qanda şəkərin normada qalmasına xidmət edir. Ancaq yuxusuzluq bu prosesi pozur. Gecə 4-5 saat yatan insanların əksəriyyətində insulin müqavimətinin artması müşahidə olunur. Nəticədə isə 2-ci tip diabet əmələ gələ bilər, və digər hormonların da ritmi pozulur”.

 

N.Məhərrəmov qeyd edib ki, yuxusuzluğun müalicəsində əvvəlcə bunun səbəbini araşdırmaq lazımdır:

 

“Yuxusuzluğun səbəbi hər hansı bir xəstəlikdirsə, o zaman diqqətinizi həmin xəstəliyin müalicəsinə yönəltməlisiniz. Bəzən xəstələr həkim tövsiyəsi olmadan müxtəlif yuxugətirici vasitələr istifadə edirlər. Bu cür yanaşmalar zamanla müxtəlif problemlərə gətirib çıxarır. Yuxusuzluğu aradan qaldırmaq üçün yuxu və oyaqlıq balansının nizamlanması, aktiv həyat tərzi, təmiz havada gəzinti olduqca vacibdir. Həmçinin, son qida qəbulunun yatmazdan ən azı 3-4 saat əvvəl olması tövsiyə olunur”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
sfera.az

4Mənbələr