AZ

Azərbaycanın multikulturalizm nümunəsi

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

Heydər ƏLİYEV

Multikulturalizm Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi qəbul olunur. Siyasi və hüquqi sahələrdə multikulturalizmin dil və milli xüsusiyyətləri sənədlərlə təsdiq edilir. Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunması demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqlarını ehtiva edir. Ölkəmiz insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Belə konvensiyalardan “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”nı göstərmək olar. Bu konvensiya Azərbaycan hökuməti tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir. Azərbaycanda multikultural mühit əsrlər boyunca mövcud olmuşdur. Təbii şəkildə yayılmış bu hərəkat müəyyən dövrlərdə dövlət himayəsinə alınmış, dövlət siyasətinin prioritetinə çevrilmişdir. Ayrı-ayrı xalqların, etnik qrupların birgə, yanaşı yaşadığı bu diyarın əsas xüsusiyyəti öz fəlsəfi fikir tarixini, ədəbiyyatını, incəsənətini inkişaf etdirməklə bağlı olmuşdur. Azərbaycan tarixən sülhsevər dövlət kimi tanınmış, qonşu dövlətlərlə, xalqlarla aydın siyasi münasibətlər qurmuş, onlarla dostluq əlaqələrini genişləndirmişdir. Bu siyasətin içində multikultural dəyərlər, xüsusi yer tutmuşdur. Multikultural dəyərlər Azərbaycanın daxili siyasi həyatına xüsusi rəng qatmış, onun mədəni inkişafının prioritetinə çevrilmişdir. Bu, zaman-zaman davam etmiş, təbii şəkildə dövlətin mədəni qatında oturuşmuşdur. Burada azsaylı xalqların hüquqlarının qorunması, onların mədəni müxtəlifliklərinin inkişafı birbaşa milli təhlükəsizlik məsələsi kimi daim gündəmdə olmuşdur. Azərbaycanın ictimai hərəkatında, siyasi tarixində, dövlət quruculuğunda, elm, mədəniyyət, incəsənət sahəsində etnik qrupların özünəməxsus rolu olmuş, iqtisadi-siyasi tərəqqidə fəallıq göstərmişlər. Bütün bunlar dövlət siyasətinin tərkib hissəsi kimi formalaşmış, ictimai inkişafın aparıcı amilinə çevrilmişdir. Azərbaycanda yaşayan icmalar, ayrı-ayrı etnik qruplar bir-birinə münasibətdə hər cür qalmaqaldan uzaq olmuş, sülh və əmin-amanlıq şəraitində yaşamışlar.

Hələ qədim dövrlərdən klassik ədəbiyyatımızın mövzusu, məzmunu (başlıca olaraq, ruhu) humanizm, insanpərvərlik, ədalət, bəşəri sülh və əmin-amanlıq üstündə qərar tutmuşdur. Şairlərimiz, mütəfəkkirlərimiz bütün əsərlərində multikultural ideyalar irəli sürmüş, dünyaya tolerant fikirlər ünvanlamışlar. Azərbaycan multikulturalizminin hüquqi və siyasi cəhətdən təkmilləşməsi, yeni biçimdə təzahürü, cəmiyyətə hopub hərtərəfli inteqrasiya etməsi, gündəlik həyat və fəaliyyət normasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan dövlətinə rəhbərliyi dövrünə təsadüf edir. Onun hər çıxışı, irəli sürdüyü tezislər Azərbaycan multikulturalizminin yeni dövrdə formalaşmasında nəzəri-ideya mənbəyi rolunu oynayır, bu işin siyasi əsaslarını təşkil edirdi.

Ulu Öndər deyirdi: "Azərbaycanın bütün vətəndaşları qəti əmin ola bilərlər ki, onların hüquqları eyni dərəcədə qorunacaq, onlar müdafiə ediləcəklər. Azərbaycan prezidenti kimi mən dilindən və dinindən asılı olmayaraq hər bir adamın, hər bir vətəndaşın hüquqlarının təminatçısıyam”.

Müstəqillik dövründə ilk Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması zamanı Heydər Əliyev ölkədə multikultural mühiti qorumaq, tolerant əhval-ruhiyyəni əbədi bərqərar etmək üçün xüsusi maddələr işlənib hazırlanmasına göstəriş verdi. 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş müstəqillik dövrünün ilk Konstitusiya Aktının bir sıra maddələrində, xüsusilə,“Din və dövlət” (Maddə 18, bənd 1), “Dövlət dili” (Maddə 21, bənd 2), “Bərabərlik hüququ” (Maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (Maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (Maddə 45, bəndlər 1, 2), “Fikir və söz azadlığı” (Maddə 47, bəndlər 1, 2, 3), “Vicdan azadlığı” (Maddə 48, bəndlər 1, 2) kimi maddələrdə tolerantlıq ruhu hüquqi dəqiqliklə təsbit olunmuşdur. Multikultural təhlükəsizlik prinsipiylə yanaşdıqda bu maddələrin hər biri imperativ hüquqi yükə malikdir. Məsələn, “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddədə göstərilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Yaxud, “Fikir və söz azadlığı”nda (Maddə 47, bənd 3) deyilir: “İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.

Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətində prioritet istiqamət kimi mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun əsasında insana məhəbbət, mənəvi duyğular, öz ölkəsini dünya çapında tolerant ölkə kimi tanıtmaq və insan hüquq və azadlığını təşviq etmək kimi bəşəri dəyərlər dayanır. İlham Əliyev Ulu Öndərin vəsiyyətlərinə uyğun olaraq öz fəaliyyətini humanist tendensiyada qurur, insan hüquqlarının, şəxsiyyət azadlıqlarının təmin edilməsi istiqamətində milliyyətindən, dilindən, dini etiqadından asılı olmayaraq, hamıya eyni mövqedən yanaşır, insanlara saf, təmiz niyyətli münasibət göstərir, onların himayəçisi, qoruyucusu funksiyasını yerinə yetirir. İlham Əliyevin bu humanist mövqeyi artıq regional, lokal müstəvidən çıxıb beynəlxalq, qlobal vüsət almışdır. Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında (26 aprel 2016-cı il) demişdir: “Gəlin alternativlərə nəzər salaq, onlar nədən ibarətdir? Bunlar çox təhlükəli alternativlərdir – ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət. Bu səbəbdən multikulturalizm dəyərlərinin gücləndirilməsi hesab edirəm ki, müasir siyasətin çox müsbət meyli olacaqdır. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfələrini verməlidirlər”.

Heydər Əliyev Fondunun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi istiaqməti xüsusi yer tutur. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan-tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. Bu layihələr Azərbaycan multikulturalizm modelinin dünyada tanıdılması və təbliğində, ölkəmizdə multikultural təhlükəsizliyin yaradılmasında müstəsna xidmətlərlə yadda qalmışdır. Fond, xeyirxah və bəşəri missiyasını uğurla davam etdirir, Azərbaycan multikultural mühitinin sağlamlaşdırılması naminə öz töhfələrini verməkdə davam edir.

Afət HƏSƏNOVA,

Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
redaktor.az

1Mənbələr