AZ

Azərbaycanda zəlzələ ilə bağlı məlumatlar əvvəlcədən mobil telefonlara göndəriləcək? - AÇIQLAMA

“Qeyd etmişdim ki, 2024-cü il seysmik və tektonik aktivlik baxımından fərqlənən bir il olacaq. Hətta bunu “super aktivlik” kimi qələmə verirdim. Son baş verən zələzələlər sanki bir növ dediklərimin təzahürü, nümunəsidir. Demişdim ki, hiss olunan zəlzələlər istisna deyil və “hiss olunan zəlzələlər” dedikdə 4-4.5, 5-5.5 maqnitudalı zəlzələləri nəzərdə tuturam. Azərbaycanda seysmik və tektonik aktivlik davam edəcək, 2024-cü ildə seysmik aktiv olan ərazilər silkələnəcək. Bu, qaçılmazdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri, professor Qulam Babayev deyib. 

 

Professor bildirib ki, hazırda seysmik və tektonik aktivləşmə dövrünü yaşayırıq: “Gördüyünüz kimi, seysmik baxımdan aktiv olan qonşu zonalar da silkələnir. İran, Xəzər dənizi, Türkiyə ərazisi... Gürcüstanda da zəlzələ oldu. Qeyd etmişdim ki, ola bilməz, həmin ərazilərdə silkələnmələr, titrəyişlər baş versin, amma Azərbaycanda olmasın. Bu, elementar fiziki qanuna da ziddir”. 

 

Q.Babayev Azərbaycanda son baş verən zəlzələlərdən sonra vətəndaşların zəlzələ ilə bağlı məlumatların əvvəlcədən mobil telefonlara göndərilməsi tələbinə isə belə münasibət bildirib: “Dünyada bu cür təcrübə var. Yaponiyada, İtalyada, Türkiyədə... Sadəcə, bunun üçün insanları maarifləndirmək lazımdır ki, təşvişə düşməsinlər. Bu səbəbdən təklif etmişdim ki, artıq seysmik riskin xəritəsini ərsəyə gətirməyin zamanı gəlib çatıb. Seysmik riskin xəritəsi üzərində, təbii ki, təkcə bir təşkilat işləməyəcək. Bir neçə təşkilat işləməlidir. Həmin xəritənin üzərində işləməklə əhali məktəb, universitetlər, hər hansı peşə məktəbləri vasitəsilə və s. maarifləndiriləcək”. 

 

Aytəkin Qardaşova 

Tarix: 14 May 2024, 09:56   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
pravda.az

1Mənbələr