AZ

Yaşı 70-i ötmüş deputatlardan kimlər seçkiyə gedir? - Sorğu

Növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmdədir. Konstitusiyaya görə, parlament seçkiləri 5 ildən bir noyabr ayının ilk ongünlüyündə keçirilməlidir. Bu ilin noyabrında ölkəmizdə COP29-la bağlı vacib tədbirlər keçiriləcək ki, bu da parlament seçkiləri ilə eyni vaxta təsadüf edir. Bu xüsusda parlament seçkilərinin vaxtının önə çəkiləcəyi, avqust-sentyabrda olacağı ilə bağlı fikirlər səslənir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da parlament seçkilərinin vaxtından əvvəl, yəni noybardan öncə keçirilməsini istinsa etməyib. Sözsüz ki, yeni seçkilər parlamentin tərkibi ilə bağlı da məsələləri aktuallaşdırıb. Parlamentdə kimlərin yenidən mandat alacağı, 70 yaşı ötmüş millət vəkillərinin yenidən seçilmək, Milli Məclisdə təmsil olunmaq şansları ilə bağlı açıq suallar var.

Teleqraf.com-un sorğusunda iştirak edən Milli Məclisin 70 yaşı ötmüş deputatları isə fərqli fikirdədir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı erkən parlament seçkilərinin real olmasına diqqət çəkib: “Ölkəmizdə noyabr ayında COP29 kimi böyük maştablı tədbir keçiriləcək. Belə olan halda parlament seçkilərinin avqust və ya sentyabr ayında keçirilməsi mümkün ola bilər. Parlament seçkiləri bu ilin noyabr ayının ilk həftəsində keçirilməli idi. Məhz Bakıda BMT-nin dünya əhəmiyyətli tədbirinin keçirilməsi bütün diqqətin bura yönəlməsi fonunda Azərbaycanda erkən parlament seçkilərinin baş tutması labüd görünür. Eyni zamanda yeni parlament seçkiləri sözsüz ki, millət vəkillərinin tərkibinin dəyişdirilməsi ilə müşahidə oluna bilər”.

Millət vəkilinə görə, deputat kimi üzərinə düşən vəzifələri uğurla icra edə bilməyənlər kənarda qalacaq: “Hazırda parlamentdə 10 deputat mandatı yeri boşdur. Bu da 10 yeni deputatın gəlməsi deməkdir. Eyni zamanda elə deputatlar var ki, yenidən parlamentə seçilmək istəmirlər və ya belə şansları yoxdur. Beləliklə də təbii proseslər nəticəsində parlamentin tərkibi yenilənir. Yeni çağırışda formalaşacaq Milli Məclisdə də bu istisna edilmir”.

Fəzail Ağamalı yenidən parlamentdə yer almaqda maraqlı olduğunu söyləyib: “Belə bir niyyətim var. Qarşıdan gələn parlament seçkilərində də deputatlığa namizədliyimi bir daha irəli sürəcəm. Sağlıq olsa, qeyri-adi bir hadisə baş verməsə, parlament seçkilərində iştirak etmək niyyətindəyəm”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov seçkilərdə iştirakla bağlı hələlik qərar vermədiyini bildirib: “Ölkəmizdə keçiriləcək COP29-la eyni vaxtda düşdüyünə görə, parlament seçkilərinin önə çəkilməsi istisna edilmir. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da artıq fikrini bildirib. Avqust-sentyabr aylarında parlament seçkilərinin keçirilməsi ehtimalı böyükdür. Referendumla bağlı da fikirlər səslənirdi. Amma qısa zamanda referendumla bağlı seçkilərin olması inandırıcı deyil”.

Vahid Əhmədov gənclərin parlamentdə yer almasının tərəfdarı olduğunu söyləyib: “Amma parlamentdə yaşlılara, təcrübəsi olan insanlara da ehtiyac var. Gənclər çalışsalar, seçilsələr onların Milli Məclisdə yer almasında problem yoxdur. Kimin seçilib, kimin qalmasını seçki həll edir. Yaş məsələsinin burada elə də önəmi yoxdur. Kim istəsə seçkiyə qatılacaq, istəməyən də gəlməyəcək. Bu, insanların sağlamlığından, siyasi vəziyyətindən, seçicilərlə olan təmaslardan asılıdır. Parlamentdə indi kifayət qədər gənc deputatlar var. Arasında müsbət fikirdə olduğum şəxslər də kifayət qədərdir. Həyatdır, bu, belə də davam edir. Yeni formalaşacaq parlamentdə yer almağımla bağlı isə hələlik qərar verməmişəm. Amma bunun üzərində işləyirəm. Qərar verəndə biləcəksiniz”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü deputat Aqil Abbas erkən parlament seçkilərinin olması ehtimalından danışıb: “Parlamenti seçicilər formalaşdırır. Milli Məclis təyinatlı təşkilat deyil. Filankəs olsun, filankəs olmasın deyə bir anlayış yoxdur. Onu seçicilər müəyyən edir. Bu ilin noyabrında seçkilər keçirilməlidir. Amma COP29-la üst-üstə düşdüyünə görə, seçkinin vaxtının önə çəkilməsi ehtimalı var. Hələlik isə bu vaxtın hansı ayda olduğunu bilmirik. Seçkiyə iki ay qalmış onun vaxtı elan edilir”.

Aqil Abbasa görə, seçici kimə səs verəcəksə, o da gəlib parlamentdə yer alacaq: “Mənim də bir deputat kimi parlamentdə yer almağım seçicilərimin istəyi ilə bağlıdır. Qarabağda, seçildiyim dairədə seçicilərlə görüşürəm. Onlar məsələhət bilsə ki, Aqil müəllim yenidən deputat kimi sizi görmək istəyirik, o zaman gəlib namizədliyimi irəli sürəcəm. Seçicilərim deməsə namizədliyimi verməyəcəm”.

Milli Məclisin deputatı Rasim Musabəyov da erkən parlament seçkilərinin olması ehtimalını dəyərləndirib: “Konstitusiyaya görə, növbəti parlament seçkiləri bu il noyabrın 3-də keçirilməlidir. COP29-la bağlı tədbirlər isə Bakıda noyabrın 11-dən başlanacaq. Əslində vaxtında seçkilərin olması da mümkündür. MSK-nin öz işinə COP29 mane olmur. Sözsüz ki, tədbirlərin üst-üstə düşməsi problemlər yaradacaqsa, seçkini bir-iki aya önə çəkmək mümkün olacaq”.

Rasim Musabəyov hələlik seçkidə iştirakla bağlı heç bir qərar vermədiyini açıqlayıb: “Yaşım da az deyil. Ona görə də, bu qərarla bağlı düşünməliyəm. Azərbaycanda pensiya yaşına çatan insanlar ölkə əhalisinin 20 faizini təşkil edir. Onların da bir nümayəndəsinin parlamentdə olması lazımdır. Mən olacam, ayrısı olacaq bu başqa məsələdir. Amma mütləq şəkildə parlamentdə ağsaqqallara da ehtiyac var”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
18
news365.az

10Mənbələr