AZ

Hansı banklarda aktiv təcrübə proqramları var?

Bəzi banklarda tələbələr və məzun olmuş şəxslər üçün təcrübə proqramları təşkil olunur. Bu proqramlar vasitəsilə banklar namizədlərə iş prosesini öyrədir, ehtiyac olduğu halda, təcrübə proqramını uğurla başa vurmuş namizədləri işlə təmin edir.

Valyuta.az təcrübə proqramları təşkil edən bankların siyahısını təqdim edir:

1. "Kapital Bank"

"Kapital Bank" ASC tələbə və yeni məzunlar üçün karyera qurmaq istədikləri sahələrə uyğun olaraq bankın müxtəlif strukturları üzrə peşəkar inkişafa aparan “Bircode”, “Bizdən Biri” və “Kapitalımız” könüllü təcrübə proqramı kimi layihələr həyata keçirir.

“Bircode” təcrübə proqramında frontend, backend, mobile (ios, android), QA və s. istiqamətlər üzrə 2019-cu ildən etibarən 5 nəsil 76 nəfər developer yetişdirilib, "Kapital Bank" ASC-nin komandasına qoşulub.

“Bizdən biri” təcrübə proqramına 2021-ci ildən start verilib, arxa ofis əməkdaşlarının yetişdirilməsi istiqamətində bir neçə nəsil yetişdirilib. İstiqamətlər İT İnfrastruktur Departamenti, kiçik və orta sahibkarlarla iş Departamenti Kredit Anderraytinqi, HR, Hüquq, Mikro Biznes departamenti, Maliyyə Menecmenti və s. üzrə müəyyənləşib.

“Kapitalımız” könüllü təcrübə proqramı

Bu təcrübə proqramının hədəfi müştəri xidmətləri sahəsində irəliləmək istəyən gənc nəsillərə bu sahənin əlifbasını öyrətməkdir. Proqram çərçivəsində filial şəbəkəsində gənclərin ilkin bilik və bacarıqlara yiyələnməsi təmin olunur. Bu proqrama qoşulan və hazırda bankda karyerasını davam etdirən çoxsaylı əməkdaş var.

Təcrübə proqramlarından istifadə etmək istəyən şəxslər bankın internet saytından müraciət edə bilərlər.

2. "Yelo Bank" ASC

Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramına qeydiyyatı açıq elan edib. İştirakçılar müasir Agile metodologiyasının tətbiq edildiyi korporativ mühitdə yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, proqramı uğurla başa vurduqdan sonra “Yelo Bank”da iş imkanı əldə edə biləcəklər. Namizədlər aşağıdakı keyfiyyətlərə görə dəyərləndiriləcəklər:

- Təşəbbüskarlıq və öyrənmə həvəsi;

- Pozitiv və kreativ düşüncə;

- Analitik və tənqidi düşüncə;

- Komandada işləmək bacarığı.

İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara əsasən, 2-3 ay ərzində İnsan kapitalının idarə edilməsi, alternativ kanallar ilə satış, mühasibatlıq və mütləq hesabatlılıq, proqram təminatının inkişafı, brendin idarəedilməsi, risklərin idarəedilməsi departamentləri və bankın filial şəbəkəsində təcrübə keçəcəklər.

Müraciət etmək üçün son tarix 25 maydır.

Seçilmə şansını daha da artırmaq istəyirsinizsə, “Nəyə görə mən və Yelo?” mövzusunda maksimum 90 saniyəlik video çəkərək Google Drive linkini [email protected] ünvanına “Summer Challenge 2024” mövzusu ilə göndərə bilərsiniz.

3. “AFB Bank” ASC

“AFB Bank” ASC-nin də təcrübə proqramı var.

Layihə çərçivəsində 3 ay müddətində təcrübəçilər bankın fərqli, əsasən də müştəri xidməti strukturlarında təcrübə keçəcək, təcrübə müddətini uğurla başa vuran gənclərin hər birinə bank tərəfindən xüsusi sertifikat və xasiyyətnamə təqdim ediləcək.

Qeyd edək ki, təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.

Təcrübə proqramına məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar, karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər müraciət edə bilərlər.

Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir:

Ali təhsil;

MS Office proqramları ilə işləmək bacarığı;

Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;

Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.

Təcrübəçilərə bankda nəzəri təlimlər keçiriləcək, müxtəlif istiqamətlər üzrə məlumat veriləcək və gündəlik iş prosesində onların iştirakı təmin ediləcəkdir.

Müraciət üçün CV-lərinizi mövzu sətrində “Təcrübəçi” qeydi edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika” və "Paşa Bank"da təcrübə proqramına qeydiyyat bitib.

Digər bankların bəzilərində təcrübə proqramı yoxdur. Bəzi banklarda isə təcrübə proqramı olmasa da, bildirilir ki, maraqlanan şəxslər CV-ni bankın elektron poçt ünvanına göndərərək bankda təcrübə üçün müraciət edə bilərlər.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
valyuta.az

1Mənbələr