AZ

"Qarabağ klanı"nın məqsədi bəlli oldu - “Paşinyan devrilsə, Azərbaycanla...”

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən Qazaxıstan görüşü baş tutdu. Sizcə, ikigünlük Almatı müzakirələrinin hansı nəticələri oldu, açıqlanmayan və ya sonradan elan ediləcək anlaşmaların olması müzakirə mövzusu ola bilərmi? Xüsusən də Ermənistandakı durum nəzərə alınaraq...

- Əlbəttə, belə bir ehtimal həddindən artıq optimist görünə bilər. Qazaxıstandakı görüşdə hansısa irəliləyişin olmayacağını düşünürdüm. Görünən də budur ki, hansısa ciddi irəliləyiş olmayıb. Təbii ki, ikigünlük müzakirələrin ikitərəfli qaydada baş tutması öz-özlüyündə müsbət hadisədir və prosesi irəli aparmaq baxımından önəmli sayıla bilər. Amma elə məsələlər var ki, bunlar tərəflər arasında qarşılıqlı şəkildə tam razılaşdırılmayıb. Bunlardan biri kommunikasiyalar və ya Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Baxmayaraq ki, Ermənistan xarici işlər naziri Almatı görüşündə kommunikasiyaların açılmasının önəmi vurğulayıb, amma bu məsələdə də fikir ayrılıqları qalır.

Əsas məsələ də budur ki, Zəngəzur dəhlizi hansı şərtlərlə açılacaq. Azərbaycan bu dəhlizin üçtərəfli bəyanatın (10 noyabr) müvafiq bəndinə (9-cu bənd) uyğun şəkildə işləməsinin tərəfdarıdır. Yəni yüklər və sərnişinlərin Naxçıvana və geriyə sərbəst şəkildə - maneəsiz daşınmasına şərait yaradılmalıdır. Ermənistan isə bu məsələdə fərqli mövqe sərgiləyir, əslində üzərinə götürdüyü öhdəlikdən yayınmağa çalışır. Ermənistan dəhlizə özü nəzarət etmək və qeyd olunan maddədən kənara çıxmaq istəyir. Bu, fikir ayrılığı yaradan əsas məsələlərdən biridir.

Başqa bir məsələ Ermənistan qanunvericliyi və ya konstitusiyasında Azərbaycan və qardaş Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılması ilə əlaqəlidir. Hələlik Ermənistan bununla bağlı konkret addımlar atmayıb. Əslində Azərbaycan Ermənistan daxilindəki durmu nəzərə alaraq, bu yöndə hələlik addımların atılmamasını anlayışla qarşılayır. Amma yetər ki, sonradan Ermənistan rəhbərliyinin bu məsələnin həllində siyasi iradəsi olsun.

Başqa sözlə, bu görüşün ikitərəfli formada baş tutması baxımından müsbət gəlişmədir, amma cəmiyyətin gözləntisi nöqteyi-nəzərindən irəliləyiş olmadı. Gözlənilən də bu idi ki, sülhə kiçik addımlarla gediləcək, yəni böyük sıçrayış gözləmirdim. Amma bütün hallarda sülhə getmək mümkündür. Ermənistan siyasi iradə göstərsə, həqiqətən də sülh istəsə, bu mümkündür. Amma onu da nəzərə almaq lazımdır ki, Ermənistan bu məsələdə qərar verəcək siyasi iradəyə malik deyil. Əgər İrəvana təsir edən Vaşinqton və Parisdən bu yöndə təzyiq olaraqsa, Ermənistan sülhə gedə bilər.

- İrəvanda hakimiyyət əleyhinə etiraz aksiyaları bir neçə gündür davam edir. Bu gün görünən mənzərəyə baxıb demək olarmı ki, revanşistlərin hakimiyyəti dəyişmək cəhdləri uğursuz oldu?

- Hər halda etiraz aksiyaları revanşistlərin gözlədiyi kimi, yüksək kütləvilik şəraitində olmadı. Əsas səbəblərdən biri odur ki, etirazların başlanğıcında irəli sürülən tələblər gedişatda geri plana atıldı. Etirazlar sərhədyanı bölgədə başlayanda revanşistlər iddia edirdilər ki, guya Ermənistan rəhbərliyi ölkə ərazilərini Azərbaycana verir. Qeyd olunur ki, buna görə də delimitasiya və demarkasiya dayanmalıdır. Artıq ərazidə işlərin 70 faizdən çoxu görülüb, artıq bu istiqamətdə yaşayan insanlardan heç bir narazılıq eşidilmir. Yəni etiraz aksiyalarının başlanmasına rəvac verən “əsas tələblər” gündəmdən çıxıb. Hətta Paşinyan da bildirdi ki, parlamentin müxalif fraksiyaları gedib gedişatla yerində tanış ola bilərlər. Görə bilər ki, Ermənistan öz ərazilərini itirməyib, sadəcə Azərbaycana məxsus olanı qaytarıb.

Əsas problemlərdən biri də odur ki, Ermənistan əhalisi bu etiraz aksiyalarında alternativ fikirlər eşitmədi, alternativ proqram görmədi. Yəni revanşistlərin bir tələbi var: Paşinyan getməlidir və keçmiş iqtidar komandası – cinayətkarlardan ibarət dəstə hakimiyyətə gəlməlidir. Paşinyan açıq şəkildə bildirdi ki, etiraz aksiyalarının təşkilatçısı katalikos II Qaregin, sifarişçisi Robert Köçəryandır. Paşinyan bir ağıllı gediş elədi: “Qarabağ klanı” – reavanşistlərlə kilsəsini eyni sıraya qoydu. Çünki erməni cəmiyyətində “Qarabağ klanı” və ya Sərkisyan-Köçəryan tandeminə münasibət olduqca mənfidir. Paşinyan onları bir sıraya qoymaqla nə baş verdiyini cəmiyyətə nümayiş etdirdi, bu da öz təsirini göstərməlidir.

Digər yandan, revanşistlərin aydın proqram təqdim etmədən, baş nazirliyə namizədinin kim olduğunu açıqladan cəmiyyətdən böyük dəstək görmələri imkansız idi. Düşünürəm ki, Paşinyan bu ssenarilərə əvvəldən hazırlıqlıdır. Düzdür, etirazçılar İrəvanda yolları bağlamağa, şəhəri iflic etməyə çalışırlar, amma Ermənistan polisi də onlara qarşı kifayət qədər qərarlı davranır, yolların bağlanmasına imkan vermir. Böyük ehtimalla revanşistlər aksiyalarla öz hədəflərinə çata bilməyəcəklər. Çünki Paşinyan ən ağır durumlarda bundan ağır və çoxsaylı aksiyalara şahid olub və bu proseslərin altından çıxa bilib. Hətta cavab tədbirləri görüb, Paşinyanın keçirdiyi mitinqlərdə iştirak edənlərin sayı bütün müxalifətin təşkil etdiyi aksiyalardan dəfələrlə çox olub.

Revanşistlərin gözləntisi bu idi ki, erməni kilsəsi cəmiyyətin böyük hissəsini tərəfinə çəkə biləcək. Amma Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti susqundur, baş verənlərə qarışmır, savaşdan qorxur. Artıq onlar müharibədə övladlarını itirmək istəmirlər. Ermənistan cəmiyyətinin ağıllı kəsimi bu tip aksiyalarla dövlətin mövcudluğuna ciddi zərərin dəyəcəyi qənaətindədir. Təsadüfi deyil ki, həmin kəsimdə aksiyaların təşkilatçıları xarici ölkələrin agentləri adlandırılır.

Daxildəki gərginliyə baxmayaraq, Paşinyanın öz hakimiyyətini qorumaq imkanları kifayət qədər yüksəkdir. Ən təhlükəli ssenari ordudan aksiyalara dəstəyin verilməsi olardı. Belə bir hal baş verərsə, bu, Ermənistan daxilində ciddi siyasi böhran yarada bilər. Bu da təkcə Ermənistan yox, ümumən bölgədə riskli vəziyyət yarada bilər. Amma Ermənistan cəmiyyəti revanşistlərin hansı proqram və planla çıxış etdiklərini bilmir, əslində onların alternativ variant və ya proqramları da yoxdur. Əgər Paşinyanın apardığı siyasə bəyənilmirsə, bunun alternativi Azərbaycanla savaşdır. İndi belə bir iddia və cəhd olarsa, nəticələri də əvvəldən məlumdur.

- Etirazlar Nikol Paşinyanın qərarlarına təsir edə bilərmi? Yəni gərginlik səngidikdən sonra Ermənistan baş naziri qərar verərkən bu etirazları nəzərə alacaqmı? Söhbət ilk növbədə revanşistlərin dayandırılmasını tələb etdikləri sülh danışıqları və delimitasiya prosesindən gedir.

- Paşinyan bu maneəni də aşa bilsə, o zaman hansısa manipulyasiyaya gərək qalmır. Bu o demək olacaq ki, Ermənistan cəmiyyəti Paşinyanın Azərbaycanla normallaşma siyasətinə dəstək verir. Bu etiraz aksiyaları kütləvi hal almayacaqsaŞ, hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaqsa və Paşinyan da bu prosesdə uduşlu çıxacaqsa, o zaman manipulyasiyalara gərək qalmır. Bu durumda “sülhün önü sürətlə açılır” deyə bilərik. Əgər Paşinyan özünün bəyan etdiyi kimi, sülhdə, Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdırsa, prosesə kənardan, xüsusən də Fransa, eləcə də ABŞ-dən müdaxilələr olmayacaqsa, sülh üçün ciddi imkanlar yarana bilər. Hesab edirəm ki, bunlar Paşinyanın qarşısında duran son etiraz aksiyalarıdır. Düzdür, konstitusiya dəyişikliyi gündəmə gələndə də, yenidən etirazlar baş qaldıra bilər, amma Paşinyan bu durumlardan çıxsa, o zaman sülhə gedən yolun önü açılacaq. Bundan sonra Ermənistan meydanı tam Paşinyanda olacaq və bəhanə etməyə hansısa əsası qalmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
teleqraf.com

1Mənbələr