AZ

Xocalı canisi Köçəryan hakimiyyətə qayıdır... -Zəngəzur yolu açılır?..

“Bu halda onun qurduğu iqtidar məcburdur ki, 2020-ci ildən bəri revanşistlərin kütlələrə elan etdikləri şüarları: Qarabağın Azərbaycandan geri alınması, ermənilərin oraya qaytarılması, sərhədlərin delimitasıyasında Almatı prinsiplərindən, yaxud ümumiyyətlə, sülh danışıqlarından imtina edilməsi və s. həyata keçirmək istiqamətində siyasət aparsınlar. Bəs belə olan halda Azərbaycanla müttəfiqlik sazişi bağlamış Rusiya nə edəcək?..”
 
-Fikir savaşı-...
 
Ermənistanda Paşinyan hakimiyyəti əleyhinə etiraz mitinq və digər növ aksiyaları davam edir. İştirakçıların sayından görünür ki, erməni toplumunun əksəriyyəti üzdəniraq keşiş Baqratın çağırışlarını dəstəkləmir. Yəni bu cür etirazlar yoluyla Paşinyan hakimiyyətin devriləcəyi ehtimalı çox azdır. Amma birdən olmadı belə, oldu elə... 
 
Nəzəri olaraq hesab edək ki, Rusiya “5-ci kalonu”nun, revanşistlərin keşiş Baqratın mitinqində tələb etdiyi, istədiyi kimi  Qərbin dəstəklədiyi Paşinyan istefa verdi və sabah Xocalı caniləri Robert Köçəryan, Serjik Sərkisyan yaxud onlar tipdə rusiyayönlü, revanşist biri hakimiyyətə gəldi. Bu halda onun qurduğu iqtidar məcburdur ki, 2020-ci ildən bəri revanşistlərin kütlələrə elan etdikləri şüarları: Qarabağın Azərbaycandan geri alınması, ermənilərin oraya qaytarılması, sərhədlərin delimitasıyasında Almatı prinsiplərindən, yaxud ümumiyyətlə, sülh danışıqlarından imtina edilməsi və s. həyata keçirmək istiqamətində siyasət aparsınlar. Bəs belə olan halda Azərbaycanla müttəfiqlik sazişi bağlamış Rusiya nə edəcək? 90-cı illərdə olduğu kimi, yenidən Azərbaycana qarşı savaşda Ermənistana dəstək verəcəkmi? Bəs  Rusiyanın  4 ilə yaxındır  10 noyabr sazişinə uyğun olaraq açılmasını tələb etdiyi Zəngəzur yolunun taleyi necə olacaq? Paşinyanın yerinə gələn Rusiyayönlü hakimiyyət həmin yolu açacaqmı? Məntiqlə məsələn, Köçəryan “5-ci kalon”un dəstəyi ilə baş nazir kürsüsünü zəbt edəcəyi halda, özü də Putinin pivə dostu kimi Kremlin bütün tələblərini yerinə yetirməyə məcburdur. Yaxşı deyək ki, revanşist erməni toplumuna həmin yolun Ermənistan üçün həm siyasi, həm də iqtisadi faydalarını anladıb Zəngəzur dəhlizini açdı, bəs digər məsələlər? Yəni Qarabağın Azərbaycandan geri alınması, hayların oraya qaytarılması və s. Paşinyanı yıxmaq üçün qızışdırılmış revanşist kütlə necə susdurulacaq? Bəs Azərbaycan xalqı və hakimyyəti Xocalı canilərinin başında durduğu Ermənistan hakimiyyəti ilə necə münasibət quracaq, necə sülh danışıqları aparacaq? Bir sözlə, bu halda Moskva da, Köçəryan hakimiyyəti də dilemma qarşısında qalacaqlar. İndiki durumda Rusiya heç cür Ermənistana Azərbaycan torpaqlarını yenidən işğal etməkdə dəstək verə bilməz. Çünki  Azərbaycanın Qərbə üz tutmasından ehtiyat edəcək. Hələ Gürcüstanda da vəziyyət Kremlin xeyrinə tam stabilləşməyəcəyi halda... Bu dilemmanı həll etməyin yeganə “optimal” yolunu Moskvadakı “KQB”-“FSB” rejimi, yəqin ki, Ukraynada qalib gələrək Zelenskinin yerinə öz növbəti marionetkasını gətirdikdən, paralel olaraq Gürcüstanda xalq kütlələrinin Qərbə inteqrasiya tələblərinin qarşısını maksimum zor gücünə aldırdıqdan sonra SSRİ və yaxud çar Rusiyası sərhədlərində imperiyanı bərpa etmək planlarına uyğun olaraq Güney Qafqazda da sovet dövründəki kimi “sabit” bir “Zaqafqaziya” qurulmasında görür... Yəni Ermənistanda Köçəryan və yaxud lap Qalstanyanın liderliyi ilə qurulmuş hakimiyyət asanlıqla Zəngəzur yolunu açdırır və sovet dövründəki kimi Azərbaycan Respublikası ərazisindən avtomobil və dəmir yolları Ermənistan ərazisindən keçməklə Naxçıvana birləşir. Ərazidən keçən bütün sərnişinlər və yüklər nə Ermənistan, nə də Azərbaycan deyil, məhz  Rusiya “FSB”-si tərəfindən yoxlanılaraq buraxılır. Yəni Türkiyəyə gedib-gələn Azərbaycan nəqliyyat vasitələri, o cümlədən qatarlar da eyni prosedura məruz qalır. 1920-ci illərə bənzər bir geo-siyasi yetişdiyindən Türkiyə də Rusiyanın Güney Qafqazdakı planlarını qəbul etməli olur... Tədricən azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarına, hayların isə Qarabağdakı “tarixi vətənləri”nə qayıdışı həyata keçirilir... Sərhədlər Moskvanın diqtə etdiyi xəritələrə uyğun olaraq müəyyən edilir və məhz onun “zəmanəti” altında sülh müqaviləsi imzalanır və sovet dövründəki kimi Zeynəb Xanlarova, Naurihi Allahverdiyan tipli müğənnilərin ifasında  “Kür-Araz- Ararat- gözəldir bu həyat- qardaş olub Hayastan-Azərbaycan!” tipli mahnılar oxuyaraq dünən qladiator qullar kimi döyüşdürülən “hər iki xalq dinc, yanaşı yaşamaqda” davam edir... 
 
Kreml üçün ən pis variantda, yəni Azərbaycan xalqının və hakimiyyətinin yenidən Rusiyanın birbaşa boyunduruğu altına qayıtmasına kütləvi müqavimət göstərdiyi halda isə 1988-1990-cı illərdə olduğu kimi, yenidən Ermənistanı Azərbaycanın üzərinə qısqırdır və bir qisim torpaqlarımızın işğalına, yenidən insanlarımızın didərgin düşmələrinə nail olmaqla öz prinsiplərini zorla qəbul etdirir... Bu halda Ermənistan həm də son bir neçə ildə Fransadan, Hindistandan, İrandan alınmış, verilmiş silah-sursat və texnikalardan da istifadə edir... Bu baxımdan deyilən planı nəzərdə tutan Rusiyaya Ermənistanın hazırda  Qərb, Hindistan, İran tərəfindən Azərbaycana qarşı silahlandırılması sərf edir...
 
Bütün bu deyilənlərin həyata keçməsi ehtimalının çox az olduğunu nəzərə alsaq, Ukraynadakı məqsədlərinə çatmayınca Kremlə Paşinyanın hakimiyyətdən getməsi sərf etmədiyi qənaətinə gəlirik... Və deməli, bugünkü etirazlar sadəcə Ermənistanın hazırkı iqtidarına hərbə-zorba gəlməkdir ki, Rusiyaya münasibətdə “həddlərini aşmasınlar”...
 
Sultan Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
1
moderator.az

2Mənbələr