AZ

Bakıda “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans işə başlayıb

        

Mayın 13-də Bakıda “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Akademiya rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, xarici ölkələrin tanınmış seysmoloq alim və mütəxəssisləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

“Radisson Hotel”də baş tutan tədbiri giriş sözü ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli açıb. O, bugünkü konfransda Qafqazda son seysmik məlumatların toplanılması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri kimi mövzularda müzakirələrin aparılacağını bildirib.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək seysmoloji təhlükələrin öyrənilməsinə həsr olunan beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb. Alim konfransda Qafqaz ölkələri ilə yanaşı, Moldova və digər dünya ölkələrinin təcrübəsi barədə məruzələrin dinləniləcəyini, bütövükdə seysmologiya elminin yeni mərhələdəki aktual məsələlərinin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Tədbirin mövzusunun ətraf mühit, ekoloji tarazlığın qorunması və iqlim dəyişikliyi problemləri ilə də səsləşdiyini deyən AMEA rəhbəri ölkə Prezidentinin rəhbərliyi ilə Bakıda gerçəkləşəcək COP29-un beynəlxalq səviyyədə dünyanın hazırki mərhələsindəki qlobal problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Akademik İsa Həbibbəyli Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxladığını, orada kütləvi yanğınlar törətdiyini, ermənilərin tarixi abidələri, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv etdiyini diqqətə çatdırıb. İşğaldan əvvəl həmin bölgədə fəaliyyət göstərən 20-dən çox seysmoloji stansiyanın da ermənilər tərəfindən dağıdıldığını söyləyən AMEA prezidenti hazırda Qarabağda seysmoloji stansiyaların qurulması istiqamətində işlərin aparıldığını qeyd edib. O, Şuşa şəhərinin yaxınlığındakı Daşaltı kəndinin ərazisində birinci seysmoloji stansiyada işlərin bitmək üzrə olduğunu və yaxın zamanda Qarabağın birinci seysmoloji mərkəzinin istifadəyə veriləcəyini bildirib. AMEA rəhbəri vurğulayıb ki, birinci seysmoloji stansiyadan sonra Qarabağın bütün ərazisində yeni seysmoloji mərkəzlərin qurulması istiqamətində işlərə başlanılacaq. Bu isə, vaxtilə dağıdılmış infrastrukturun bərpa olunmasına və Qafqazda seysmik vəziyyətin daha dərindən öyrənilməsinə töhfə verəcək.

“Azərbaycanda seymologiya elmi yeni inkişaf mərhələsinə qədəm qoyub”, - deyə bildirən akademik İsa Həbibbəyli ölkə seysmoloqlarnın ən müasir avadanlıq və texnoloji proqramlarla işlədiyini, Respublika Seysmoloji Xidmət Mərkəzinin maddi-texniki bazasının gücləndirildiyini, burada ciddi elmi tədqiqatların aparıldığını, dünyanın aparıcı seysmologiya mərkəzləri ilə geniş əlaqələrin qurulduğunu diqqətə çatdırıb. O, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi və əməkdaşları tərəfindən Azərbaycanda baş verən zəlzələlər, eləcə də zəlzələ ilə bağı əhalinin maarifləndirilməsi işinin operativ şəkildə həyata keçirildiyini qeyd edib.

AMEA rəhbəri çıxışının sonunda beynəlxalq tədbirin dünya seysmologiya elminə faydalar verəcəyinə, eləcə də seysmoloqlar arasında elmi əlaqələrin genişlənməsinə və Azərbaycanda seymologiya elminin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra ABŞ Dövlət Departamentinin Enerji Departamentinin layihələr üzrə nümayəndəsi Viliam Vanderer “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Cənubi Qafqaz regionunun seysmik baxımdan aktiv bölgə olduğundan burada seysmoloji tədqiqatların aparılmasının önəmini vurğulayıb. Azərbaycanda seysmoloji tədqiqatların yüksək səviyyədə aparıldığını deyən amerikalı qonaq tədbirin seysmologiya ilə bağlı yeni elmi biliklərin əldə olunması baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur “Seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Açılış mərasimindən sonra müzakirələr işçi qaydada davam etdirilib.

Qeyd edək ki, 8 ölkədən 30-a yaxın nümayəndənin iştirakı ilə keçirilən konfrans mayın 15-dək davam edəcək.

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
azia.az

1Mənbələr