AZ

Qızım soruşdu ki, məni niyə icazəsiz öpürlər?

Əvvəli burada

Başa düşürəm, ağır mövzulardır. Amma su kimi aydın gözləri ən doğma adamlarının döyülmə-döymə səhnəsindən bulanan çarəsiz uşağa kömək etmək bizim dünya insanı kimi borcumuzdur. Zorakılıqdan ən çox əziyyət çəkən onlardır – uşaqlar.

Reabilitasiya mərkəzində gənc reabilitoloq qız vardı. Olduqca sakit idi, şübhəli şəkildə sakit. Bir gün soruşdum: Siz bu sakitliyi haradan öyrənmisiniz? Uşaqlığımda evimizdə çox dava olurdu. Qorxurdum və öz dünyama çəkilirdim, görməməyə, eşitməməyə çalışırdım. Belə öyrəndim...

Anasına dəyən yumruqların önünə keçməyə çalışan, ürəyinin əsməsindən bədəni silkələnən, qorxu ilə yaşamağa məhkum uşaqlar böyüyəndən sonra əziyyət çəkirlər. Qızlar bir az diqqət görən kimi sevgi bilib aldanır. Oğlanların özünə inamı itir. Uşaqlıqda qüruru sındırılan, psixikası zədələnən insan böyüyüb özgüvənli, azad ola bilmir. Uşaqlar bizim gələcəyimiz deyil. Uşaqlar indimizdir. Uşaqlar hamımızdan daha hüquqlu, amma hamımızdan daha köməksizdir. Zaman-zaman evlərə, məktəb və bağçalara gedib uşaqlarla görüşmək dövlətin onların yanında olduğunu bildirmək, ailələrlə birbaşa ünsiyyətə çalışmaq, hər yerdə - hər yerdə məişət zorakılığının mənəvi-hüquqi cinayət olduğunu yaymaq çox şeyi dəyişə bilər.

“Atam evə girən kimi dalaşır, Aysel xanım. Bağırır, döyür, gərginlik yaradır. İynə üstündə yaşayırıq”. Və mən seminardan sonra təkbətək qalmaq istəyib bunları danışan gənc qıza nə deyəcəyimi bilmirəm.

Ölkənin gələcəyi uşaqların özü yox, onlara münasibətdir. Qızımın beş yaşı vardı. Bir gün soruşdu: Bu böyüklər niyə məni görən kimi icazə almadan öpürlər?

Uşaqlar onlarla eynihüquqlu, sayğılı davranmağımızı istəyir. Görən kimi basıb öpməkdən, usi-pusidən söhbət getmir. Uşaqlar özlərinə qarşı icazəli münasibət gözləyirlər. Biz “tərbiyə etmək” kimi anlayarıq, onların qüruruna toxunar, biz əzizləmək kimi qəbul edərik, onlar hədsizlik sayar. Çox həssas məsələlərdir. İnsan yetişdirməyin asan olduğunu kim deyib?

Bir yetkin insanı özümüzdən aşağı sayıb ona “uşaqsan” dedikdə əslində bütün uşaqları aşağılayırıq.

Uzun əsrlər uşaqlar dünyada özəllik daşımayıb, qorunmayıb. Onlara uyğun geyimlər belə tikilməyib. Böyüklər üçün geyimlərin kiçik versiyası hazırlanıb. Onlar alınıb-satılıb, cinsi-fiziki istismar görüb, işlədilib, təhsilsiz, əyləncəsiz qalıb.

Böyük yazar Viktor Hüqo “Gülən adam” əsərində deyir: “Uşaqlar adam yerinə qoyulmurdu. Onları oğurlamaq, alıb-satmaq adi hal idi. Onları oğurlayıb xüsusi qəliblərdə saxlayırdılar. Böyüdükcə həmin formanı alır, qozbel, əyri - deformasiyaya uğramış olurdular. Küçə şoularında insanlar baxıb əylənirdi”.

Əsərin qəhrəmənı Quinplen oğurlanır, ağzını iki tərəfdən kəsib ondan əbədiyyən gülən adam düzəldirlər. Qunpleni meşədən tapan Ursus onu evinə gətirir. Danışa-danışa birdən soruşur: Nəyə gülürsən? Mən gülmürəm, ser. Necə yəni gülmürəm, mən söhbət edirəm, sən gülürsən, gülməli nə var? Gülmürəm axı...

Ursus uşağa yaxınlaşıb üzünə diqqətlə baxır: İlahi, səni nə hala qoyublar!..

Hər gülən adam gülən adam deyil. Yaxından diqqətlə baxanda duyursan... Ruhun yarası görünmür. Ruhu kəsik-kəsik edilən nə qədər Quinplen var.

Savaşlarda kimsəsiz qalan saysız-hesabsız uşaqlar aclıqdan, soyuqdan, baxımsızlıqdan orada-burada can verib.

Faciəvi yüzilliklərdən sonra dünya uşaq hüquqları ilə bağlı çalışmalara başladı. Əvvəlcə BMT 1946-cı ildə uşaq fondu yaratdı (UNICEF), 1959-cu ildə “xoşbəxt uşaqlıq” məqsədilə uşaq hüquqlarının 10 prinsipi yazıldı. Daha sonra 1966-cı ildə uşaqların xüsusi müdafiəsi ilə bağlı beynəlxalq pakt qəbul edildi. 1979-cu ildə “Uşaq İli” elan edildi. 1978-ci ildə Polşa uşaq hüquqları ilə bağlı konvensiya təklifi verdi. Layihənin müəllifi professor A.Lopatka idi. Layihə üzərində 10 il iş getdi. Nəhayət, 43 ildən sonra - 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası imzalandı. Sənəd 1990-cı ildə qüvvəyə mindi. Hədəf mümkün olduqca çox ölkənin qoşulması, uşaqların dünyanın hər yerdə qorunması idi. Azərbaycan 1992-ci ildə konvensiyaya qoşulub.

Uşaq kimdir? Yetkinlik yaşınadək (18) hər insan uşaq sayılır. Uşaqların yaşamaq, ləyaqət toxunulmazlığı, azad fikir bildirmək, tərbiyə və inkişafında hər iki valideynin qayğısını görmək, ödənişsiz təhsil, tibbi dəstək, sosial təminat almaq, maddi-mənəvi rahatlıqda böyümək və bir sıra bizdən böyük hüquqları var. Uşağın anadan ayrılmamaq hüququ beynəlxalq qanunla qorunur (ciddi əsas yoxdursa).

Zaman-zaman uşaq sektoru yarandı, uşaqların dünyasına uyğun industriyalar formalaşdı. Geyim, əyləncə, təhsil, inkişaf layihələri işləndi.

Helsinki Mərkəzi Kitabxanası nəhəng üçmərtəbəli binadır. Tikintisinə 98 milyon avro xərclənib. Üçüncü mərtəbədə uşaqlar üçün ayrılan hissədə analar körpələri ilə gəlir, pozitiv yoqalar, əyləncəli rəqslər edirlər. Bunun üçün xüsusi pedaqogika mütəxəssisləri çalışır. Uşaqlar kitabların ətrafında dolaşır, iməkləyir, özlərinə kitab seçir, belə bir mühitdə yetişirlər.

Cəmiyyətində hər yerdə sevgi görən, ciddiyə alınan, inkişafı üçün filmlər, proqramlar izləyən, özünə aid rəngli, öyrədici mühitlərdə olan, dövlətini yanında hiss edən uşaq ayrı cür formalaşır. Bir çox ölkənin öz uşaq günü var. Finlandiyada uşaq günündə bu sektorda çalışan şirkətlər iştirak edirdi. Səhnədə uşaq hüquqları ilə bağlı çıxışlar oldu. Şirkətlər hər kəsə hədiyyələr payladı.

Uşaq sektorunda çalışan hər şirkətin, uşaq yeməyindən geyimədək, həm də uşaq siyasətinə fayda vermək borcu var. Xalqından, ölkəsindən pul qazananların xalqın inkişafına yatırımı şərtdir. Ölkənin balaları üçün hamı cavabdehlik daşıyır. Helsinkidə anaların arxayın yerişini, “çəkilin, mən gəlirəm” tərzini görəndə fikirləşdim ki, burada ana doğrudan da müqəddəsdir. Hamilələrin, əliuşaqlı qadınların elə ədalı, özgüvənli duruşları var, sanki bütün ölkəni onlar ayaqda tutur.

Elədirmi? Elədir. Xalqı qadın doğur. Və xalq uşaqlıqdan başlayır...

Aysel Əlizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
1
qafqazinfo.az

2Mənbələr