AZ

Dərələyəz bizi gözləyir

Çar Rusiyası dövründə Qərbi Azərbaycanda mərkəzi Şərurda yerləşən Baş Noraşen kəndi olmaqla Şərur- Dərələyəz qəzası yaradılmışdır. 1920-ci ildə erməni - azərbaycanlı münaqişəsi nəticəsində qəzanın bir hissəsi Baş Noraşen də daxil olmaqla Naxçıvan Muxtar SSR-in tərkibində qalmış, qalan hissəsi adı dəyişdirilərək Dərələyəz nahiyəsi edilmiş və Ermənistanın tərkibinə qatılmışdır. Keşişkənd kəndi qəzanın mərkəzi olmuşdur. 1930-cu ildə qəza ləğv edilmiş və onun ərazisi Keşişkənd rayonunun tərkibinə daxil edilmişdir.

Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Söylan rayonlarına bölünmüşdür. Dərələyəz dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Yaşadığımız Gabud kəndi Dərələyəzin cənub-şərqində Naxçıvan Muxtar Respublikasının Kükü kəndi ilə sərhəddə yerləşirdi.

1988-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələr yaşadığımız Gabud kəndinin taleyindən də izsiz ötüşmədi, Gabudlular da öz doğma evlərindən, od- ocaqlarından didərgin düşüb respublikanın müxtəlif rayonlarında məskunlaşdılar. Gabud kəndinin azərbaycanlılarla bağlı tarixi beləcə başa çatdı. Gabudun dağılmasından 36 il keçir. İndi bizə ancaq bu kəndlə bağlı acılı-şirinli xatirələrimiz və Qərbi Azərbaycandan gətirdiyimiz fotoşəkillər və sənədlər qalır.

Mən 1958-ci ildə Əzizbəyov rayonunun Gabud kəndində anadan olmuşam. 1975-ci ildə orta məktəbi, 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişəm. Oxuduğum məktəbdə riyaziyyat müəllimi kimi işə başlamışam.

1988-ci il də Qarabağ hadisələri baş verən zaman Ermənistanın Əzizbəyov rayonunda Azərbaycan əhalisinə qarşı təzyiqlər gücləndi. Belə ki, rayon xəstəxanasına və digər dövlət idarələrinə azərbaycanlıların gedişi qadağan olundu. Rayon Partiya Komitəsinin birinci katibi Vartanyan vəzifələrdə rəhbər işləyən azərbaycanlılara təklif etdi ki, siz də bizimlə birlikdə nümayişlərə çıxın, Qarabağın Ermənistana verilməsini tələb edin ki, sərvətlərindən gələcəkdə siz də istifadə edəsiniz. Azərbaycanlılar isə etiraz edərək bildirdilər ki, öz millətimizin istəyinin əleyhinə hərəkət edə bilmərik.

Əzizbəyov rayonunun mərkəzi küçəsində ermənilər mitinq keçirərək Qarabağın Ermənistana birləşməsini tələb etdikləri vaxt biz azərbaycanlılar başqa bir küçədə Qarabağın Azərbaycanın olduğunu bildirməklə nümayiş keçirirdir. Rayon rəhbərlərinin bir çoxu bədnam Daşnaksütyun Partiyasının üzvləri olduğu üçün rəhbər işlərdə işləyən soydaşlarımıza qarşı təqiblərə başladılar. Hadisələr daha da gərginləşdi. Rayon mərkəzində azərbaycanlılara hücumlar ardıcıl hal aldı. Milis orqanı baş verənlərə əhəmiyyət vermədi. Ermənilər getdikcə azğınlaşırdı. Hər yerdən əlləri üzülən həmyerlilərimiz köçməkdən başqa əlac olmadığını qərarlaşdırdılar. Son vaxtlar mağazalara mal verilmədi. Əhali Naxçıvan kəndlərindən alver etməyə məcbur oldu. Erməni daşnaklarından camaatı mühafizə etmək üçün postlar yaratdıq. Gomur kəndində yaradılmış postda digər kəndlərin kişiləri də gecələr növbə çəkirdilər.

Biz Qərbi azərbaycanlılar 2020-ci ilə qədər elə fikirləşirdik ki, bir daha o torpaqları görməyəcəyik. İndi bütün Qərbi azərbaycanlılar tam əmindilər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində biz Qərbi Azərbaycana qayıdağacağıq.

Lətif Abbasov,
Qğuz rayonu, Calut kənd tam orta məktəbinin direktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
ikisahil.az

1Mənbələr