AZ

AMEA-nın yeniləşmə kursu: dövlətçilik və müasirlik kontekstində

(fəlsəfi yanaşma)

I MƏQALƏ

Amerika siyasətçiləri bu fikirdədirlər ki, müasir mərhələdə elmsiz nə cəmiy­yət, nə də dövlət mövcud ola bilər. Ona görə də elm dövlətə xidmət etməlidir! Dövlət və cəmiyyət “elmin çiyinləri üzərində bərqərar olur”! İndi bu tezisin prizmasında Azərbaycanın da “elmin çiyinləri üzərində necə bərqərar ola biləcəyi” fikrinə AMEA-nın yeniləşməsi kontekstində nəzər salaq. 

Elm siyasətinin bir aspekti

Hər bir təşkilatın yeniləşməsi asan və sadə proses deyildir. Dövlətçiliklə bağ­lı olan strateji qurumların yeniləşməsi ayrıca məsuliyyət tələb edir. Çünki bu proses elə təşkil edilməli və aparılmalıdır ki, müstəqil dövlətçiliklə müasirlik arasın­da hər hansı ziddiyyət meydana gəlmə­sin. Ulu öndər Heydər Əliyev bu özəlliyi nəzərə alaraq, bütövlükdə, Azərbaycan Respublikasının inkişaf strategiyasında dövləti tərəqqi ilə cəmiyyətin inkişafını ahəngdar formaya salmışdır. Bura cə­miyyətin bütün fəaliyyət sahələri, xüsu­silə elm və təhsil sahələri daxildir. Çünki müasir dövrdə cəmiyyətləri faktiki olaraq elmin yaratdığı haqqında hamının bildiyi fikir vardır. 

Digər tərəfdən, müstəqil dövlətçili­yin inkişafının təməlinə ümummilli lider Heydər Əliyev, ümumiyyətlə, həmahəng inkişaf xəttini, harmonik tərəqqini qoy­muşdursa, bu çərçivədən kənara çıxan istənilən təşəbbüs uğursuz olacaqdır. Bu tezisin doğru və vacib olmasının ən bö­yük nümunəsini Prezident İlham Əliyev göstərir: dövlət başçısı siyasi varisliyə ən incəliklərinə qədər əməl edir və Heydər Əliyev dövlət quruculuğu xəttini yaradıcı inkişaf etdirir. Bu da alimlərə imkan ve­rir ki, indiki mərhələni “Heydər Əliyev – İlham Əliyev xətti” kimi dəyərləndirə bil­sinlər. 

Tarixi kontekstdə bu vəziyyət Azər­baycan xalqı və onun aparıcı kəsimi olan ziyalılar üçün böyük şansdır! Çünki Heydər Əliyev – İlham Əliyev xətti təkcə şüar və ya nəzəri səsləniş tezisi deyildir. Bu xətt real həyatda, mürəkkəb geosiya­si və siyasi-ideoloji şəraitdə ciddi tarixi uğurları təmin edən dövlətçilik kursudur! 

AMEA-nın yeniləşmə fəlsəfəsinin qayəsində də, fikrimcə, məhz bu reallıq dayanır. Ölkənin baş elmi təşkilatının rəh­bərliyi həmin gerçəkliyi dərindən, geniş və aydın dərk edərək, Heydər Əliyev –İlham Əliyev xəttinin potensialından mak­simum yararlanır! Məncə, AMEA-nın ha­zırkı yeniləşmə xəttini öncəki yeniləşmə kurslarından fərqləndirən başlıca xüsu­siyyət bununla əlaqəlidir. Təşkilatın ye­niləşmə prosesində indi müşahidə edilən bir sıra xüsuiyyətlər də həmin tezislə bağlıdır.

Bu prizmadan baxanda AMEA-nın yeniləşməsinin bir kurs olaraq bəzi ma­raqlı və əhəmiyyətli aspektləri üzərin­də fəlsəfi dayanmağa ehtiyac görürük. Konkret olaraq iki aspektin qarşılıqlı əlaqəsinin fəlsəfəsinə baş vurmağı zəru­ri sayırıq. Onlar təşkilatdaxili yaradıcı və struktur-funksional xüsusiyyətlərlə döv­lətçilik və müasirliyin optimal sintezinin tapılması ilə bağlıdır. 

Yeniləşmə: daxili struktur-funksional özəlliklər

AMEA 1945-ci ildən əvvəlcə Azər­baycan SSR-in, sonra isə müstəqil Azər­baycan Respublikasının baş elmi təşki­latı kimi fəaliyyət göstərir. Elmi fəaliyyət baxımından az müddət deyildir. Onun fəaliyyəti birbaşa dövlətə xidmət etmək məqsədi kontekstində müəyyənləşmiş­dir. 

Sovetlər dönəmində Elmlər Akademi­yası birbaşa sovet ideoloji və siyasi sis­teminin tələblərinə uyğun strukturlaşmış və elmi fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Bu, hər kəsin aksiom və hətta, təbii olaraq, qəbul etdiyi tezisdir. Əksini düşünən belə yoxdur. O dövrdə müxtəlif elm adamlarının məruz qaldıqları rep­ressiv xarakterli tədbirlərə belə SSRİ-nin maraqları prizmasında haqq qazan­dıranlar az deyillər. Özü də bu, yalnız Azərbaycanı əhatə etmirdi, bütövlükdə, SSRİ-nin elmi dairələrinə münasibət belə idi. Onun ümumi xarakteristikası belə idi ki, elm dövlətə xidmət etməlidir və hətta, ideologiyada onu müdafiə etməlidir. Bu mövqenin mənfi tendensiyaları ilə bağlı nümunələri indi hər kəs bilir. Ancaq bizim baxdığımız kontekstdə əsas tezis ondan ibarətdir ki, SSRİ məkanında olan hər bir elmi təşkilat dövlətə bağlı olmalı idi. Bu ənənə formalaşmışdı və ondan kənara çıxmaq mümkün deyildi. 

Başqa xüsusiyyətləri ilə yanaşı, bu, o deməkdir ki, müstəqil Azərbaycana SSRİ dövrünün konkret xüsusiyyətlərini struk­tur və funksional aspektlərdə özündə daşıyan (müsbət tərəfi ilə yanaşı, neqativ cəhətləri də) Elmlər Akademiyası miras qaldı. Burada dəyişməyən bir zərurət vardı: EA dövlətə xidmət etməli idi, ancaq sovetlərin ideoloji məcburiyyət xətti müt­ləq təmizlənməli idi. Yəni AMEA müstəqil Azərbaycan dövlətçiliyinin inkişafına töhfələrini verməli idi. Bunun üçün Ulu öndərin bir tezisi strateji hədəfi göstərirdi: AMEA Azərbaycanın milli sərvəti olmalı­dır!

Həmin kontekstdə təşkilatda struk­tur-funksional yeniləşmələr bir qaçılmaz zərurət kimi görünür. Bu prosesin də, ən azı, iki mühüm tərəfi mövcuddur: birinci­si, təşkilatın elmi tədqiqatların təşkili və kollektiv yaradıcılığın təmin edilməsi is­tiqamətində yeniləşməsi, ikincisi, təşki­latda sovetlərdən qalmış bir sıra psixoloji məqamların aşılması. Hər iki aspekt çox önəmlidir.

Elmi tədqiqatların təşkili və kollektiv yaradıcılıq

AMEA-nın indiki rəhbərliyi bu is­tiqamətdə konkret islahatlar həyata keçi­rir. Onun ümumi məğzi AMEA-nın bütün sturkturları arasında optimal idarəetməyə və kollektiv yaradıcılığa optimal imkan verən mühitin yaradılmasından ibarətdir. Burada “optimallıq" dedikdə, Azərbay­canın strateji inkişaf kursunun tələblə­rinə maksimum dərəcədə cavab verən idarəetmə strukturu və kollektiv yaradıcı mühitin formalaşması nəzərdə tutulur. Yəni bütün hallarda AMEA-nın struk­tur-funksional qurum kimi, yeniləşməsi müstəqil dövlətçiliyin uğurlu inkişafına xidmətə bağlıdır. 

Hazırda AMEA-da müşahidə edilən yenidən təşkilolunma prosesi həmin məqsədi ifadə edir. Bu prosesin tədrici və mərhəlli həyata keçirilməsi vacibdir. Çün­ki söhbət idarəetmədə çox ciddi keyfiyyət və forma dəyişikliyindən gedir. Əlavə ola­raq, müstəqil dövlətçilik başlıca məqsəd kimi qarşıya qoyulursa, sovetlərdən qal­ma bir sıra idarəetmə, işə münasibət və psixoloji davranma xüsusiyyətləri aradan qaldırılmalıdır. Bunun bir çox struktur, funksional və psixoloji faktorları əhatə etdiyi və sistemli olaraq aparılması lazım gəldiyinin bir vəzifə olduğunun hər kəs fərqindədir. Digər tərəfdən, həmin prose­sin kollektiv fəaliyyət nəticəsində uğurlu ola biləcəyini də anlamağımız lazımdır. Burada bir mühüm psixoloji məqamın üzərində dayanmaq istərdim.

Psixoloji maneələrin aşılması 

İndi AMEA prezidenti çox fəaldır. Demək olar ki, yorulmadan və fasiləsiz təşkilatın dövlətçiliyə bağlı formada ye­niləşməsi üçün çalışır. AMEA rəhbərliyi bütün fiziki, təşkilati, zehni potensialını dövlətçiliyin strateji inkişaf kursuna xid­mətə yönəltmişdir! 

Təbii ki, bu, bütün AMEA üçün bir nü­munədir. Həm də dövlətçiliyə xidmətdə fəallığa dəvətdir. Əlbəttə, kollektivin buna reaksiyası çox müsbətdir. Eyni zamanda, bir sıra psixoloji sindrom halları var ki, on­lardan açıq danışmaq zamanıdır. 

AMEA-da köklü yeniləşmə ancaq kollektiv fəaliyyətin nəticəsində realla­şa bilər. Hər şeydən öncə, əməkdaşlar dövlətin strateji inkişaf kursuna xidməti indiki mərhələdə başlıca məqsəd kimi qəbul etməlidirlər. Kollektiv bunu qəbul edir. Bu istiqamətdə AMEA rəhbərliyi ilə daha mükəmməl və ardıcıl şəkildə fəa­liyyət göstərmək çox vacibdir. Psixoloji məqamın aktuallığı, bütövlükdə, müasir mərhələdə elmi fəaliyyətin fəlsəfəsindən qaynaqlanır. Məsələ ondan ibarətdir ki, Qərbin elmi dairələrində tədqiqatçıların hansı dəyərlərə malik olması ilə bağlı konkret mövqe formalaşmışdır. 

Avropada və ABŞ-də elmi araşdır­maların Qərb dövlətçiliyinin inkişafına sıx bağlı olması tezisi açıq və ya örtülü formada özünü göstərir. Təkcə ABŞ-da xüsusi xidmət orqanlarının təşəbbüsü ilə 300 (!)-dən çox strateji araşdırma mərkə­zinin yarandığı haqqında informasiyalar var. Bu xüsusiyyət dünyanın hər bir inki­şaf etmiş ölkəsinə xasdır. Tamamilə başa düşülən və normal qəbul edilməli olan haldır. Çünki heç zaman mücərrəd və cəmiyyətə aidiyyatı olmayan elmi fəaliy­yət növü mövcud olmamışdır. Qədimdən Sokrat, Platon və ya Aristotel cəmiyyət üçün elm yaratmamışlarmı? Sokratın sarkazmı yunan cəmiyyəti və dövlətinin inkişafı, qanunlara əməl edilməsi naminə deyildimi? Sokrat həyatından “dövlətin qanunlarına əməl etmək zəruridir” fikri əsasında mərhum olmadımı? 

Və yaxud hazırda inkişaf etmiş döv­lətlər elmi araşdırmalara çox güclü ma­liyyəni nə üçün ayırırlar? Çünki elmi tədqiqatların nəticələrindən dövlətin və cəmiyyətin güclənməsi, tərəqqi etməsi üçün çox geniş istifadə edirlər. ABŞ-də Santa-Fe İnstitutu dünyanın ən istedadlı alimlərini müxtəlif elmi layihələrə hansı səbəbdən dəvət edir? O səbəbdən ki, alınan elmi nəticələrdən ilk olaraq Ame­rika dövləti yararlansın. Çin Elmlər Aka­demiyası son illər innovativ layihələrdə dünyada nə üçün birinci olmağı hədəf­ləmişdir? Əlbəttə, Çinin qədimdən gələn “Dao”su üçün – “Çinin Böyük İnkişaf Yolu” üçün! 

Qonşumuz Rusiyada elmi fəaliyyət bütün sferalarda dövlətin və cəmiyyətin daha qüdrətli olmasına xidmət etmirmi? Moskva dünyanı əldə etdiyi elmi nəti­cələrin tətbiqi sayəsində yaratdığı tex­noloji imkanlarla hədələmirmi? Və yaxud Rusiyadan öncə, ABŞ və Avropa dünya­ya kosmik tədqiqatları, orijinal sosio-hu­manitar nəzəriyyələri hesabına meydan oxumurlarmı?

Başqa bir qonşumuz İran elmi tədqiqatlar nəticəsində müxtəlif yeni silahlar istehsalı və nüvə silahı istehsalı poten­sialı ilə öyünmürmü? İranda hansı alim bunun yanlış olduğunu deyir və mücər­rəd “azad tədqiqat”dan danışır? Bəlkə, yeni texnologiyalar məkanlarından biri olan İsraildə yalnız mücərrəd elmi axta­rışlar vardır? Orada elmi fəaliyyət dövlə­tin maraqlarına xidmət etmirmi? 

Nəhayət, qonşu və qardaş Türkiyə yalnız elmi-texnoloji sahədə sıçrayış xarakterli tədqiqatlara görə dünyada söz sahiblərindən biri olmuşdur! Bunun məhz elmi inkişafla əlaqəli olduğunu Səl­cuq Bayraqdara Amerikada təhsil verən universitetin aparıcı alimləri də deyirlər. Onlardan biri “təəssüf edir” ki, S.Bayraq­dara elm öyrətmişlər! Baxın, nə dərəcədə dövlətiləşmiş, siyasiləşmiş mövqedir və adam özünə görə haqlıdır!

Bütün bunları Azərbaycanda elmə bağlı olan hər kəsin aksiom kimi qəbul etdiyinə tam əminəm. Hər kəs deyir ki, “elə də olmalıdır”. Lakin psixoloji olaraq hansı səbəblərdən “Azərbaycanda elmi fəaliyyət dövlətə bağlı deyil, azad ol­malıdır” cəfəngiyyatından dəm vurulur, mənə aydın deyildir. Dünyanın hər ölkəsi üçün normal qəbul edilən təbii bir pro­ses Azərbaycana gələndə məzmunsuz və mücərrəd “elm və təhsil ideologiyasız olmalıdır” kimi zərərli tezis formasını alır! Qətiyyən elə deyil: indi Azərbaycanda elm və təhsil dünyanın istənilən ölkəsin­dən də çox dövlətə, onun strateji inkişa­fına, müstəqilliyinə və güclü intellektual cəmiyyət quruculuğuna xidmət etməlidir. Buna tamamilə və qeyd-şərtsiz əminəm! Səbəbləri haqqında bir qədər sonra.

Və AMEA prezidentinin fəallığının bu məqamda nə dərəcədə əhəmiyyətli olduğunu bir daha düşünməli və onun şəxsində bütün akademiyada yenilik­çilərə geniş dəstək verməliyik! Bu, bizim alim və vətəndaş kimi özünü təsdiqimiz­dir, müasir dövrün insanı kimi taleyimiz və müstəqil dövlətçilik qarşısında bor­cumuzdur. Əsas isə dövlət başçısının, xalqın və övladların qarşısında məsuliy­yətimizdir! 

Nümunə kimi gördüyümüz Qərbin elmi dairələri də ictimai, etik və sosial məsuliyyət məsələsini ön plana çəkirlər. Məsələnin bu tərəfi həm AMEA-nın ye­niləşmə strategiyası, həm də fərd olaraq tədqiqatçının məsuliyyəti baxımından xü­susi araşdırılmalıdır! 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
xalqqazeti.az

1Mənbələr