AZ

Xronika: İrəvanda 332 axund, 105 mirzə, 188 seyid, 10 dərviş fəaliyyət göstərib

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov olub.

O, Çar Rusiyası İrəvan xanlığını işğal edənə qədər bölgədə təhsilin səviyyəsindən, o cümlədən uşaqların, yeniyetmə və gənclərin təhsil alma imkanlarından danışıb.

Qeyd edib ki, 1828-ci ildə “Türkmənçay” müqaviləsi imzalanandan sonra Çar Rusiyası İrəvan qalasının işğalında ermənilərin “xidmətlərini” nəzərə alaraq, əvvəlcə bu coğrafiyaya onların kütləvi köçünü təşkil edib, ardınca da erməni vilayəti və İrəvan quberniyası formalaşdırıb. Halbuki ermənilər bu coğrafiyada əksəriyyət təşkil etməyiblər və əraziyə sonradan gətiriliblər.

Xanlığın işğalından bir müddət sonra ərazidə kameral siyahıyaalma həyata keçirən İvan Şopenin məlumatlarına istinad edən Əməkdar elm xadimi F.Rüstəmov bildirib ki, İrəvanda 12 məscid mövcud olub:

“Həmin məscidlərdən dördü dağıdılıb, səkkizi fəaliyyət göstərib. Fəaliyyət göstərən məscidlərdən ikisi isə İrəvan qalasının daxilində olub”.

Professorun sözlərinə görə, o dövrdə bütün məscidlərin nəzdində mollaxanalar, iri həcmli mədrəsələr fəaliyyət göstərib.

Bu məlumatlar sübut edir ki, İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal olunana qədər burada çox zəngin dini təhsil və tərbiyə ənənəsi olub. Eləcə də İrəvan şəhərində o dövrdə 332 axund, 105 mirzə, 188 seyid, 10 dərviş fəaliyyət göstərib.

Alim İrəvan xanlığı ərazisində dünyəvi təhsilin tarixindən, ilk belə təhsil müəssisələrinin yaranmasından da danışıb.

Bildirib ki, Çar Rusiyası Cənubi Qafqaz əhalisini ruslaşdırmaq, xristianlaşdırmaq siyasəti həyata keçirib. Bölgəni silah gücünə nəzarətdə saxlamağın qeyri-mümkünlüyünü, relyefin çətinliyini dərk edən çar məmurları çıxış yolunu təhsilə önəm verməkdə görüblər. Bu məqsədlə Çar Rusiyası “Zaqafqaziya məktəblərinin əsasnaməsi”ni qəbul edib və Cənubi Qafqazda 20 qəza məktəbinin yaradılmasını planlaşdırıb.
Professor vurğulayıb ki, sözügedən plana uyğun olaraq, 1832-ci ildə İrəvan quberniyasında ilk qəza məktəbi açılıb:

“1869-cu ildə İrəvan qəza məktəbi progimnaziyaya - natamam orta təhsil müəssisəsinə çevrilib. 1880-ci ildə İrəvanda Müəllimlər Seminariyasının yaradılması barədə qərar qəbul olunub. 1881-ci ildə isə İrəvanda Gimnaziya fəaliyyət göstərməyə başlayıb. Gimnaziya və seminariyanın məzunları əhalinin maariflənməsinə, təhsilin inkişafına böyük töhfələr veriblər”.

F.Rüstəmov İrəvanda qızların təhsilə cəlb olunmasının da diqqət mərkəzində saxlanıldığını bildirib.

O qeyd edib ki, 1900-cü illərdə qızların təhsil alacağı xüsusi məktəblər yaradılıb.

Sonda vurğulayıb ki, sovetlər birliyi dövründə Qərbi Azərbaycandakı 155 məktəbdə 40 minə yaxın azərbaycanlı şagird təhsil alıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
report.az

1Mənbələr