AZ

“Keşiş üsyanı" Paşinyanı devirsə, sülh prosesi necə gedəcək?..

Image

Elşad Həsənov: “Keşişin bu üsyanı Paşinyanın devrilməsi ilə nəticələnərsə, Azərbaycanla münasibətlər tamam dəyişə bilər”

Ermənistanın Tavuş bölgəsində baş verən etiraz aksiyaları, radikal-revanşist çağırışlar və nəticədə etirazçıların İrəvana yürüş etməsi, eləcə də paytaxtda aksiyaları davam etdirməsi, hətta bu işdə birbaşa olaraq kilsənin fəallıq göstərməsi, təbiidir ki, bölgədə gedən proseslərə çox ciddi zərbə vurur.

Keşiş Baqrat Srbazın (Qalstanyan)  başlatdığı etiraz aksiyalarının əsas tələbi Paşinyanın vəzifəsindən kənarlaşdırılmasıdır. 

İrəvanda davam edən “keşiş üsyanı” Paşinyanın devrilməsi ilə nəticələnsə, Azərbaycanla münasibətlər necə olacaq? Bu yenilik sülh prosesini tam əngəlləyəcək, yoxsa bu yöndə danışıqlar davam edəcək?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İrəvanda Tavuşun keşişinin apardığı mitinqlər ayın 9 - dan başlayıb, bu gün də davam edir: “Bu gün onlar İrəvanın mərkəzi küçələrini bağlamağa və insanları  bir yerə toplamağa çalışırlar. Bu da doğrudan da bir qarışıqlıq yaradıb. İndiyə kimi 155 nəfərdən artıq adam polis tərəfindən saxlanılıb, onlar ictimai asayişi pozmaqda, polisin qanuni tələbinə riayət etməməkdə günahlandırılıblar. Keşişin bu üsyanı Paşinyanın devrilməsi ilə nəticələnərsə, Azərbaycanla münasibətlər tamam dəyişə bilər. Çünki keşiş öz çıxışlarında bildirir ki, onlar delimitasiya və demarkasiyanın əleyhinə deyil, ancaq bunların  Ermənistanın qanunlarına görə aparılmasını istəyirlər.  Ermənistanın qanunları isə harda erməni varsa ora Ermənistan sayılır idealogiyası üzərində qurulub. Belə bir xəstə təxəyyülün nəticəsində onlar hər zaman düşünüblər ki, ermənilər dünyanın ən qədim xalqıdır, ermənilər hər yeri tikiblər, hətta İngiltərənin tarixi abidələrini, qədim Şotlandiyada olan binaların hamısını özləri inşa ediblər.  Yəni onlar belə xəstə təxəyüllə bu cür iddialar edirlər. Ancaq Paşinyan və onun komandası son dövrlər Qərbin və Amerikanın dəstəyi ilə apardığı siyasətlə ermənilərin virtual həyatdan real həyata qayıtmasına və mifik fikirlərdən çəkinmələrinə çalışır. Ona görə də, dünən Fransa Xarici iİlər Nazirliyi bəyanat yaydı. Onlar Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəklədiklərini bildirdilər. Bu danışıqların aparılmasında lazımi yardımları göstərməyi, Almatı görüşünü davam etdirməyi məsləhət gördülər. Onlar öz bəyanatlarında Cənubi Qafqazda sülhün olmasını istəyirlər. Ancaq bu gün Ermənistanda mitinqlər edərək Paşinyanı devirmək istəyən qüvvələr bundan sui-istifadə etmək istəyirlər. Təbii ki, orada iştirak etmək istəyənlərin əksəriyyəti Köçəryanın və Sarkisyanın tərəfdarlarıdır. Yəni beşinci kalonun üzvləridir. Paşinyan dövründə korrupsiyaya, rüşvətə görə işdən uzaqlaşdırılan adamlar və onların ətraflarıdır. Ancaq mən hesab etmirəm ki, onlar Paşinyanı devirə bilərlər. Əgər belə bir şey olsa, təbii ki, bu çox çətin olacaq, sülh danışıqları uzanacaq və Ermənistanla münasibətlər yenidən pis vəziyyətə gətiriləcək. Hətt müharibənin də qaçılmaz olacağı görünür. Onların apardığı bu revanşist siyasət, təbii ki, müharibəyə aparıb çıxaracaq. Ancaq hesab edirəm ki, bu hadisələr baş verməyəcək. Çünki artıq Ermənistan mətbuatında bu keşiş haqqında müxtəlif yazılar gedir. Eyni zamanda onun Kanadada erməni kilsəsində xidmət etdiyi göstərilir. Hətta Kanadada çıxan qəzetin 20 iyul 2013 - il tarixli nömrəsində  Kanada yeparaxiyasının nümayəndəsi Baqratın  maliyyə maxinasiyalari, hətta kilsəni banka girov  qoyub ordan pul götürməsi, bu gün də bir milyondan artıq borcunun qalması qeyd olunur. Bütün bunlar hamısı həmin keşişin fırıldaqlarını üzə çıxarır. Bu gün onun apardığı siyasət Ermənistan dövlətinin əleyhinədir, dövləti zəiflətməyə, sarsıtmağa yönəldilib. Hesab edirəm ki, ermənilərin böyük əksəriyyəti onu dəstəkləmir, çünki düşünürlər ki, bu onların son şansıdır. Onlar revanşist hisslərini ortaya qoyub, əhalini Paşinyanı devirməyə çağırırlar. Ancaq bir daha qeyd edirəm ki, hazırkı dövrdə bu real görünmür, Paşinyan hakimiyyəti Ermənistan seçiciləri arasında böyük səs çoxluği ilə rəğbət qazanıb. Ona görə də, yaxın günlərdə həmin mitinqlərin azalacağı bildirilir. Eyni zamanda həmin müxalifətdən olan adamların zorla mitinqlərə gətirilməyə çalışmaları da elə ciddi fayda veməyəcək. Mitinqlər çox da güclü deyil. Ona görə də hesab edirəm ki, yaxın zamanda bu məsələ tam yerini tapacaq, Azərbaycanla Ermənistan arasında sülh sazişinin noyabra kimi bağlanması labüd olacaq”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113

1Mənbələr

Şərh ()
Bağla