AZ

“AÇ-2032-yə qədər möhtəşəm komanda qurmaq istəyirik” - Həmit Altıntopun fikrincə, Türkiyə futbolunun ona ehtiyacı var

Türkiyə Futbol Federasiyasının idarə heyətinin üzvü və yığma komandaya cavabdeh yönətici Həmit Altıntop “L1 Üçgen” adlı “yutub” kanalının qonağı olub.

“Football-plus.az” xəbər verir ki, futbolçu kimi “Şalke-04”, “Bavariya”, “Real” və “Qalatasaray”da top qovmuş 41 yaşlı Altıntop yığmanın əvvəlki çalışdırıcısı Ştefan Kuntsun təyinatından tutmuş Semih Kılıçsoyun əsas komandada debüt etməmiş U-21 yığmasına göndərilməsinə qədər bir çox mövzu barədə danışıb. Xatırladaq ki, “Beşiktaş”ın yeni gənc ulduzu Semih martda ilk dəfə əsas yığmaya çağrılsa da, bir neçə gündən sonra sürpriz şəkildə U-21-in düşərgəsinə göndərilmiş və bu olay böyük söz-söhbətə səbəb olmuşdu. Sözü verək Altıntopa.

* Kuntsun yanlış seçim olduğunu qətiyyən düşünmürəm. Şenol Günəş istefa verəndən sonra federasiya məni bu vəzifəyə gətirdi. Hədəf bəlli idi. Yeni baş məşqçi tapmaq və DÇ-2022-yə vəsiqə uğrunda sona qədər mübarizə aparmaq. Bundan başqa, komandanı gəncləşdirmək və gələcək turnirlərə hazırlamaq kimi planlarımız da var idi. İnsanlar bir məqamı unudur ki, həmin dönəmdə boşda olan məşqçilərin sayı o qədər də çox deyildi. Yəni seçim imkanımız geniş deyildi. Şevçenko, Konte, Klinsmann, Çerçesov, Klinsmann və Löv kimi məşqçilər diqqət mərkəzimizə düşdü. Təbii ki, futbol dünyasında yetərincə dost-tanışım var. Bəziləri ilə məsləhətləşib fikirlərini öyrənirsən. Həmin zaman görürsən ki, namizədlər arasında olan bəzi məşqçilər ümumi rəsmə uyğun gəlmir.
* Məsələn, birinci görüşdüyümüz Löv oldu. Amma 15 il Almaniya yığmasında böyük təzyiq altında çalışdığından bir müddət istirahətə ehtiyac duyduğunu, işləmək istəmədiyini söylədi. Klinsmann həmin vaxt hələ ABŞ-da yaşadığını və ordan ayrılmaq istəmədiyini bildirdi. Qeyd etdiyim namizədlər arasında ən uzun müddət danışıq apardığımız Konte oldu. Amma heç cür ortaq məxrəcə gələ bilmədik. Çünki köməkçiləri ilə birlikdə bizdən illik 10 milyon avro tələb etdi. Şevçenko ilə danışıqlar uğurlu məcrada keçirdi. Onun da bu işdə maraqlı olduğunu hiss etdim. Amma belə desəm, aramızda heç cür qarşılıqlı enerji yaranmadı.
* Sonra bir gün köməkçilərimlə müzakirələr apararkən onlardan biri Kuntsun adını ortaya atdı. Almaniyanın gənclər yığması ilə 5,5 il ərzində üç nəhəng turnirin finalında oynadığını dedi. Alman mədəniyyəti və intizamı, eləcə də onun futbolçu kimi “Beşiktaş”da top qovması diqqətimi çəkdi. Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra tez bir zamanda psixoloji cəhətdən toparlanmağa ehtiyacımız var idi. Düzdü, heyət səviyyəli idi. Amma səviyyə kənardan göründüyü qədər böyük deyildi. Həqiqətən də yığma komandamız çox çətin bir dönəmdə idi.
* Məşqçilər korpusu üçün ayıra biləcəyimiz maksimum büdcə ilə bağlı da sıxıntılar yaşayırdıq. Bəlkə də kənardan federasiyanın imkanları çox geniş görünür. Bu qurumun məsuliyyəti böyükdü. Amma həmin anda dediyim kimi, büdcə ilə bağlı müəyyən problemlər mövcud idi. Məsələn, yeni məşqçiyə əvvəlki dönəmdəki məşqçilərin qazancının yalnız dörddəbir hissəsini təklif edə bilirdik. Bundan başqa, Kuntsun gəlişi ilə gözləntilərin də bir qədər azalacağına ümid bəsləyirdik. Məsələn, yığmanın başına Mançini və ya Mourinyonu gətirdikdə dərhal hamı həmin komandadan nəticə gözləməyə başlayacaq. Amma biz təməlləri sağlam atmaq və yalnız 2-3 il sonra ciddi nəticələr gözləmək məcburiyyətində idik.
* Əslində açıq danışsaq, Kuntsun yığmanın başında hər oyuna orta hesabla topladığı xal heç də az olmadı. Yəni onun uğursuz olduğunu deməzdim. Bundan başqa, biz heyəti Kunts ilə birlikdə cavanlaşdırdıq. Salih Özcan, Fərdi Kadıoğlu, Kənan Yıldız, Bertuğ Yıldırım, Doğan Aləmdar, Barış Alpər Yılmaz, Kərəm Aktürkoğlu kimi isimləri yığma komandaya qazandırdıq. Təsəvvür edin ki, bu komanda 2022-nin iyununda Millətlər Liqasında 4 oyuna çıxdı və hər 4 qarşılaşmada qol buraxmadan qələbə qazandı. Məhz həmin vaxt federasiyada prezident seçkisi keçirilməliydi. Futbol ictimaiyyətində hər kəs Kuntsun qovulacağını və yeni məşqçi gələcəyini müzakirə edirdi. 1-2 xəbər olsa, adam fikir verməz. Amma biz təkzib etməyimizə rəğmən, hər gün bu mövzu gündəmə gətirildi. Təbii ki, tənqid etmək insanların haqqıdı. Oyunu da, məşqçini də istədikləri qədər tənqid edə bilərlər. Bu məsələ artıq şayiə çərçivəsini aşdıqda və ağızdan-ağıza dolaşmağa başladıqda bunun qarşısını kəsmək mümkün deyil.
* Semih Kılıçsoyla bağlı cox sərt tənqidlər, sosial şəbəkələrdə xoş olmayan sözlər yazıldı. Mən, sadəcə, yığmanın nəticələrinə cavabdeh bir yönətici kimi fikrimi bildirirəm. Günün sonunda heyəti Montella qurur. Yəni yekun qərarları o verir. Yığmanın son toplanışında Semihlə bağlı bir olay yaşandı. Əvvəlcə deyim ki, mən Kılıçsoyu çoxdan tanıyıram. Mən onun istedadının fərqinə varanda çoxları hələ heçadını eşitməmişdi. Onu aşağı yaş qruplarından ibarət yığmalarda çox diqqətlə təqib edirdim. Semihin dəyərini yalnız “Beşiktaş”da oynamağa başlayandan sonra anlayan bəzi insanlar indi bizi təqnid atəşinə tutmağa başlayıb. Bizə deyirlər ki, yığmada oynatmayacaqsızsa, heyətə çağırmayın... Bu insanlar bir şeyi unudur ki, biz elə onlara, yığma komandaya və Türkiyə bayrağına xidmət edirik. Üzərimizdəki məsuliyyətin fərqindəyik.
* “Beşiktaş” rəsmiləri Semihlə bağlı açıqlama verərkən hətta “mobbinq” kəlməsini də işlətdilər. Nə mobbinqi?! Bir futbolçu avrokubokda meydana çıxıb qol vurdusa, dərhal onu göylərə qaldırıb ulduz edirik. Sonra da bu şəkildə gələcəyə hazırlaşırıq və bunun fayda verəcəyini düşünürük. Keçmişdə bunun əks örnəklərini çox görmüşük. Ulduzu erkən parlayan və adından gənc yaşda söz etdirən futbolçu bir müddət sonra gözdən itir. Biz Semihlə bağlı qərarı Montella ilə birlikdə verdik. Onu heyətə dəvət etməkdə məqsədimiz, sadəcə, onu gələcəyə hazırlamaq idi. İstədik ki, həm oyunçular və məşqçilər korpusu ilə yaxından tanış olsun, həm də yığmadakı ab-havanı öz gözləri ilə görsün. Amma insanlar o dəqiqə onu qaldırıb qoydular dağın başına. Semih bəlkə də bu yay “Beşiktaş”dan ayrılacaq. Amma yığma komandaya və Türkiyə futboluna uzun illər xidmət edəcək. Biz də ömürboyu onunla birlikdə olacağıq. Ona görə də bu tənqidlər bizi çox təəccübləndirdi.
* Sonra yığma komandaya futbolçuların menecerlərin istəyi ilə seçilməsi barədə iddialar ortaya atıldı. Ağ yalandı. Sizcə, belə bir şey mümkündümü? Hansı dünyada yaşayırıq? Bunu qəbul etmək mümkün deyil. Biz 85 milyon insanı təmsil edirik. “Menecerlər onu etdi, bunu etdi” kimi söz-söhbət bizi maraqlandırmır. O zaman mən də bir menecerlik şirkəti qurum. Allah uzaq eləsin, futbolçularla işbirliyi qurmağa başlayım. Kim ki, həmin şirkətlə işləməyə razı oldu, onları yığmaya çağırım. Məşqçi seçimini də bu qaydada edim. Bu, həyatım boyunca baş verə biləcək şeylər deyil. Bu baxımdan qəlbim və vicdanım rahatdı. Hər kəs öz tərbiyəvə əxlaqına görə ölçür.
* Hətta bir qədər də irəli gedib bu mövzuda təvazökarlıq etməyəcəm. Türkiyə futbolunun mənə daha çox ehtiyacı var, nəinki mənim Türkiyə futboluna! Təbii ki, sosial şəbəkələrdə şou xətrinə bir şeylər yazanlar mənim bu sözümü fərqli yerə yozacaqlar. Amma mən vətənimi sevirəm. Bəli, Türkiyə futbolunun mənə ehtiyacı var. İnsanların bununla bağlı nə düşünməsi də mənə maraqlı deyil. Artıq diqqətimizi AÇ-2024-ə yönəltmişik. Almaniyada gözəl bir turnir keçirib tarix yazmaq istəyirik. Bu turnirdə olmasa belə, gələcək turnirlərdə böyük uğurlar qazanacağımıza əminəm.
* Semihin adını ortaya atıb ondan başqa məqsədlər üçün istifadə etməyin. Semih bizim övladımızdı və tər-təmiz uşaqdı. Onu bu duruma salmaq heç kimə yaraşmır. Siz narahat olmayın, Montellanın bir bildiyi var ki, onu gənclər yığmasına göndərdi. Semih özü də qətiyyən narahat olmasın. Çünki Montellanın xüsusi maraqla izlədiyi oyunçuların başında gəlir. Yolun əvvəlindədi və onun hələ öyrənəsi çox şeyi var. İndi bizə yığma komandada lazım olan əsas şey sabitlikdi. Semih uzaqbaşı iki ildən sonra Türkiyə yığmasında əsas heyətdə yeri şübhə doğurmayan futbolçulardan biri olacaq. Hətta komandanı irəli daşıyanlardan olacaq. 2005-ci il təvəllüdlü yeni nəsil Türkiyədə keçiriləcək AÇ-2032-də yığmanın əsasını təşkil edəcək. Semih bəlkə də həmin nəslə liderlik, kapitanlıq edəcək. Hər halda, biz onu məhz buna hazırlayırıq. Yoxsa bir yoldaşlıq matçında çıxıb qol vurub-vurmaması çox da önəmli deyil. 2032-yə qədər möhtəşəm bir komanda qurmaq istəyirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
43
football-plus.az

10Mənbələr