AZ

“Dinamo” üçün nəticənin mənası qalmayıb

Futbol üzrə ölkə çempionatının 2-ci liqasına 25-ci turda “Baku Sportinq” “Dinamo”nu qəbul edəcək. 

“Baku Sportinq” turnir cədvəlində 58 xalla 1, “Dinamo” isə 24 xalla 9-cu pillədə qərarlaşıb. Göründüyü kimi, bu oyunun “dinamoçular” üçün heç bir əhəmiyyəti yoxdu. Ancaq hazırda 2-ci pillədə qərarlaşan “Füzuli” çempionluq şansını son tura daşımaq üçün “Baku Sportinq”in xal itkisinə ümid edir. Bəs “Dinamo”nun liderlə oyunda sensasiya etmək imkanı varmı? Bu sualı klubun rəhbəri Yaşar Seyidova ünvanladıq:
“2-ci liqada yerimizi qorumuşuq. Biz son iki oyunu məğlub olsaq və “Şəfa” son iki oyunda qalib gəlsə belə, xal durumunda bizdən yuxarı pillədə qərarlaşa bilmir. Ona görə də ciddi təhlükə yaşamırıq. Yeni yığılmış komanda olduğumuza görə hansısa iddiamız yoxdu. Məqsədimiz 2-ci liqada qalmaq idi ki, onu da təmin etmişik. 14 futbolçunu komandamıza cəlb etmişik. Heyətimiz gənclərdən ibarət komandadı. Yuxarı pillələrdə qərarlaşan komandalar 400 min manat pul xərcləyib, onlar da 2-ci liqada qalıb. Az bir məbləğ xərcləməyimizə baxmayaraq, biz də 2-ci liqada qalmışıq. Ona görə də bu məsələlərə səbr ilə yanaşırıq. Heç kimin tanımadığı gəncləri Azərbaycan futboluna qazandırdıq. Hazırda bombardirlər siyahısında olan futbolçular vaxtıilə Bakı futbol akademiyasına cəlb etdiyim şəxslərdi. Az bir maliyyə ilə bu işin öhdəsindən gəldik. Çempionluğu rəsmiləşdirən komanda ilə qarşılaşacağıq. Futbolu gözəlləşdirən sürprizlərdi”.


ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
football-plus.az

1Mənbələr