AZ

Ailəsinin qətlində ittiham olunan Əhməd Əhmədovla bağlı məhkəmə gələcəkdə hansı qərarı verə bilər

Anası, atası, azyaşlı qardaşı, bacısı və onun 5 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixi durumuyla bağlı ikinci ekspertizanın rəyi açıqlandı. Məlum oldu ki, birinci ekspertizada olduğu kimi, yenə də onun cinayəti törədərkən anlaqsız olması barədə rəy verilib. Ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun hadisəni törədərkən və hazırda anlaqlı olub-olmadığını, hərəkətlərinin nəticəsini dərk edib-etmədini müəyyənləşdirmək üçün prokurorluq hələ fevral ayında – hadisədən bir neçə gün sonra onun psixiatrik ekspertizadan keçirilməsinə qərar vermişdi. Qanuna görə, şəxs bu halda belə, ekspertizadan keçmək üçün psixiatriya xəstəxanasına məhkəmənin qərarı əsasında yerləşdirilə bilər. Prokurorluğun müraciəti əsasında Xətai rayon Məhkəməsi Əhməd Əhmədovun psixiatriya xəstəxanasına köçürülməsinə qərar vermişdi. Mart ayında təxminən 3 həftə Əhməd Əhmədov Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında saxlanılaraq, müayinə olunmuş və Bakı İstintaq Təcridxanasına qaytarılmışdı. Bu müayinələrin nəticəsi olaraq, komission məhkəmə-psixiatrik ekspertizası onun anlaqsız olması barədə rəy vermişdi. Lakin istintaqı aparan Xətai rayon Prokurorluğu bu rəylə razılaşmamış, aprelin 6-da Əhməd Əhmədovla bağlı təkrar komission məhkəmə psixiatrik ekspertizasının keçirilməsinə qərar vermişdi. Yenə də onun xəstəxanaya yerləşdirilməsi üçün məhkəməyə müraciət olunmuş, Xətai rayon Məhkəməsi bu haqda qərar qəbul etmişdi. Lakin nəticə yenə dəyişməyib – ekspertlər onun anlaqsız olduğunu bu rəydə də təkrarlayıblar. Baş Prokurorluğun mətbuat xidmətindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, Xətai rayon prokurorluğunda Əhməd Əhmədovun haqqında tibbi xarakterli məcburi tədbirlər üzrə icraatın başlanmasına qərar verilib. Çünki cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən ilkin və təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyləri nəzərə alınaraq, Əhməd Əhmədovun cəmiyyət üçün təhlükəli olduğu müəyyən edilib. Ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan 25 yaşlı Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb. Bu maddələrlə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Belə olan halda, cəmiyyətdə insanların əksəriyyətində bir ailənin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun gələcəyi, belə hallar üçün qanunvericiliyin tələblərilə bağlı suallar yaranır. Vəkil Rəşad Əliyev bu məsələni Bizimyol.info-ya ətraflı şəkildə şərh edərək bildirib ki, “anlaqsız” dedikdə xroniki psixi xəstəlik, əqli gerilik və s. nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk eləməyən, onu idarə edə bilməyən şəxs başa düşülür. Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 21-ci (anlaqsız) maddəsinə əsasən, cinayət törədərkən anlaqsız vəziyyətdə olan şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Ancaq onun barəsinə məhkəmə tərəfindən Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Vəkil bildirib ki, tibbi xrakterli məcburi tədbirlərin əsasları da Cinayət Məcəlləsinin 93-cü maddəsində öz əksini tapıb: “Bu maddəyə əsasən, anlaqsız şəxsin özünə və ya başqalarına zərər yetirməsi təhlükəsi varsa, məhkəmə ona tibbi xarakterli məcburi tədbirlər təyin edir. Öz psixi vəziyyətinə görə təhlükə törətməyən anlaqsız şəxslər barəsində zəruri materiallar isə onların müalicəsi, yaxud da psixonevroloji müəssisələrə göndərilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi quruma verilir”. Rəşad Əliyev qeyd edib ki, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiqində məqsəd onların müalicə olunması, psixi vəziyyətlərinin yaxşılaşdırılması, eləcə də yeni cinayət törətmələrinin qarşısını almaqdır. Beləliklə, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslə bağlı yekun qərarı da məhkəmə verir. Əhməd Əhmədovun işi üzrə istintaq yekunlaşandan sonra onunla bağlı cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Cinayət törədərkən anlaqsız hesab edilən və haqqında tibbi xrakterli məcburi tədbirlərin tətbiqinə qərar verilən şəxslər xəstəxanaya yerləşdirilib, stasionar qaydada müalicə aldıqda, o, 6 aydan bir yoxlanılır. Məcburi müalicənin ləğv edilməsi yalnız onun müalicə aldığı xəstəxananın rəhbərinin təklifi ilə məhkəmə tərəfindən həyata keçirilir. İttihama görə, Əhməd Əhmədov fevralın 13-də paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 5 yaşlı qızını balta ilə qətlə yetirib. O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib. Öncə evdə olan atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu balta ilə öldürüb. Daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədin gəlməsini gözləyib. Ana və uşaq birlikdə gələndə onlar da balta ilə qətlə yetirilib. Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədov Bakıdakı 59 saylı məktəbin direktoru idi. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
bizimyol.info

1Mənbələr