AZ

Ahıl şəxslərin bir günü: Sosial Xidmətlər Agentliyinin müəssisəsindən REPORTAJ - FOTO

Belə bir məsələ var, deyirlər ki, insan öz ailəsini seçə bilmir. Bəlkə doğrudur, bəlkə də, yox. Çünki həyatda hər şey nisbidir. Bu gün sizə danışacağımız məkanda olan insanların böyük əksəriyyətinin övladı var. Amma hər birinin yolunu buraya salan səbəblər müxtəlifdir. Diqqət etsəniz onların həyat hekayələrini baxışlarından, əllərindəki qırışlardan belə oxumaq olar...

Oxu.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən reportaj hazırlayıb.

Ahıl şəxslərin hər birini kimsəsiz adlandırmaq olmaz. Onların çoxu buraya məhz yaxınları vasitəsilə gətiriliblər. Amma əksəriyyəti hələ də övladlarının yolunu gözləyir. Bəlkə də, valideyn olmaq hər bir halda övladından razı olmaq deməkdir, kim bilir...

Bir-birini 70 yaşa qədər bəlkə də, tanımayan onlarla ahıl şəxs, bu gün bir dam altında ailə kimi yaşayır. Böyük bir ailə yaradan bu insanları qan bağı yox, tale bağı birləşdirir. Burada kiməsə pis münasibət, ayrı-seçkilik ola bilməz. Çünki daim dövlət qayğısını hiss edirlər. Onlar kiminsə atası, anası, dayısı, əmisi, xalası, bibisi, bacısı, qardaşıdırlar.

Sakinlərin yaşı 70 və daha çoxdur. Ahıl şəxslərin müəssisədə gününü maraqlı keçirmələri üçün hər cür şərait yaradılıb. Onlar arasında bitkilərə marağı olan, könüllü olaraq həyətdəki yaşıllıqlara baxır, çiçəkləri sulayır, bağban kimi yaşadığı yerin qayğısına qalır. Bəziləri nərd oynayır, domino, şahmat, hətta futbol oynayan ahıllar belə var.



Xanımlar isə daha çox əl işlərinə maraqlıdırlar. Tikiş maşınında gözəl əl işləri hazırlayan, toxuculuqla məşğul olanlar da var. Onlar gün ərzində əl əməyi, göz nuru ilə maraqlı toxumalar hazırlayıb, nəvələrinə göndərirlər.



Bu həyatda yaşadığımız nə varsa, bir sınaqdır. Hər kəsin həyat sınağından layiqincə çıxması diləyi ilə...


Könül Cəfərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
oxu.az

2Mənbələr