AZ

Türkiyə Ermənistanla sərhədləri açır? - iddia

“Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gələcək istənilən siyasətçi dərhal Azərbaycan və Türkiyə ilə yeni konfrontasiyaya başlayacaq və bu daha yüz il sürəcək”.

“Yeni Müsavat” xəbər verir ki, bunu haqqin.az-a müsahibəsində türkiyəli tanınmış politoloq, Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oktay deyib.

“Bu, əlbəttə ki, erməni müxalifətinin müstəqil seçimi deyil. Rusiyanın son 150 ildə Güney Qafqazda ardıcıl həyata keçirdiyi strateji siyasətidir. Qafqaz regionunda Rusiya imperiyasının tarixi münaqişələr yaratmaq üzərində qurulub. Paşinyan təcrübəli siyasətçi kimi Azərbaycanla sülhün önəmini dərk edir və buna görə faktiki Bakı ilə sülh sazişinin imzalanmasına, deməli, Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq qərarlar qəbul edir”, – deyə analitik vurğulayıb.

Onun əminliyinə görə, bu gün regionumuzun taleyi üç ölkənin - Azərbaycan, Ermənistan və Türkiyənin ortaq qərarından asılıdır: “Söhbət indiki mərhələdə siyasi nizamlamanı gözləmədən Ermənistan-Türkiyə sərhədinin açılmasından və Ermənistanın tranzit imkanlarından istifadədən, habelə Zəngəzurdan keçən ekstraterritorial nəqliyyat dəhlizi deyil, Naxçıvan Muxtar Respublikası ilə materik Azərbaycan arasında Qarabağ münaqişəsinədək mövcud olmuş və Ermənistanın özünə də iqtisadi cəhətdən sərfəli olan adi bir yoldan gedir”.

Həsən Oktay daha sonra fikrini belə davam etdirib: “Ankara üçün hazırda Ermənistan-Türkiyə sərhədini açmağın əsl vaxtıdır. Hesab edirəm ki, yalnız erməni tərəfdən təşəbbüs gözləməkdənsə, Türkiyənin özü irəliyə doğru addım atmalıdır. Hər halda Azərbaycanın işğal altındakı bütün torpaqları artıq azad edilib, Qazax rayonunun 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə olunub. O zaman niyə də türk diplomatları İrəvanla münasibətlərdə çeviklik göstərməsin?

Doğrudur, Ermənistan konstitusiyasında Ağrı dağının Ermənistana aid olması barədə bənd var. Ancaq Paşinyan yeni demokratik konstitusiya qəbul etməyə hazırlaşır. Ona görə də qəti inamıma görə, saxta “soyqırım” məsələsini hər iki tərəf gələcəkdə müzakirə edə bilər”.

Türkiyəli politioloq hesab edir ki, Ankara-İrəvan münasibətlərinin normallaşması və Ermənistan-Türkiyə sərhədinin açılması Rusiya hərbçilərinin Qarabağı tərk etdiyi kimi, Ermənistanı da tərk etməsinə gətirəcək: “Türkiyə ilə sərhəddə rus sərhədçilərinin mövcudluğu bütünlüklə erməni-türk düşmənçiliyi faktoruna bağlıdır. Münasibətlər nizamlanan kimi rus sərhədçilərin Ermənistan tərəfində davamlı qalmasının mənası itəcək. Bundan əlavə, Ermənistan-Türkiyə münasibətlərinin bərpası Sərkisyan-Köçəryanın rəhbərlik etdiyi Rusiyanın “beşinci kolon”unu mənasız bir rudimentə çevirəcək”.

Hasan

Azərbaycanlı ekspertlər Həsən Oktayın mülahizələrini bölüşürmü? Türkiyə bölgədə Rusiya amilini tam sıradan çıxarmaq üçün sülh müqaviləsi imzalanmadan da Ermənistanla sərhədləri aça bilərmi? Bakının buna reaksiyası necə olar?

Xatırladaq ki, rəsmi Ankara İrəvanla əlaqələrin normallaşmasını onun Bakı ilə sülh sənədi imzalamasına bağlayır. Bakı isə Ermənistan konstitusiyasından ərazi iddialarının çıxarılmasını tələb edir.

Deputat Azər Badamov bu fikirlərlə razılaşmır: “Ermənistanda baş verən etiraz aksiyaları hətta Paşinyan hakimiyyətinin çevrilişinə aparsa belə yaratdığımız yeni reallığı heç kim dəyişə bilməz. Revanşistlərin hakimiyyətə gəlişindən sonra Azərbaycanla yenidən güc dilində danışacaqları ilə bağlı səsləndirdikləri fikirlər sadəcə insanları öz arxalarınca apararaq hakimiyyəti əllərinə keçirmək üçün etdikləri siyasi təxribatdan başqa bir şey deyil. Çünki, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etmişik. Onlara Azərbaycan əsgəri ilə üz-üzə gələ biləcək ordusunu formalaşdırmaq üçün on illər lazım olacaqdır. Həm də Azərbaycan da bir yerdə dayanmayıb. Silahlı Qüvvələrinin güclənməsi üçün davamlı tədbirlər görülür. Orduya yeni silahlar alınır və peşəkarlıq artırılır. Bu baxımdan Ermənistanda revanşizmdən danışanlar da  hakimiyyətə gəlsə belə, əlinə silah alıb Azərbaycan ordusu ilə müharibəyə girmək cəsarəti heç vaxt olmayacaq. 44 günlük müharibə döyüş meydanında  silahı yerə ataraq qaçan 12 mindən çox fərarinin ürəyinə elə bir qorxu düşüb ki, həmin qorxunu onların canından heç kim çıxarda bilməz. İrəvanda meydana çıxaraq müharibədən danışmaq heç də döyüş meydanında müharibə edə bilmək bacarığı kimi qəbul olunmamalıdır. Türkiyə-Ermənistan sərhədinin dərhal açılmalı olduğunu ifadə edən türkiyəli politoloq Həsən Oktayın fikirləri ilə heç cürə razı ola bilmərəm. Çünki, Azərbaycan -Türkiyə “Bir millət iki dövlətdir”. Türkiyənin Prezidenti dəfələrlə açıq şəkildə qeyd edib ki, Azərbaycanla sülh müqaviləsi imzalanmamış və Zəngəzur dəhlizi açılmamış Ermənistanla sərhədlər açıla bilməz. Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycan-Ermənistan münasibətlərinin necə olacağından asılıdır. Əgər Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına  razılığını bildirərək belə bir sənəd imzalayarsa, təbii ki, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi də reallaşa bilər. Əks halda nə Azərbaycanla, nə də Türkiyə ilə Ermənistanın sərhədləri açılmayacaq və bu ölkə uzun illərdə olduğu kimi yenə də təcrid olunmuş şəkildə  qalmağa davam edəcək”.

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva hələ də sərhədlərin açılmasından danışmağın tez olduğunu düşünür: “Ermənistanla Türkiyə sərhədlərinin açılması məsələsi artıq bir neçə dəfə gündəmə gəlib, lakin bu məsələnin yaxın zamanlarda reallaşacağı qeyri real görünür. Ermənistanın Türkiyəyə münasibətdə tarixi düşmənçilik və soyqırım iddiaları davam etdikcə iki ölkə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması çətindir. Həmçinin, unutmaq olmaz ki, Türkiyənin daxili siyasəti də bu məsələ ilə bağlı qərara təsir etmək gücündədir. Qarşı tərəfdə isə, indiki hakimiyyətin yürütdüyü siyasətə baxmayaraq, Ermənistandakı millətçilik meylləri, bununla bağlı daxili siyasi vəziyyət və iqtidara edilən təzyiqləri də nəzərə alsaq Paşinyanın da belə bir addım atacağını düşünmürəm. Halbuki, sərhədlərin açılması Rusiyanın bölgədəki nüfuzunu zəiflədə, Ermənistan iqtisadiyyatının yaxşılaşmasına töhfə verə bilər. Rusiya öz maraqları baxımından sərhədlərin açılmasında maraqlı deyil və bu vəziyyətdən də narahat olacaq. Odur ki, bölgədəki proseslərə nəzarətini itirməmək üçün o da müvafiq addımlar atacaq. Həmçinin unutmaq olmaz ki, Türkiyə və Azərbaycan dostluğu və həmrəyliyi fonunda Azərbaycanın maraqlarını nəzərə almadan dost ölkə belə bir siyasi manevr etməz. Azərbaycanın Qarabağ məsələsindəki maraqlarını qorumaq və dəstəkləmək məqsədilə Türkiyə Ermənistanla sərhədlərin açılmasını Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi şərtinə bağlayır və verilən açıqlamalar birmənalı şəkildə bu yöndədir”.

AĞ partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov isə hesab edir ki, sülhə qədər Ermənistanla sərhəddin açılması revanşizmin ölmədiyi bu ölkəyə nəfəslik vermək olar: “Görürəm ki, qardaş ölkənin bəzi siyasətçi və politoloqları "milleti sadıka" faciəsini unudublar. Ermənistan ümumiyyətlə, hərbisizləşdirilməlidir. Mən bunu ilk dilə gətirən olmuşam və indi də təkrarlayıram. Ermənistana məhdud sayda sərhəd xidməti və daxili problemlər üçün polis kifayət edər. Ermənistanda liberalın da, ənənəçinin də şovinizm damarı var. Əsrlərlə Tiqranın arzularını yuxusunda görüb hamının yuxusuna zəhər qatan bir toplumdan söhbət gedir. Paşinyan da düzdür sülh istəyir. Amma nə üçün? Öncə iqtisadi rifah və güc, sonra hərbi diriliş. Məhz bu səbəbdən hələ də orduya bənzər qurumu olan Ermənistanla sərhədi açmaq olmaz. Bu nədir bilirsinizmi? Bu öncə ticarət, pul, gəlir deməkdir. Bu gələcəkdə ora yatırım edəcək türk iş adamlarını lobbi fəaliyyətinə cəlb etmək deməkdir. Bu "hamımız Hrant Dinkiz" deyənlərin güclənməsi deməkdir. Bu Azərbaycan-Türkiyə münasibətlərinə zərər vermək deməkdir. Ermənistanla sərhədin açılması onun danışıqlarda dilini uzadar. Sən sərhədi fakt bağlı saxlayırsan. Açsan yenidən hansısa bir formada necə bağlayacaqsan. Ermənistanla Zəngəzur dəhlizi açılmadan sərhəddi açmaq Türkiyə xarici siyasətində və ticarətində Naxçıvan amilinin zəifləməsi deməkdir. Ona görə də, bunu düşünmək belə təhlükəlidir. Ermənistanla sərhədi açmaq Rusiya amilinə qarşı ola bilməz. Rusiya Ukraynada Qərbi bütün institutları ilə dizə gətirdi. Ola bilər ki, Türkiyə ilə yeni dünya konfiqurasiyası üzərində çalışır. Ona görə Oktay müəllim tələsməsin”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
3

1Mənbələr

Şərh ()
Bağla