AZ

İrəvanda kilsə - müxalifət ittifaqı zora düşdü...

Image

Ermənistanda ictimai-siyasi müstəvidə gərginlik davam edir. Kilsə və radikal müxalifət mövcud hakimiyyəti devirməyə can atır. Bu fonda Ermənistanda müxalifət baş nazir Nikol Paşinyan barəsində etimadsızlıq səsverməsinin keçirilməsi proseduruna hazırlaşdığını bildirib.

Amma məsələ burasındadır ki, Ermənistan Konstitusiyasına görə, belə bir təşəbbüslə çıxış etmək üçün parlamentdəki müxalifət partiyalarına azı 36 səs lazımdır. Hazırda onlar yalnız 35 mandata malikdirlər. Konstitusiyanın 115-ci maddəsinə görə, baş nazirə etimadsızlıq səsverməsinin keçirilməsi tələbi ilə çıxış etmək üçün parlamentdəki 107 deputatdan azı 36-nın imzası lazımdır. Amma parlamentdə keçmiş prezident Robert Köçəryanın “Hayastan” fraksiyasının 29, daha bir keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının isə 6 deputatı var. Beləliklə, qanun layihəsinin parlamentə təqdim oluna bilməsi üçün müxalifətə daha bir imza lazımdır.  Belə olduğu halda müxalifətin iki yolu qalır: ya 2021-ci ildə “Şərəfim var” fraksiyasını tərk etmiş İşxan Zakaryanı imzasını verməsi üçün yola gətirmək, ya da bu təşəbbüsə qoşulmaları üçün hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatlarından kimlərisə cəlb etmək. Hələlik isə Azərbaycanla delimitasiyaya qarşı etiraz aksiyası başladan və Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat Qalstanyan İşxan Zakaryanın onlara qoşulduğunu elan edib. O bildirib ki, Zakaryanla iki dəfə görüşüb və o, Paşinyana qarşı impiçment başlatmaq təklifini rədd etməyib. Onun sözlərinə görə, artıq müxalifət fraksiyalarının “birinci mərhələni keçdiyini” təxmin etmək olar: “İndi qalır iki əsas məsələ: daha 18 deputatın tapılması və baş nazirliyə namizədin müəyyənləşdirilməsi”. Keşiş bir daha baş nazirliyə iddiasını ortaya qoyub və “xalq istəsə”, “katolikosun xeyir-duası ilə” istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. “Hayastan” fraksiyasından deputat Geqam Manukyan  deyib ki, hazırda Paşinyanın impiçmenti prosesi müzakirə olunur. Qanuna görə, baş nazirin istefasını tələb edənlər, həm də onun yerinə namizədlərini verməlidirlər. Geqam Manukyan deyib ki, hüquqi və texniki məsələlərə daha sonra aydınlıq gətiriləcək. Müxalifətin müzakirələri davam etdirdiyi bir vaxtda hakimiyyət hər hansı iqtidar deputatının impiçment prosesinə qoşulacağını istisna etdiyini bildirib. Şərhçilər bildirirlər ki, müxalifət tələb olunan 36-cı imzanı əldə etsə belə, daha sonra qərar 48 saatdan tez, 72 saatdan gec olmayaraq səsə qoyula bilər. Qətnamə deputatların sadə çoxluğu ilə qəbul edilə bilər, amma bunun üçün müxalifətə 54 səs, yəni əlavə olaraq 18 səs lazım olacaq. Bu isə hazırkı şəraitdə, demək olar, qeyri-mümkündür. Qanuna görə, baş nazirə etimadsızlıq səsverməsi iflasa uğrayarsa, növbəti səsvermə altı aydan tez keçirilə bilməz. İqtidar deputatları bildirirlər ki, elə bu səbəbdən müxalifət meydana yüz minlərlə etirazçı toplamağa çalışır. Hazırda bu rəqəm bir neçə on mindir.

Bu arada iqtidar deputatlarından Hovik Ağazaryan müxalifətçilərdən polisə şikayət verdiyini bildirib. O qeyd edir ki, müxalifət Respublika meydanında Baqrat Qalstantanyanın keçirdiyi mitinqə pulla ələ alaraq iştirakçılar gətirir. Ağazaryan onu da bəyan edib ki, hakimiyyətin 71 deputatından heç kim müxalifətin təşəbbüsünə qoşulmayacaq. O, müxalifəti qanunsuz addımlar atmaqla dövlət çevrilişinə hazırlıqda ittiham edib. Bildirib ki, hazırda arxiyepiskop Baqrat Qalstanyanı dəstəkəyənlər iki il bundan əvvəl Baqramyan küçəsində çadırlar quraraq Paşinyanın istefasını tələb edən eyni qüvvələrdir: “Birincisi, Kanada vətəndaşı, ikili vətəndaşlığı olan Baqrat Qalstanyanı Robert Köçəryan və Serj Sarkisyanın Rusiya imperiyasına xidmət edən tərəfdarları dəstəkləyir”. Yeri gəlmişkən, Qalstanyan Kanada vətəndaşı olduğunu təsdiqləyib. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovannisyan deyib ki, hazırda Ermənistanda dövlət çevrilişi etməyin yeganə yolu zorakılığa əl atılmasıdır və iqtidar buna qətiyyən yol verməyəcək: “Biz diqqət yetiririk ki, Tavuşda guya delimitasiya və demarkasiyaya görə başlanmış bu prosesin təşkilatçıları mayın 9-da keçirilmiş mitinqdə demarkasiya sözünü heç dillərinə də gətirməyiblər”. Deputat bunu da deyib ki, İrəvanın guya Bakıya birtərəfli güzəştlər etməsinə dair yayılan şayiələr də əsassızdır: “Kilsə bu məsələdə tam bir iştirakçıdır. Əgər onlar bir vaxtlar daldada hökuməti gözdən salan yalanları yayırdılarsa, biz indi görürük ki, Baqrat katolikosdan birbaşa dəstək alır”. Baqrat Qalstanyan  isə etirazçıları səbrli olmağa və gözlədiklərindən daha uzun müddətdə mübarizəni davam etdiməyə hazır olmağa çağırıb. Xatırladaq ki, Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra o, parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aksiyalarının və impiçment prosesinin başladığını elan edib. O, vaxtilə Paşinyanın keçmiş prezident Serj Sarkisyana müraciətini olduğu kimi təkrar edib: “Sənin Ermənistanda artıq heç bir hakimiyyətin yoxdur”. Paşinyan və müttəfiqləri Qalstanyanı və bütövlükdə Erməni Kilsəsini və onun başçısı katolikos II Qaregini ölkədə vəziyyəti qarışdırmaqda və xarici qüvvələrə xidmət etməkdə ittiham ediblər. Paşinyan bəyan edib ki, Ermənistanda ruhani hakimiyyətini itirmiş kilsə siyasi hakimiyyət oyunlarına başlayıb. Baş nazir bunu da deyib ki, Erməni Kilsəsinin patriarxı – katolikos II Qareginin rəhbərliyi altında keçirilən etirazların əsas mənfəətdarı keçmiş prezident, əsas müxalifət alyansı olan “Hayastan” fraksiyasının başçısı Robert Köçəryandır. O əlavə edib ki, Köçəryan bu məsələdə Moskvanın maraqlarına uyğun hərəkət edir. 

Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etmələrindən sonra başlayıb. 

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
baki-xeber.com

1Mənbələr