AZ

Paşinyan genosidə münasibətdə Azərbaycana və Türkiyəyə yaxınlaşdı- qalmaqal başladı...

Image

Elnur Kəlbizadə: “Bu institutun tarixi həqiqətləri müəyyən dərəcədə də olsa qəbul etmək istəyən Ermənistan rəhbərliyinə təzyiq göstərmək siyasəti...”

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı kilsə üsyanı səngiməmiş ardınca Lemkin İnstitutu da onu hədəfə aldı. Belə ki, Lemkin İnstitutu Paşinyanı erməni “soyqırımının” tanınması uğrunda mübarizəni sarsıtmaqda ittiham edib.

“Ermənistanın Baş nazirinin 1915-1923-cü il hadisələrinin (?) türk variantını təkrarlaması Türkiyənin “erməni soyqırımına” görə məsuliyyətini azaltmaq risqi daşıyır. Bu, “soyqırım”ın beynəlxalq səviyyədə tanınması səylərini sarsıda və Türkiyəni məsuliyyətə cəlb etmək üçün gələcək addımları çətinləşdirə bilər”. Erməni mediası yazır ki, Lemkin adına “Amerika Soyqırımının Qarşısının Alınması” İnstitutu 24 aprel erməni “soyqırımı” “qurbanlarının” anım günündə   Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətindən, eləcə də Ermənistanda səslənən bir sıra tezislərdən narahatlığını bildirib. Təşkilat diqqəti Paşinyanın “soyqırım”  “qurbanlarının” siyahısının tərtib edilməsi barədə təklifinə yönəldərək, onu Türkiyəyə yaxınlıqda ittiham edib. 

İnstitut “Paşinyan çıxışında baş verənlərə görə faktiki olaraq günahı qurbanların öz üzərinə atıb və bununla da Türkiyə və Azərbaycanın soyqırıma görə məsuliyyətini şübhə altına alıb”-deyə qeyd edib. Təşkilat Paşinyanın Ankara və Bakı ritorikasının əsas aspektləri ilə açıq-aşkar razılaşdığını da deyib.  “Onun Ermənistanın Cənubi Qafqazda sülhün əldə olunmasına mane olduğunu etiraf etməsi erməni cəmiyyətində davamlı tənqidlə qarşılanıb. İnstitut bu hadisələrdə “təcavüzkarların” rolunun qeyd edilməməsini xüsusilə təəccüblü hesab edib.

Üstəlik, Paşinyan Osmanlı İmperiyasında ermənilərin çoxəsrlik tarixinə məhəl qoymadı, hər şeyi bayağı “geosiyasi intriqalara və yalan vədlərə” bağladı”. 

İnstitunun yazdığına görə,  onun tezisləri həm də Türkiyənin erməni “soyqırımı” ilə bağlı rəsmi mövqeyi ilə səsləşir ki, bu da bunu əsaslandırır. 

“Görünür, Paşinyan inandırmağa çalışır ki, ermənilər yalnız Türkiyənin ekspansionist planlarına boyun əyməklə gələcək soyqırımlardan qaça bilərlər", - təşkilat qeyd edib.

Lemkin İnstitutu Paşinyanın ermənilərin başqalarına deyil, özlərinə “bir daha heç vaxt” demələri ilə bağlı dediklərini “soyqırım”ın qarşısının alınması məsuliyyətini erməni xalqının üzərinə yükləmək cəhdi kimi qiymətləndirib.

İnstitut vurğulayıb ki, Baş nazirin erməni “soyqırımı”nın nəticələrini və miqyasını aşağı sala bilən bəyanatları nəinki onun tanınması (?) səylərinə zərbə vurur, həm də onun təkrarlanması üçün risqli presedent yaradır. 

Lemkin İnstitutu Paşinyanı bəyanatlarına yenidən baxmağa və Ermənistanın erməni “soyqırımı” kontekstində “ədalətin bərpası” məqsədlərinə sadiqliyini təsdiq etməyə çağırır.

Təbii ki, Lemkin İnstitutunun Türkiyəni və Azərbaycanı “soyqırım”da ittiham etməsi tamamilə absurddur. İddia edildiyi kimi, nəinki 1915-ci, 2023-cü ildə ermənilərə qarşı hər hansı bir genosid törədilməyib, Azərbaycan və Türkiyənin də hədəfi heç zaman erməni xalqı olmayıb, biz bölgədə sülh, əminamanlıq, dayanıqlı barış istəyirik. Paşinyan da indiyə qədər xaricdəki erməni lobbisinin, erməni kilsəsinin, daşnak düşüncəli kəsimlərin və onların arxasında duran məlum qüvvələrin illərdir ortaya atıb fırlatdıqları iddianın əsassız olduğunu deyib. Bu da həm Ermənistanın daxilindəki, həm də xaricindəki qüvvələri hərəkətə keçirib. Bu gün Erməni Qriqoryan kilsəsi ilə xaricdəki erməni lobbi və diaspor qurumları, Lemkin İnstitutu kimi təşkilatlar  Paşinyanın bəyanatını əllərində əsas tutaraq bölgədə yaranmaqda olan sülh mühitinə zərbə vurmağa çalışırlar. Nikol Paşinyan erməni “soyqırım”ına aid “real əsaslar” yaradılmasını, “soyqırıma” məruz qalan ermənilərin daha obyektiv siyahısının tərtib olunmasını istəyib. Bundan başqa, Paşinyanın son zamanlar “erməni soyqırımı” ifadəsi yerinə “böyük fəlakət” və ya “qətliam” kəlmələrini səsləndirməsi ermənilər arasına vəlvələ salıb ki, o, “soyqırım” ifadəsindən imtina edir. Paşinyanı həm Lemkin İnstitutu, həm də başqa təşkilatlar milli satqın kimi xarakterizə edirlər. 

Bir sözlə, Paşinyanın bu açıqlaması aranı qarışdırıb, iki həftədən çoxdur ki, yeni qarşıdurma meydanı yaradıb və qalmaqala səbəb olub. İndi saxta  “soyqırım” məsələsi ilə bağlı ermənilər arasında ikiyə bölünmə var, bir qisim insanlar Paşinyanın dediyini deyir, bir qisim insanlar isə kor tutduğunu buraxmayan kimi yalanların quyruğundan yapışıblar. 

“Artıq erməni xalqının müəyyən kəsimi anlamağa başlayıb ki...” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Lemkin adına “Amerika Soyqırımın Qarşısının alınması” İnstitutu mahiyyət etibarı ilə qeyri-hökumət təşkilatı xarakteri daşıyan formal bir qurumdur.  “Bu institutun hansı hadisələrə necə qiymət verməsindən asılı olmayaraq, tarixdə “erməni soyqırımı”nın baş vermədiyi hər kəsə, həm tədqiqatçılara, həm alimlərə, həm də müxtəlif ölkələrin siyasi liderlərinə gün kimi aydındır. Ortaya atıldığı dövrdən bəri bu “soyqırım” müxtəlif ölkələr tərəfindən öz məqsədlərini həyata keçirmək üçün vasitə olaraq istifadə edilib.  Artıq erməni xalqının müəyyən kəsimi anlamağa başlayıb ki, əslində ortaya atılan bu iddia qondarma, saxta bir məsələdir. Anlama başlayıblar ki, uzun illər ərzində belə bir saxta məsələni ortaya atmaqla bir çox güc mərkəzi olan dövlətlər öz maraqları naminə bundan istifadə etməyə çalışıblar, əslində, bu məsələ ilə ermənilərin, erməni xalqının yerləşdiyi coğrafiyadakı, bölgədəki mövqeyinə çox ciddi şəkildə zərbə vurublar. Görünür, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri Ermənistanın hazırkı rəhbərliyinə tarixi gerçəklikləri daha aydın şəkildə anladıb. Paşinyan müəyyən məqamlarda başa düşüb ki, bölgədə normal yaşamağın yolu əsassız, xəstə təxəyyülün məhsulu olan iddialardan əl çəkməkdir, başqalarının əlində oyuncağa çevrilməməkdir”-deyə E.Kəlbizadə bildirdi.   

E.Kəlbizadənin sözlərinə görə, Lemkin adına “Amerika Soyqırımın Qarşısının alınması” İnstitutu da indiki halda ABŞ-da fəaliyyət göstərən bəzi erməni təşkilatlarından dəstək almaq üçün (bura maliyyə dəstəyi də daxildir-E.K) bu cür addımlar atır. “Yaxud da ki, ABŞ-dakı daşnak ideologiyasına sahib müəyyən erməni təşkilatları məsələni gündəmdə saxlamaq üçün bu cür qurumlardan istifadə edirlər. Biz hazırda bu institutda təcrübə keçən tələbələrin siyahısına baxsaq, orada erməni əsilli bəzi şəxslərin adlarını da görməyimiz mümkündür. Beləliklə, bir daha vurğulamaq lazımdır ki, əslində qeyri-hökumət təşkilatı kimi yaradılan bu cür institutların hansısa açıqlamalarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.  Bu institutun tarixi həqiqətləri müəyyən dərəcədə də olsa qəbul etmək istəyən Ermənistan rəhbərliyinə təzyiq göstərmək siyasəti və təzyiq göstərmək məqsədilə irəli sürdükləri fikirləri bölgədə sülh quruculuğuna xidmət etmir, əksinə, dağıdıcılığa xidmət edir. Bu baxımdan da, bu cür təşkilatlar, eyni zamanda o təşkilatların yaradılmasına dəstək verənlər, müvafiq qurumlar öz fəaliyyətləri və yanaşmaları barədə bir daha düşünməlidirlər”-deyə E.Kəlbizadə vurğuladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
baki-xeber.com

1Mənbələr