AZ

Azərbaycan Vahid Çin siyasətinə tam dəstək verir...

Image

Qarşılıqlı münasibətlərini uğurla inkişaf etdirən Azərbaycan və Çin daim bir-birinin ərazi bütövlüyü məsələsində də prinsipial mövqe nümayiş etdiriblər. Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevlə görüşləri zamanı bunu həmişə xüsusi olaraq vurğulayıb. Digər rəsmi səviyyələrdə təmaslar zamanı da Çin bu mövqeyini ifadə edib.

Azərbaycan da eyni yanaşma sərgiləyir. Məsələn, prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bu xüsusda bildirib: “Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir”.   Xalqların öz müqəddəratının təyin edilməsinin hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli olmadığını diqqətə çatdıran prezident bildirib ki, bu, beynəlxalq hüququn fundamental prinsipidir. Xatırladaq ki, 1949-cu ildə vətəndaş müharibəsi başa çatdıqdan sonra Tayvanın dövlətinin tərkib hissəsi olması tezisi Çinin əsas idarəetmə sənədlərində - Konstitusiyada, strateji planlar, hərbi doktrina və sairdə mövcuddur. Tayvan Çinin ölkənin cənub-şərqində yerləşən əyalətidir. Çinin ən böyük adası Tayvan və ona bitişik adalardan ibarətdir. Onun ümumi sahəsi təxminən 36 min kvadratkilometr, əhalisi 24 milyon nəfərdir. 1949-cu ildə Çində vətəndaş müharibəsinin sonunda Kuomintang kimi tanınan və məğlubiyyətə uğrayan millətçilər Tayvana qaçmalı oldular. Qalib kommunistlər materikdə qaldılar və Çin Xalq Respublikasını yaratdılar. Münaqişənin hər iki tərəfi bütün Çini təmsil etdiklərini bildirdilər. O vaxtdan bəri Çinin hakim Kommunist Partiyası Tayvanın rəsmi olaraq müstəqilliyini elan edəcəyi təqdirdə güc tətbiq edəcəyi ilə hədələyir. Lakin son illərdə Çin hakimiyyəti bu münaqişənin daha yumşaq diplomatik həllini axtarır. Əvvəlcə kommunist Çindən qaçan Tayvanı ABŞ da daxil olmaqla bir çox ölkə tanıdı. Lakin 1970-ci illərin əvvəllərində Çin və ABŞ diplomatik münasibətləri inkişaf etdirmək üçün qarşılıqlı ehtiyac hiss etdilər. Sonra ABŞ və digər ölkələr Pekini razı salmaq üçün Taypeylə əlaqələri kəsdilər. Lakin onların bir çoxu ticarət nümayəndəlikləri və mədəniyyət müəssisələri vasitəsilə Tayvan adası ilə əlaqələr saxlayır. Bundan əlavə, ABŞ Tayvanın ən mühüm təhlükəsizlik müttəfiqi olaraq qalır. İllərlə istiləşən münasibətlərdən sonra ABŞ 1979-cu ildə prezident Cimmi Karterin dövründə Pekinlə rəsmi diplomatik əlaqələr qurdu. Nəticədə ABŞ Tayvanla rəsmi münasibətləri kəsməli və Taypeydəki səfirliyini bağlamalı oldu. Lakin eyni 1979-cu ildə Birləşmiş Ştatlar adaya dəstəyi təmin edən Tayvan Münasibətləri Aktını qəbul etdi. Bu qanunun əsas məqamı Vaşinqtonun Tayvana özünü müdafiə etməkdə kömək etmək öhdəliyinə sadiq olması idi.   Buna görə də ABŞ adaya silah tədarükünü davam etdirir. Birləşmiş Ştatlar həmçinin Çin və Tayvan arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həllində təkid edir və tərəfləri konstruktiv dialoqa çağırır.

Aydındır ki, Pekin Tayvanı diplomatik təcrid vəziyyətinə salan Vahid Çin Siyasətindən mümkün qədər çox faydalanmağa çalışır. Həm BMT, həm də dünyanın əksər ölkələri Tayvanı müstəqil dövlət kimi tanımır. O, yalnız Olimpiada kimi beynəlxalq yarışlarda və ya ÜTT kimi təşkilatlarda öz adı ilə iştirak edir. Belə təcrid vəziyyətindəTayvan xarici dünya ilə bütün əlaqələrini itirməyib. Ada qonşuları ilə iqtisadi və mədəni əlaqələr saxlayır və Birləşmiş Ştatlarla uzunmüddətli münasibətlərindən öz xeyrinə istifadə edir. Birləşmiş Ştatlar, şübhəsiz ki, ən böyük xarici kreditoru və əsas ticarət tərəfdaşı olan Çinlə rəsmi əlaqələrə malik olmaqdan faydalanır, eyni zamanda Tayvanla sıx əlaqələri sakitcə davam etdirir. Amma Azərbaycan bu məsələdə konkret mövqe sərgiləyir. Azərbaycan bəyan edir ki, ölkənin milli birliyini və ərazi bütövlüyünü müdafiə etmək hər bir suveren dövlətin müqəddəs hüququdur, bu, beynəlxalq hüququn əsas prinsipidir. BMT Nizamnaməsi açıq şəkildə göstərir ki, qurumun  hər hansı üzvünün və ya hər hansı dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə qəsd etməyə icazə verilmir. Çoxsaylı tarixi qeydlər və sənədlər Tayvanın Çin materikindən olan köçkünlər tərəfindən ilkin məskunlaşmasını sənədləşdirir. Beynəlxalq ictimaiyyət Tayvanın Çinə məxsus olduğunu qəbul edir. Çin hökumətinin Tayvan problemini həll etmək üçün əsas siyasəti “dinc birləşmə və bir dövlət, iki sistem”dir. Bu yanaşmaya görə, materikdə sosializm və Tayvanda kapitalizm, hər biri digərini qəbul edərək uzun müddət birlikdə yaşayacaq və inkişaf edəcək. Bu mülahizə əsasən Tayvanın hazırkı vəziyyətini nəzərə almağa əsaslanır. Bu, Çinin birləşməsindən sonra onun dövlət strukturunun mühüm təşəbbüsü və əsas özəlliyi olacaq. Boğazlararası birləşmə tamamlandıqdan sonra Tayvanda mövcud sosial-iqtisadi sistem, həyat tərzi, xarici ölkələrlə iqtisadi və mədəni əlaqələr dəyişməyəcək. Xüsusi mülkiyyət, yaşayış binaları, torpaq, müəssisə mülkiyyəti, qanuni vərəsəlik hüquqları, əcnəbilərin investisiyaları və sair istisnasız olaraq qanunla qorunacaq. Ölkənin birləşməsindən sonra Tayvan Çinin digər əyalət və rayonlarından fərqli olaraq yüksək dərəcədə özünüidarəetmə hüququndan istifadə edəcək xüsusi inzibati rayona çevriləcək. O, inzibati, qanunvericilik və müstəqil məhkəmə səlahiyyətlərinə, yekun məhkəmə qərarını vermək hüququna malik olacaq. O, partiya, inzibati, hərbi, iqtisadi və maliyyə işlərini müstəqil şəkildə idarə edəcək, həmçinin xarici dövlətlərlə ticarət, mədəni müqavilələr və xarici əlaqələr üzrə digər razılaşmalar imzalamaq hüququna malik olacaq. Onu da qeyd edək ki, Tayvan problemi müstəsna olaraq Çinin daxili məsələsidir. 

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
baki-xeber.com

1Mənbələr