AZ

Vətən müharibəsi günlərinin daha bir rəsmi telefon danışığının məzmunu açıqlandı...

Image

Əli Orucov: “Çox güman ki, həmin dövrdə Azərbaycanı hədələməyə cəhd edən Fransa prezidenti Makron olub”

“O günlər ərzində dəfələrlə mənə müxtəlif paytaxtlardan zənglər gəlirdi, təkliflər irəli sürülürdü, bəziləri isə hədə-qorxu gəlməyə çalışırdı”. Bu fikirləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı səsləndirib.

Ölkə başçısının sözlərinə görə, bütün bunlara baxmayaraq, öz mövqeyində qəti olub: “Ancaq mən öz mövqeyimdə qəti idim və onu həm telefon təmasları əsnasında, eyni zamanda, Azərbaycan xalqına verdiyim bəyanatlarda da demişdim: tarix verilməlidir nə vaxt düşmən torpağımızdan rədd olur, onda biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı”.

“O, hərbi əməliyyatları dayandırmaqdan ötrü dəridən-qabıqdan çıxırdı” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, o zaman Azərbaycana qarşı ən çox canfəşanlıq edən Fransa idi: “Həmin dövrdə ABŞ prezidenti Donald Tramp idi. İnsafən qeyd etmək lazımdır ki, Tramp prosesə müdaxilə etmədi. Halbuki, Birləşmiş Ştatlarda həmin dövrdə qızğın seçki kampaniyası gedirdi. Yeri gələndə Tramp erməni lobbisinin dəstəyini qazanmaqdan ötrü bundan bir vasitə kimi istifadə edə bilərdi, amma etmədi. Yeri gəlmişkən, erməni lobbisi hələ də bunu Trampa bağışlamır. 44 günlük Vətən müharibəsində Rusiya hava yolu ilə Ermənistanı silahla təmin edirdi. Ancaq oktyabrın 10-na qədər Moskva prosesə müdaxilə etmədi. Görəndə ki, 9 oktyabrda Hadrut azad edildi, ordumuz Şuşaya doğru istiqamət alır, bu zaman 10 oktyabrda Lavrovun vasitəçiliyi ilə Azərbaycan-Ermənistan xarici işlər nazirləri Moskvada bir araya gəldilər. Ondan sonra Rusiya bir neçə dəfə vasitəçilik etdi. Ancaq noyabrın 8-də Şuşa azad ediləndən sonra Rusiya müharibəni dayandırmaq üçün bütün gücünü ortaya qoydu. Həmin dövrdə Azərbaycana qarşı ən qərəzli mövqe tutan Fransa idi. Bilavasitə Fransa cəhd etdi ki, BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı qətnamə qəbul etsin. Böyük Britaniya və həmin dövrdə qeyri-daimi üzv olan Qoşulmama Hərəkatının bir neçə üzvü buna imkan vermədi. Müharibə başlayandan Prezident İlham Əliyevə bir neçə dəfə telefon açan Fransa prezidenti Emmanuel Makron olub. O, hərbi əməliyyatları dayandırmaqdan ötrü dəridən-qabıqdan çıxırdı. Təki əməliyyatlar dayansın və ermənilər toparlansın. Bu baxımdan çox güman ki, həmin dövrdə Azərbaycanı hədələməyə cəhd edən Fransa prezidenti Makron olub. Makron xaric, digər rəsmilərin, təşkilat rəhbərlərinin belə bir cəhd etdiyini düşünmürəm. Ancaq bütün bunlara baxmayaraq reallıq odur ki, Azərbaycan dövlət başçısı təzyiqlərə sinə gərdi və ərazilərin tam azad edilməsinə nail oldu”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104

1Mənbələr

Şərh ()
Bağla