AZ

“Neftçi” niyə onlara 5 top vurub? – Üç səbəb göstərdi

“Oyuna yaxşı başlamışdıq, hətta qol da vurduq. İlk hissənin sonlarında diqqətli olmalıydıq”.

“Kəpəz”in legioneri Yeqor Xvalko “Neftçi”yə böyük hesablı məğlubiyyət barədə Sportinfo.az-a danışıb.

Gəncəlilər 36-cı dəqiqədə hesabı açsalar da, meydan sahibləri ilk yarının son dəqiqələrində 2 qol vurmaqla fasiləyə üstün yollandılar.

İkinci hissədə meydanda ağalıq edən “ağ-qaralar” rəqib qapısından daha 3 top keçirib 3 xalı parlaq qələbə ilə qazandı.

Belaruslu müdafiəçi “Kəpəz”in üzücü məğlubiyyətinə konkret səbəblər göstərib:

“Qolu vurandan sonra qapımızın toxunulmazlığını saxlamalıydıq ki, fasiləyə hesabda üstün gedək. Bunu bacarsaydıq, “Neftçi” ikinci hissədə tələsəcəkdi və oyun tam fərqli məcrada davam edəcəkdi.

İlk yarının sonlarındakı qollar rəqibin əhval-ruhiyyəsinə təsir etdi. Aparıcı futbolçularımızın meydana çıxa bilməməsi də böyük ölçüdə özünü göstərdi.

Düzdür, onları əvəz edənlər bacardıqlarının ən yaxşısını etdilər. Amma itkilərin olması faktı da sözünü dedi.

Və təbii ki, son 15-20 dəqiqədə azlıqda qalmağımız özünü göstərdi. Onsuz da, “Neftçi”nin üstünlüyü var idi.

10 nəfərlə qalandan sonra daha da pis oldu, ikidən artıq ötürmə edə bilmirdik. Sona yaxın daha 2 qol buraxıb yenildik.

Bunları deməklə acı məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Kobud səhvlərə yol verdik və uduzduq”.

“Kəpəz” 35-ci turda “Zirə”ni qəbul edəcək. Mayın 18-də Tovuzda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
sportinfo.az

1Mənbələr