AZ

Kiçik sahibkarlar böyük marketlərə daxil ola bilmirlər — SƏBƏBLƏR

 İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Təchizat Zənciri Liderləri Zirvəsində Azərbaycanda kiçik sahibkarların problemlərini gündəmə gətirib. O deyib ki, ölkədə kiçik sahibkarlar, xüsusilə böyük marketlərdə yer tapmağa çətinlik çəkirlər, bəzi hallarda isə ümumiyyətlə ora daxil ola bilmirlər. O.Məmmədov qeyd edib ki, hər bir böyük sahibkar yerli kiçik şirkətlərə şans verməyə borcludur: "Biz KOBİA olaraq bu problemin həlli yönündə marketlərdə rəfləri alıb təmənnasız olaraq KOB-ların orada məhsullarını satışa çıxarmasını təmin edirik. Bununla belə, xüsusilə KOB-larda təchizat məsələlərində problemlər mövcuddur. Böyük marketlər tədarükçülərdən ucuz qiymətə mal sifariş edir, kiçik sahibkarlar isə həmin tədarükçülərdən malı yüksək qiymətə alır. Ona görə də onların gəlirliyi böyük marketlərlə müqayisədə aşağıdır", - deyə o qeyd edib.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, bu vəziyyət ölkədə rəqabət mövzusunda ciddi problem yaradır:

“Bu, rəqabət mühitini pisləşdirən faktorlardan biridir. Ən böyük problemlərdən biri marketlərdə qoyulmuş məhdudiyyətlərdir. Fermer faktiki olaraq bazara öz məhsulunu çıxara bilir, amma mağazalarla bağlı çətinlik çəkir. Rəqabət Məcəlləsində bu məsələlər öz əksini tapıb. Ümid edirəm ki, Məcəllə qüvvəyə minəndən sonra bu məsələdə yumşalmalar olacaq. Amma indiki halda bu, kiçik sahibkarlığa, xüsusən də fermer təsərrüfatlarına böyük problem yaradır və işlərini çətinləşdirir”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
demokrat.az

1Mənbələr