AZ

Vüqar Veysəlov: "TAP Avropanın ən mühüm enerji infrastrukturuna çevrilib"

Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi Avropa İttifaqının (Aİ) karbonsuzlaşdırma məqsədlərinə nail olmağa kömək edə bilər.

"Report" xəbər verir ki, bunu TAP Konsorsiumunun Xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov Belqrad Enerji Forumunda deyib.

V.Veysəlov bu kəmərin Avropaya enerji təchizatının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb: “TAP kritik enerji infrastrukturuna çevrilərək, ciddi enerji təchizatı problemləri dövründə qazın Aİ-yə yeni mənbədən və alternativ marşrutla çatdırılmasını təmin edib”.

O qeyd edib ki, Avropa aşağı karbonlu gələcəyə keçid edərkən, rəqabətədavamlı qalmaq üçün alternativ, təhlükəsiz, etibarlı və sərfəli enerji təchizatının saxlanması vacibdir: “TAP bu keçidin davamlı şəkildə baş verməsini təmin etmək öhdəliyi götürür. Bu kəmərinin potensial genişləndirilməsi gələcəkdə yeni həcmdə hidrogen və digər bərpa olunan qazların nəqlini asanlaşdırmaqla Aİ-nin dekarbonizasiya məqsədlərinə nail olmağa kömək edə bilər”.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır.

Eyni zamanda 2025-ci ilin sonunadək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) genişləndirmənin birinci mərhələsi çərçivəsində əlavə 1,2 milyard kubmetr Azərbaycan qazını qəbul etməyə hazır olacaq ki, bunun da 1 milyard kubmetrini 2026-cı ildən İtaliya, 200 milyon kubmetrini isə Albaniya alacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1

1Mənbələr

Şərh ()
Bağla