AZ

Elmi jurnallara məqalə hazırlamağın yolları ilə bağlı seminar keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) İngilis dili kafedrasında “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Mövzunun aktuallığından danışan kafedranın müdiri, dos. Nərminə Əliyeva “Web of Science”, “Scopus” kimi beynəlxalq bazalardan effektiv istifadənin təmin edilməsi məqsədi ilə universitetdə keçirilən silsilə təlim və seminarların əhəmiyyətini vurğulayıb. Eyni zamanda bu bazalara daxil olan elmi məqalələrə qarşı tələblər, elmmetrik bazalarda indekslənən nəşrlərin aktivliyi, elmi məqalə nəşrlərinin akademik inkişafla yanaşı, ali təhsil müəssisəsinin reytinqi üçün faydalı olduğunu bildirib. N.Əliyeva son dövrdə kafedranın iki müəlliminin elmi məqaləsinə müsbət rəylərin verildiyini, həmin müəlliflərdən birinin kafedranın dosenti Ziyafət Hüseynova olduğunu, bu baxımdan digər əməkdaşların da onun təcrübəsindən bəhrələnə biləcəyini nəzərə çatdırıb.

Sonra Z.Hüseynova mövzu ilə bağlı təqdimatla çıxış edib. O, humanitar sahədə məqalə yazmağın çətinlikləri, plan tərtibi, məqalənin atributları, texniki təfərrüatları, elmi ictimaiyyət üçün dəyəri və yeniliklərin təqdimatı, ümumi maraq doğuran mövzuların işıqlandırılması kimi məsələlərdən danışıb.

Dosent, həmçinin məqalə tərtibatında qrammatik və üslub cəhətdən mükəmməlliyə diqqət edilməsi, məqaləyə verilən imtina səbəbləri, istinadlardan istifadənin müsbət tərəfləri, müəlliflərin məqalə hazırlanmazdan əvvəlki son 6 ayda elmi jurnalların verdiyi elanlarla yaxından tanış olmasının vacibliyi, rəyçilərin tələbləri və digər mühüm nüanslara aydınlıq gətirib.

Geniş fikir mübadiləsi ilə davam edən tədbirdə natiq seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32

1Mənbələr

Şərh ()
Bağla