AZ

Demoqrafiya - Bayram Soylunun hekayəsi

Kulis.az Bayram Soylunun "Demoqrafiya" hekayəsini təqdim edir.

Uşaqlıqda qardaşımın olmamasına təəssüflənirdim. Elə bacım da – bacısının olmamasına çox üzülürdü. Qonşumuz olan Süleymanovlar ailəsinə həsədlə baxırdıq. Süleymanovların mənimlə oxuyan oğlu Akifin üç qardaşı vardı. Məhəllə uşaqları arasında dava-dalaş düşdükdə Akifin böyük qardaşları köməyinə çatardı. Mənsə mübahisələrdən qaçmağa çalışırdım – kimə arxayın olmalıydım ki. Bacımla mən dəfələrlə valideynlərimizə başqa bacı-qardaşlarıımızın olmamasından giley etmişdik. Atamla anam gileyimizitəbəssümlə qarşılar, atamın mənə qardaş, anamınsa bacıma bacı olduğunu deyərdilər.

İllər keçdi, biz böyüdük. Doğrudur, həyatımız cah-cəlal içində keçməsə də, Süleymanovlarla müqayisədə valideynlərimizdən daha çox qayğı gördüyümüzü əminliklə deyə bilərəm. Daha çox maddi təminatımız haqqında düşünmələrinə baxmayaraq, valideynlərimiz təhsilə də biganə deyildilər. Odur ki, hər ikimiz universitetə qəbul olunduq. Doğrudur, bacım iki ildən sonra qiyabi təhsil almağa başladı, amma təhsilini uğurla başa vura bildi.

İndi işləyirik, mən universitetdə müəllim, bacımsa nəşriyyatda redaktordur. İkimiz də evliyik. Mənim hələlik bir qızım, bacımınsa iki oğlu var. Ona görə hələlik deyirəm ki, Allah qismət eləsə, ikincisini də arzulayırıq. Amma üçüncüsü barədə hələ düşünməmişik. Doğrudur, nənəm həmişə atamı və anamı iki uşaqla kifayətləndiklərinə görə qınayır və təkidlə bizdən eyni səhvi təkrarlamamağı tələb edir. Nənəm deyir ki, qorxmayaq, uşağın ruzisini Allah verir, nə qədər çox uşaq olsa, o qədər yaxşıdır. Açığı, dünya görmüş sevimli nənəminbu təkidli məsləhətinin faydalarını götür-qoy etməyə o qədər də həvəs göstərməmişdim, ta ki...

Dünən qızımın beşyaşını qeyd edirdik. Təbrik üçün gələn atam və anamın öz sevimli nəvələrinin doğum gününü səbirsizliklə gözlədikləri hiss olunurdu. Əlbəttə ki, qızımın bibisinin iştirakı olmadan nə ad günü?! Bacım əri və oğlanları ilə birgə məclisimizə xüsusi rəng qatdı. Bacımın tarı ustad sənətkarlar kimi dilləndirməyi bacaran böyük oğlu, “Xanəndə” deyə çağırdığımız kiçik bacıoğlu və onların pianoda yaxşıca gəzişməyi bacaran ataları bir dəstgah yaratdılar ki gəl görəsən. Yaxşıca əyləndik. Elə çay süfrəsi arxasına yenicə əyləşmişdik ki, atamın telefonuna zəng gəldi.

Qısa dialoqla yekunlaşan telefon danışığından anladığımız o oldu ki, zəng edən qonşulardan biridir və atamdan harasa gəlməyi xahiş edir. Atam cəld ayağa qalxıb tələsik qapıya tərəf getdi, evdəkilərin ona zillənən sual dolu baxışları çıxaçıxda onu bir anlıq dayanmağa məcbur etdi.Qapının kandarında durub məsələnin nə yerdə olduğunu anlatdı. Dedi ki, Süleymanovların kiçik oğlu Akif sərxoş halda məhlədə səs-küy salır, bir neçə evin pəncərəsini qırıb, kimisə öldürəcəyini deyir və onu Akifi sakitləşdirmək üçün çağırırlar. Atam “qonşular polis çağırmaq istəmir, böyük qardaşı hələ türmədən çıxmayıb, yenə az-çox məni eşidər” deyib getdi.

Hekayəmin bu yerində bir az Süleymanovlardan danışım sizə. Taksi sürücüsü Tapdıq Süleymanovun evində dörd oğlan və dörd qız uşağı böyüyürdü. Tapdıq dayının arvadı Qəmər xala əvvəllər xəstəxanada təmizləyici işləsə də, sonralar işdən ayrılmaq məcburiyyətində qalmışdı. Çox sakit və xeyirxah qadındır. Elə Tapdıq dayı da pis adam deyildi. Doğrudur, bəzən çox içirdi, amma mərdimazarlıq eləməzdi. Uşaqların arasında yaş fərqi böyük deyildi. Uşaqlar elə bil Süleymanovlar tələsik plan doldururmuş kimi bir-birinin ardınca doğulmuşdular.Sənubər, Sərvər, Nazlı, Mənzər, Kənan, Rüstəm anadan olduqdan sonra əkizlər – Akif və Akifə təşrif buyurmuşdu.Qəmər xalanı işdən çıxmağa məcbur edən səbəb də elə bu – analıq vəzifəsiidi.

Səkkiz uşaqdan ancaq ikisi – Sənubər və Sərvər nisbətən qayğısız uşaqlıq həyatı yaşadı. Uşaqların sayı artdıqca ehtiyaclar da çoxaldı və onları qarşılamaq imkanları azaldığından Süleymanovların ailə nizamı pozulmağa başladı. Ailəni dolandırmaq üçün Tapdıq dayı gecələr də işləməyə məcbur oldu. Qəmər xalasa təkbaşına uşaqlara nəzarət etməkdə aciz idi.

Sənubər on altı yaşındaykən qoşulub qaçdı. Deyilənə görə, bəxti o qədər də gətirməmişdi. Uşağı olmadığından beş il sonra əri onu atmış, o isə məcbur olub yaşlı bir kişiyə ərə getmişdi. İndiki halından xəbərsizəm. Sərvər hərbi xidməti başa vurub Rusiyaya getmişdi. Harda olduğundan xəbər yoxdur. Nazlı hələ ərə getməyib. Mənzəri xalası oğluna veriblər. Deyirlər ki, kasıb yaşasalar da aralarında qarşılıqlı sevgi və hörmət var.Kənan üç ildir ki, oğurluq üstə türmədədir. Həmişə içkili olan Rüstəm küçələrdə yaşayır. Akifə fiziki qüsurludur. Həkimlər deyir ki, vaxtında müdaxilə olsaydı ayağındakı sümük problemini həll etmək olardı. Nə yazıqlar ki, imkansızlıqdan həkimə vaxtında müraciət etməyiblər. Mənzər onu evinə aparıb və bacardığı qədər qayğısına qalır. Akifsə... Atam onu sakitləşdirməyə gedib. Əvvəllr atamın bir sözünü iki eləməzdi. İndi bilmirəm.

Tapdıq dayı altı ay öncə ürəktutmasından dünyasını dəyişib. Qəmər xalanın yeganə ümidi Nazlıdı. Biçarə qız anası tək qalmasın deyə ailə həyatı qurmaq perspektivinin üstündən birdəfəlik xətt çəkib. Hələ üstəlik Akifin yaramazlıqlarına dözmək əzabı da var...

Nəhayət, atam qayıtdı. Deyir ki, Akif onu görən kimi dəhşətli hönkürtü vurub. Bir az ağladıqdan sonra sakitləşib. Onu evə aparıblar. Yuxuya gedəndən sonra qonşular dağılışıb.

Atam daha çox Qəmər xala və Nazlının halına acıdı. Bir anlıq ad günü olduğunu unutduq. Otağa lal sükut çökdü. Sükutu televizorun səsi pozdu. Qızım pultun düyməsinə basmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışırdı:

- Ben iş işten geçmeden, en azından kendi adımıza mevcut durumumuzu koruyabilmemiz için her ailede en az 3 çocuk olması gerektiğini ifade ettim. Hala aynı yerde duruyorum. Bilimsel rakamlara göre 2 olması bile gerileme demek…

Daha sonrasını eşitmədim. Çünki nəzərlərim övladlarına həm də bacı-qardaş olan ata-anama dikilmiş, düşüncələrim bacı-qardaşlarıımızın olmamasından giley etdiyimiz uşaqlıq çağlarımıza axmışdı...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46

1Mənbələr

Şərh ()
Bağla