AZ

Qubada görülən işlər və qarşıda duran məsələlərə dair regional toplantı keçirilib 

Regionlarda yerləşən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibbi və qeyri-tibbi personalın təlimlərə cəlb olunması, uzman həkimlərin bölgələrə cəlb olunması və vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması istiqamətində işlər davam etdirilir. Şimal bölgəsində yerləşən tibb müəssisələrinin mövcud vəziyyətini təhlil etmək, güclü-zəif tərəfləri və çatışmazlıqları müzakirə etmək məqsədilə regional toplantı keçirilib.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, Quba Rayon Mərkəzi Xəstəxanasında gerçəkləşən "Görülən işlər və qarşıda duran məsələlərə dair regional toplantı"nı giriş sözü ilə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov açıb. Müəssisə rəhbərlərinə müşavirənin əsas məqsədləri barədə məlumat verən Anar İsrafilov xəstəxanaların strukturunda baş verən uğurlu dəyişiklik və yeniliklərin, həmçinin həkim potensialının gücləndirilməsi, stasionar və ambulator xidmətlərdə göstəricilərin müsbət istiqamətdə dəyişdirilməsinin TƏBİB-in əsas prioritetlərindən olduğunu vurğulayıb.
 
Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini özündə əks etdirən video çarx izlənilib.
 
Hesabat çıxışı üçün ilk söz Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərova verilib. O, kadr çatışmazlığının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb, xəstəxananın strukturunda baş verən dəyişikliklər, stasionar və ambulator xidmətlərdə öncəki illərə nisbətən müşahidə olunan artımlardan, şöbələrin ümumi fəaliyyətindən bəhs edib.
 
Əliyar Sərvərov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə yaradılan Travmatoloji Mərkəzin fəaliyyəti və region üzrə hər bir travmatoloji əməliyyatın mərkəzdə uğurla icrasından da danışıb.
Daha sonra Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyev direktor vəzifəsində çalışdığı son 2 aydakı fəaliyyəti və xəstəxananın hazırkı strukturu haqqında məlumat verib. Şöbələrdəki kadr çatışmazlığı, fəaliyyətdə olan və yaranmasına ehtiyac olan şöbələr, xəstəxananın infrastruktur cəhətdən gücləndirilməsi istiqamətlərdə atılan addımlardan bəhs edib.
 
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev də hesabat çıxışında görülən işlər, qarşıda duran məsələlər barədə danışaraq cərrahiyyə xidmətləri haqqında da ətraflı məlumat verib.
Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru Səxavət Cəbrayılov ümumi ştat göstəricilərini, müəssisədə laporaskopik əməliyyatların icrasına başlanmasını, tibbi xidmət göstəricilərindəki müsbət dəyişiklikləri diqqətə çatdırıb.
Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru Nərgiz Əliyeva hesabat çıxışında infrastruktur, cari ilin 3 ayı ərzində aparılan əməliyyatlar və xəstə qəbulu haqqında ümumi məlumat verib. Kadr çatışmazlığının aradan qaldırılması, maliyyə dayanıqlığı, vətəndaş məmnunluğunun təmin edilməsi və s. istiqamətlərdə atılan addımlardan, yeniliklərdən söz açıb.
 
Xızı Rayon Mərkəzi Xəstəxanasının direktoru Bəhdaş Nəbiyev çıxışında imtiyazlı əhali qrupunda yer alan şəxslərin müayinə və müalicəsinin daha əlçatan olması istiqamətində həyata keçirilən yeniliklərə, şöbələrin fəaliyyətinə və xəstəxanada aparılan cari təmir işlərinə toxunub.
 
Hesabatlar dinlənildikdən sonra TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov və TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov çıxış edərək region üzrə müsbət dinamikanın müşahidə edildiyini və növbəti müşavirədə daha ürəkaçan nəticələrin olacağına ümid etdiklərini vurğulayıblar.
 
Onlar yekun çıxışlarında region xəstəxanalarının maddi-texniki təminatının gücləndirilməsi, xaricdə təhsil almış uzman həkimlərin bölgələrə cəlb olunması istiqamətində işlərin görüldüyünü vurğulayıb, bundan sonra da bununla bağlı görüləcək işlərin davam etdiriləcəyini söyləyiblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
aztibb.az

1Mənbələr