AZ

Ailə institutu dağıdılır, saxta diplomlu məmurlar isə… – Azərbaycanda HƏYƏCAN SİQNALI

Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas vəzifələrdəndir. Azərbaycan ailəsi tarixən uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada fərqlənib və ən yaxşı ailə modeli kimi dəyərləndirilib. Amma çox təəssüf ki, XX əsrin sonlarından etibarən dünyada baş verən qlobal problemlər Azərbaycandan da yan keçməyib. XXI əsrin əvvəllərindən başlayaraq internetin güclü inkişafı və bütün dünyaya ildırım sürətilə yayılması nəticəsində isə insanların ondan kor-təbii istifadəsi bu problemlərin əhatəsini daha da genişləndirdi. Məhz internet vasitəsilə yaradılmış “sərhədsiz” sosial şəbəkələr və platformalar insanların gündəlik həyatının bir hissəsinə çevrildi. Təbii ki, internetin dayandırılması Azərbaycanı dünyadan təcrid etməyə bərabər bir şeydir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan öz kökünü kimliyini qoruyub saxlamlıdır. Bu isə kiçik dövlət sayılan ailələrdən asılıdır.

Bəs hazırda Azərbaycanda ailə institutu necədir?

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Mahmudova Publika.az-a açıqlamasında bildirib ki, hər zaman olduğu kimi bu gün də ailə məsələləri xüsusi diqqət və həssas yanaşma tələb edən bir mövzudur:

“Cəmiyyətimiz müasir dövrdə dinamik olduğundan beynəlxalq arenada baş verən hər hansı dəyişikliklər, sosial mühit, müxtəlif təzyiqlər ailə institutuna bu gün öz təsirini göstərməkdədir. Müasir ailənin təkamül və dinamikasının əsas istiqamətlərindən biri ailənin kollektiv-sosial institut formatından qrup formatına doğru meyillənməsidir. Bu o deməkdir ki, müasir ailədə ənənəvi ailə modelinin zəifləməsi baş verir. Lakin qeyd etməliyik ki, azuşaqlı ailələrə keçidin ailə dəyərlərinin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsinə heç bir təsiri olmamalıdır, çünki ailənin əsas tərbiyə imkanları, hər şeydən əvvəl, valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi, onlar arasında sağlam şəkildə qurulan münasibətlər cəmiyyətdə sağlam ailə modelini müəyyən edən əsas komponentdir.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin insan həyatına daxil olması intellektual səviyənin artmasına, gənclərin şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərsə də, ailədə ənənəvi bağlılığın zəifləməsinə səbəb olur. Bu prosses öz növbəsində ailədaxili soyuq münasibətlərin və münaqişələrin yaranmasına şərait yaradır. Adətən boşanmalara səbəb kimi ən çox xasiyyət uyğunsuzluğu göstərilsə də, bu gün boşanma səbəbi olan anlaşılmazlıq, ailələrin problemlərə qarşı dözümsüzlüyü bir çox hallarda ailə ittifaqının bitmə nöqtəsinin gəlməsinə səbəb olur. Bu məsələdə mənəvi, psixoloji məqamlar da öz köklü əksini tapır”.

Komitənin əməkdaşı əlavə edib ki, düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında həmçinin kütləvi informasiya vasitələrinin rolu danılmazdır:

“Kütləvi informasiya vasitələri ictimai rəyi formalaşdıran bir platforma olaraq ictimai təfəkkürün yaranmasında mühüm rol oynayaraq öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəgəlməz dərəcədə böyük təsir gücünə malikdir. Bu gün informasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevirilib. Bu səbəbdən ailə institutunun bütövlüklə inkişafı nəinki dövlət qurumlarının, eyini zamanda vətəndaş cəmiyyətinin hər bir üzvünün ailə institutunun, milli dəyərlərin qorunub saxlanılması, eyni zamanda cəmiyyət arasında sağlam düşüncənin, stereotiplərin formalaşmasında iştirakını zəruri edir. Ailələrin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və qorunması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə milli-mənəvi dəyərlərin və ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və ailə həyatına hazırlığı, düzgün ailə planlaşdırılması, yaşlı nəslə qayğı və hörmətin təblığ edilməsi, nümunəvi ailələrin təbliği, erkən nikah və qan qohumları arasında nikah hallarının qarşısının alınması, ailələrdə mövcud psixoloji durumun öyrənilməsi və s. mövzularda genişmiqyaslı maarifləndirmə layihələri, tədbirlər və seminarlar həyata keçirilir”.

Psixoloji və sosioloji ədəbiyyatlarda ailə institutunun müxtəlif funksiyaları göstərilib:

1. Cinsi funksiya. Ailə əsas sosial institutdur ki, onun vasitəsilə cəmiyyətdə insanların cinsi tələbatlarının ödənilməsi tənzimlənir. Bununla bərabər insanların cinsi tələbatlarının ödənilməsinin alternativ yolları da vardır.

2. Reproduktiv funksiya. Bu funksiya ailənin nəsilartırma funksiysıdır. Hər bir ailə övladlarının psixi və fiziki cəhətdən sağlam böyüməsi, təhsil alması, sosiallaması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasını vacib hesab edir. Ailə institutunun bu funksiyası cəmiyyətdə demoqrafik göstəricilərin dəyişməsinə (artma yaxud azalma) nəzarət edir. Ona görə də ailədən, nikahdan kənar uşaqların doğulması cəmiyyətdə arzuolunan hal hesab olunmur.

Sosioloq Əhməd Qəşəmoğlu diqqətə çatdırıb ki, Azərbaycanda ailə institutu ilə bağlı çox ciddi yanaşma və münasibətlər olmalıdır:

“İndi çalışırıq ki, ailə institutunu möhkəmlənsin, amma Azərbaycana xoş niyyətlə münasibət göstərməyən qüvvələr isə elə layihələr həyata keçirlər ki, Azərbaycanda ailə institutunun dağılmasına səbəb olur. Bunu isə bizim məmurlar başa düşmür ki, nə baş verir. Bu sahədə bizim çox güclü elmi mərkəzlərimiz təhlillər aparmalıdır və bu elmi mərkəzlərdə çox ciddi sosioloqlar və sosial işçilər işləməlidir. Yəni belə saxta diplomu olanlar yox, həqiqi mütəxəssislər işləməlidir ki, ölkədə həyata keçirilən xoş niyyəti olmayan texnologiyaları vaxtında hiss etsinlər. 20 ildən artıq Azərbaycanda “Qadına qarşı zorakılıq” kimi böyük bir layihə həyata keçirilir. Bunun qarşısını almaq üçün tamamilə başqa yanaşma lazımdır”.

Psixoloji və sosioloji ədəbiyyatlarda ailə institutunun müxtəlif funksiyalarından növbəti bəndləri təqdim edirik:

3. Sosiallaşma funksiyası. Sosiallaşma dedikdə, fərdin yaşadığı sosial mühitə adaptasiyası, bu cəmiyyətin normalarını, dəyərlərini, davranış modellərini mənimsəməsi başa düşülür. Fərdin ilkin sosiallaşması və şəxsiyyət kimi formalaşmasının əsası məhz ailədə qoyulur. Ailə uşaq üçün ilkin qrupdur, sonralar o, digər qruplara daxil olsa da erkən uşaqlıqda qazandığı vərdişlərini və ilkin davranış formalarını saxlayır. Ailədə sosiallaşma zamanı uşaq özündən yaşca böyük ailə üzvləinin (ata, ana, nənə, baba, qardaş, bacı və b.) davranışlarını mənimsəyir və təkrarlayır. Beləliklə, cəmiyyətin daha yüksək mədəniyyətə sahib olması ilk növbədə ailədən yüksək mədəniyyət tələb edir.

4. Emosional məmnunluq funksiyası. Bir qrup psixiatr və psixoloqlar belə hesab edirlər ki, cəmiyyətdə insanlar arasında emosional və davranış pozuntularının (cinayət hadisələri, hüquq pozuntuları və s. bu kimi hallar), eləcə də psixosomatik xəstəliklərin yaranmasının əsas səbəbi məhz ailədə sevgi çatışmazlığı, emosinal tələbatlrın ödənlməməsi nəticəsində yaranır. Ona görə də bu ehtiyacların ödənilməsi vacibdir.

Sosioloq vurğulayıb ki, ailəni xilas eləməliyik, təkcə qadını yox:

“Qadını kimdən xilas edirik, öz ərindən? Bu qarşıdurmanı daha da gücləndirir. Bu layihə Azərbaycanda daha çox işlədikcə boşanmaların da sayı daha artacaq. 2014-cü ildən bu yana boşanmaların sayı sürətlə artır. Burada vacib olan işləri isə görmürük. Boşanma artırsa, haray salırıqsa ki, boşanma artmasın. Axı, bu gün boşananlar arasında ciddi sosioloji sorğu keçirməliyik. Onda məlum olacaq ki, əsas səbəblər hansılardır. Yəni bu sahədə işlər getmir. Çalışmalıyıq ki, ölkədə üç uşaqlı ailə modelini çox yayaq. Cəmiyyət günü-gündən mürəkkəbləşir”.

5. Müdafiə funksiyası. Bütün cəmiyyətlərdə ailə institutu öz üzvlərinin fiziki, iqtisadi və psixoloji müdafisəsini müxtəlif səviyyədə həyata keçirir.

6. İqtisadi funksiya. Ailə üzvləri arasında sıx iqtisadi əlaqələrin – ümumi büdcənin olması, onların bir-birinə dəstək olması vacibdir. Ailə institutunun iqtisadi funksiyası ailədə məhz bu əlaqələri tənzimləyir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızının sözlərinə görə, Azərbaycanda əhalinin demoqrafik təhlükəsizliyi müdafiəsi üçün, eləcə də əhali artımı ilə bağlı dövlətimiz çox ciddi işlər görür:

“Bu mənada, bütün bu risklər demoqrafik təhlükəsizliyimizə zərrə qədər problem yarada bilməz. Əhali artımı ilə bağlı problem törədə biləcək risklər ölkədə müvafiq qurumlar tərəfindən araşdırılır. Bu risklərin azaldılması ilə bağlı, problemlərin aradan götürülməsi ilə bağlı konkret işlər görülür. Bəziləri çalışırlar ki, əhali artımına bağlı ola biləcək təhlükələri ölkədəki ekonomik vəziyyətlə bağlasınlar.

Amma əslində bu, tamamilə yanlışdır. Çünki bizim ən çətin zamanımızda belə əhalimiz sürətlə artırdı. Həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində bir çox itkilər vermişik. Təbii ki, istər birinci Qarabağ Müharibəsinin itkilərinin, istərsə də İkinci Qarabağ Müharibəsi itkilərinin əhali artımına, demoqrafik vəziyyətə müəyyən təsiri olacaqdır”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

 

Seçilən
367
50
realmedia.az

10Mənbələr