AZ

Sahibsiz itlər də insanları cərimələdir?

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalmış yeniyetmə qızın son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2013-cü il təvəllüdlü şəxs 11.05.2023-cü il tarixində saat 19:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə Respublika Klinik Xəstəxanasına gətirilərək Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib: 

“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Hazırda pasiyentin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti stabildir”. 

Qeyd edək ki, yeniyetmə qız mayın 11-i axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.

Sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı hadisələr tez-tez yaşanır. Heç şübhəsiz, küçədə qarşılaşdığımız sahibsiz itlər quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Bunun qarşısını almaq üçün bəzən onları elə insanların gözü önündəcə öldürürlər. Lakin məlum olduğu kimi Azərbaycan 1997-ci ildə Strasburqda heyvanların mühafizəsi ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə "Heyvanların mühafizəsi haqqında" Qanun qəbul olunub. Qanuna əsasən, heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar. Cərimə isə əvvəllər 25-45 manat arasında dəyişirdisə, hazırda bu məbləğin 500 manat olduğu bildirilir. Həmçinin yarış, satış və heyvanların təbii imkanlarını artırıb-azaltmaq üçün onlara preparatların verilməsi, tibbi-texniki üsulların tətbiqi üçün 200 manat cərimə nəzərdə tutulub. 

Bu məntiqlə belə bir fikir irəli sürmək olar ki, özünə, yaxud yaxınına xəsarət yetirən sahibsiz itə zərər verən şəxs dərhal cərimə olunacaq? 

Məsələ ilə bağlı vəkil Arslan Eldaroğlu “Cebhe.info”-ya açıqlamasında bildirib ki, bu işdə cinayət tərkibi yoxdur: 

“İnzibati Xətalar Məcəlləsinə əsasən zəruri müdafiə həddində törədilmiş əməl inzibati xəta sayıla bilməz. Belə ki, şəxsin əməli İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsinə uyğun olarsa, o zaman zəruri müdafiə sayılır. Məhz özünün və ya başqa şəxslərin həyana, sağlamlığına təhlükənin qarşısını almaq məqsədilə sahibsiz itlərə zərər yetirilirsə, bu zaman o inzibati məsuliyyətə cəlb edilə bilməz. Yalnız bilərəkdən heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41

1Mənbələr

Şərh ()
Bağla