AZ

Strateji tərəfdaş, dost ölkə

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu mühüm amil dünyanın bir çox ölkələrinin Azərbaycanla əlaqələrini daha da genişləndirməkdə maraqlı olduqlarını şərtləndirir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövrdə iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik inkişaf edib. Bir sözlə, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili əsasında bildirmişdir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir. Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır. Bütün bu məsələlər Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında müzakirə edildi.Reallıq budur ki, Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə edərək uğurlu sonluqla başa çatdırdığı enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etdi. Ölkəmizin illər keçdikcə etibarlı tərəfdaş kimi mövqe qazanması 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını bir zərurətə çevirdi. Bu mühüm məqamı da qeyd edək ki, 1994-cü ildə ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı oldu. Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Qurum ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur.Dövlət başçısı İlham Əliyev Bolqarıstan Prezidenti ilə mətbuata birgə bəyanatında enerji sektorunda mövcud əlaqələrimizə diqqəti yönəldərək bildirdi ki, son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və bunu həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda görürük. Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq.Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın enerji sektorunda qazandığı uğurlar əsas diqqət göstərilən məsələlər sırasında oldu və əməkdaşlıq əlaqələrinin gələcək inkişafına xidmət edən mühüm sənədlər imzalandı. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi olaraq qeyd edilir. Bu sənəd əməkdaşlığın genişləndirilməsini təmin edən yol xəritəsidir. Cənab İlham Əliyev vurğuladı ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Dövlətimizin başçısı belə bir əminliyi ifadə etdi ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və müştərək yolumuz çox uğurlu olacaq.Göründüyü kimi, Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı mövqeni yüksək dəyərləndirən Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər ölkəmizlə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlarını konkret addımları ilə təsdiqləyirlər.

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
sesqazeti.az

10Mənbələr