AZ

Strateji tərəfdaşlıq daha da güclənir

Azərbaycanın xarici siyasətində Balkan region ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, Bolqarıstanla əlaqələrin gücləndirilməsi xüsusi qeyd edilməlidir. 7-8 may tarixlərində Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verəcək.

İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki ölkə arasında siyasi dialoqun möhkəmlənməsində qarşılıqlı yüksəksəviyyəli səfərlər mühüm rol oynayır. 1995-ci il 29-30 iyun tarixlərində Azərbaycanın dövlət başçısının Bolqarıstana ilk rəsmi səfəri baş tutub və bundan sonra belə yüksəksəviyyəli səfərlər intensiv hal alıb. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənəd qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər.
İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.
Qeyd edək ki, Bolqarıstan Avropa İttifaqına üzv dövlətdir. Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Bütövlükdə, gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Respublikamız Aİ-nin Cənubi Qafqazda ticarət dövriyyəsində lider mövqeyə malikdir.
Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bolqarıstan da Azərbaycan qazının idxalçısıdır. Prezident İlham Əliyevin dediyi kimi, keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Eyni zamanda, Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq.
Bütövlükdə, Azərbaycanla Bolqarıstanın münasibətləri davamlı olaraq inkişaf edir. Dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” isə qarşılıqlı əlaqələri daha da genişləndirəcək.

Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54

1Mənbələr

Şərh ()
Bağla