AZ

Əvvəl yaşıllıq olmuş ərazi indi ən qızmar səhralardan biridir - Foto

Əvvəl

Dünyanın ən isti yerinin sirri elmə məlum olub. Alimlər 4000 il əvvəl Sahara səhrası və onun ətrafının necə, hansı vəziyyətdə göründüyünü nəhayət ki, aşkar ediblər.

Reyting.az
"IFL Science"-yə istinadla bildirir ki, tədqiqatçılara bu işdə daşların üzərində çəkilən rəsmlər kömək edib.

Bir qrup elm adamının fikrincə, qədim insanlar min illər boyu qayaüstü rəsmlərdə indiki səhranın keçmişi ilə bağlı xatirələrini öz nəsillərinə ötürməklə əslində çox böyük, həmçinin də dəyərli informasiya bazası yaradıblar.

Saharanın şərqindəki Atbay səhrasında - Sudanla Misirin arasında yerləşən, ərazisi demək olar ki, 100 min kv kilometrdən dəçox olan bir məkanda tədqiqatlar zamanı alimlər indiyə qədər dünya elminə məlum olmayan qədim qayaüstü rəsmləri aşkara çıxarıblar.

Bu yenilik elm adamlarına tamamilə təkzibedilməz dəlillər verir. Bu, onu sübut edir ki, min illər öncə planetin ən qızmar Sahara adlı səhrası bol su mənbəyi olub.

Məhz buna görə də bu yerin torpağı yaşıl otlarla örtülmüş düzən ərazi olduğundan Saharada çoxlu vəhşi heyvanlar, müxtəlif quşlar yaşayıb.

Tədqiqatçılar 16 qayaüstü sənət əsərini bu ərazidə aşkarlayanda qeyd ediblər ki, rəsmlərin hamısı yerlilərin - 4000 il əvvəl yaşayan qədim insanların əl işləri, onların yaradıcılığıdır.

Rəsmlərdə insanlar və bəzi növ mal-qara, eləcə də antiloplar, fillər və zürafələr təsvir olunub. Bütün bunlar bir daha sübut edir ki, praktiki olaraq yağıntıların olmadığı Atbayın quraq iqlimində bunca heyvanlar yaşaya bilməzdi, çünki onlara otlaq və ya suvarma yeri lazım olacaqdı. Bu isə o deməkdir ki, isti Sahara cəmi bir neçə minilliklər boyu mövcud olan "Yaşıl cənnət"-in yerində formalaşıb.



2018-2019-cu illər ərzində Saharanın şərqində, Atbay səhralığındakı arxeoloji ekspedisiyanın rəhbəri olmuş tədqiqatçı alim Julyen Kuper də yeni kəşf olunmuş qayaüstü rəsmlərdən danışıb. Bu sahənin tədqiqatçılarından biri hesab edilən Julyen Kuper rəsmlər barədə deyib:

"Həqiqətən təəccüb doğuran, çox qəribə hadisədir. Səhradakı qayalıqların divarlarında oyulmuş mal-qara rəsmlərini tapmaq qəribə idi, çünki onlar çoxlu su və otlaq tələb edir, eyni zamanda sübut edir ki, bugünkü quraq Sahara mühitində belə yaşaya bilməzdilər. Deməli, münbit şərait olub və bu bizim tədqiqatlarımızla üst-üstə düşür. Beləliklə, bu qədim qaya sənətində təsvir olunanlar, qaya oymalarındakı mal-qaranın rəsmləri elm üçün ən mühüm sübutlardan biridir. Bir zamanlar yaşıl Saharanın mövcudluğu barədə danışmaq, bunu sübut etməkdən ötrü bu, ən yaxşı dəlil-sübutdur”.

Qeyd edək ki, J. Kuper tədqiqatçı və arxeoloq kimi dəfələrlə Sahara səhrasına yollanıb və alim bu gün də həmin əraziləri tədqiq edir.

Alimlərin fikrincə, 15 min il öncə Afrikaya çoxlu musson yağışları yağdığına görə bu ərazilər yeni göllər, yaşıl dərələr diyarına çevrilib. Lakin sonradan iqlim dəyişikliyi səbəbindən burada yaşayan insanların və heyvanların həyatı dəyişib.

"Fikrimcə, məhz bunun nəticəsi idi ki, bizim yenicə aşkar etdiyimiz qayaüstü rəsmlərin olduğu "Xəlifə Vadisi" adlanan ərazinin ətrafındakı Atbay səhrası demək olar, tamamilə boşaldılıb. Dəyişkənliyə və yeni iqlimə öyrəşməyi bacaranlar isə sağ qala biliblər. Beləliklə, insanlar üçün tam yeni bir həyat başlayıb və onlar üçün artıq vəhşi heyvanların ovlanması, həm də çöl vəhşiləri ilə mübarizə arxada qalıb. Qaya üzərindəki rəsmlər də göstərir ki, bu ərazidə yurd salan adamlar tədricən şəxsi təsərrüfat mərhələsinə qədəm qoyublar. Beləliklə, onlar mövcud iqlim şəraitindəki səhra həyatına uyğunlaşmaq üçün yaşam tərzi olaraq maldarlığı, qoyunları, keçiləri seçiblər. Bu proses insan həyatının bütün aspektləri üçün ciddi nəticələr verib. Həm də pəhrizə, məhdud qida olaraq süd tədarükünə, çobanların, çoban ailələrinin yaratdıqları köç ənənələrinə, qəribə olsa da, hətta daima mal-qarasından asılı olaninsanların şəxsiyyət kimi formalaşmasına, dolanışığına qədər. Nəticələr də, təsirlər də məhz budur", - söyləyən J. Kuper yeni tapıntıların, qayaüstü rəsmlərin böyük dəyərini məhz belə izah edib.

Xatırladaq ki, Peruda da buna bənzəyən, ehtimala görə, halüsinogenlərin təsiri ilə yaradılan belə bir qədim mağara rəsmiləri aşkar edilmişdi. Tədqiqatçılar əldə edilən həmin rəsmlərin də təsvirlərini müqayisə üçün müzakirə edən zaman bildiriblər ki, bu, prinsipcə eyni proseslərin baş verdiyi oxşar hadisələrdir. Alimlər Peruda tapılan qədim Tukano xalqının nümayəndələrinə məxsus şəkillərini də Sahara rəsmləri ilə tutuşduraraq elmi cəhətdən ətraflı təhlilini veriblər.

Arxeoloqlar, alimlər üçün həmişə ən sirli, ən maraqlı məkanlardan biri olan, bu gün də geniş tədqiq edilən bu nəhəng səhra dünyanın ən böyük iki ərazisindən biri sayılır.

Onu da qeyd edək ki, Afrika qitəsinin nəhəngi hesab edilən qızmar Sahara səhrasının eni və ümumi ərazisi 9 200 000 км², uzunluğu isə 4800 kilometrdir.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
35

1Mənbələr

Şərh ()
Bağla