AZ

Azərbaycan reqbisi yeni mərhələyə qədər qoyur – LAYİHƏ

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bir müddət əvvəl Azərbaycan Reqbi Federasiyasnının inkişaf üzrə vitse-prezidenti, eyni zamanda da “Qarabağ” Reqbi Klubunun təsisçisi Eldar Kərimovla həmsöhbət olub, onunla reqbinin ölkəmizdəki vəziyyəti ilə bağlı danışmışdıq. Həmin söhbət zamanı Eldar bəy gələcək planlardan bəhs edib, yeni layihələr icra etməyi planlaşdırdıqlarını dilə gətirmişdi. Yenidən ona müraciət etməkdə məqsədimiz həmin layihələrin icrasının axarıyla maraqlanmaq idi. Budəfəki söhbətimiz zamanı Eldar Kərimov daha maraqlı məqamlara toxundu, hədəflərin daha da böyüdüyüni bildirdi.

- Eldar bəy, ilk söhbətimizdən bəri bir ildən çox vaxt keçib, bu müddət ərzində hansı yenilikləri qeyd etmək olar?
- İlk növbədə reqbini diqqətdə saxladığınız üçün sizə təşəkkürümü bildirirəm. Son müsahibəmizdən bu günə qədər reqbinin inkişafında pozitiv dinamika müşahidə olunur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə inkişaf strategiyamıza uyğun fəaliyyətimizi davam etdiririk. Ölkəmizdə yeni reqbi klubları yaradılmağa başlayıb. Bunlardan “Dinamo”, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin nəzdində yaradılmış “İMSİ” reqbi klubunun adlarını qeyd edərdim. Bununla yanaşı, əsas diqqəti uşaq və yeniyetmə reqbisinin inkişafına yönəldirik. Bu gün Bakı, Sumqayıt, Şamaxı və Qobustanda ümumilikdə 9 məktəb komandası fəaliyyət göstərir. Növbəti həftədən etibarən isə paytaxtda fəaliyyət göstərən 3 saylı uşaq evində və daha bir özəl məktəbdə reqbi üzrə məşqlərə start verəcəyik. Bununla da məktəb komandalarının sayı 11-ə çatacaq. Əlavə olaraq İsmayıllı, Qəbələ və Cəlilabadda məktəb komandaları, eləcə də uşaq və yeniyetmə klublarının da yaradılması gündəmdədi. Çox vacib məqam ondan ibarətdi ki, özəl məktəblər reqbi idman növünü cari ilin sentyabrından başlayaraq öz tədris proqramına daxil edilməsini təsdiqləyiblər. Şagirdlər bədən tərbiyəsi dərslərində digər oyunlarla yanaşı, reqbinin də sirlərini öyrənəcəklər. Əlbəttə, bununla kifayətlənməyəcəyik və şagirdləri reqbi oynayan məktəblərin sayı getdikcə artacaq. Yaxın aylarda ölkəmizə təcrübəli xarici məşqçilərin gətirilməsi istiqamətində də fəal işlər görülür. “World Regby” nümayəndələrinin məşqçilər və hakimlər üçün Bakıda keçirəcəyi seminarlarla yanaşı, həmin əcnəbi məşqçilər yerli mütəxəssislərimizin bilik və təcrübəsinin artırılmasında mühüm rol oynayacaqlar.

Azərbaycan


- Reqbiyə sponsor marağı necədi? Ümumiyyətlə, maliyyə dəstəyini necə həll edirsiz?
- Bir müddət öncə federasiyada yeni İdarə Heyəti formalaşıb. Artıq potensial sponsorlarla danışıqlara başlanılıb. Reqbinin komanda idman növü olması, ölkəmizdə yetərincə populyar olmaması kimi amillər sponsorların cəlb edilməsi prosesi üçün bir qədər zaman tələb edir. Buna baxmayaraq, ümidvaram ki, yaxın müddətdə bu haqda sizə ətraflı məlumat təqdim edəcəm.

- İnfrastrukturla bağlı vəziyyət nə yerdədi? Hansı idman qurğularından reqbi oyunları və məşqlər üçün yararlanmaq olurmu?
- Ölkəmizdə hələ ki reqbi stadionları mövcud deyil. Lakin reqbi və futbol meydançalarının ölçüləri eyni olduğuna görə qapı dirəklərinin və reqbiyə aid xüsusi xətlərin çəkilməsi ilə istənilən futbol meydançasında reqbi üzrə oyun keçirmək mümkündü. Məsələn, ADBTİA stadionunu qeyd edərdim. 2004-12-ci illərdə yığma komandamız ev oyunlarını bu stadionda keçirirdi. Uşaq və yeniyetmə komandalarının oynadığı meydançaların ölçüləri daha kiçikdi və yarışlar zamanı futbol meydançalarını iki, hətta üç paralel meydançalara bölmək mümkündü. Bunun sayəsində oyunlar paralel şəkildə keçirilir. Gənclər və idman nazirinin müavini Mariana Vasilyeva müzakirələrimiz zamanı keçirəcəyimiz yarışlar üçün bizə meydançaların təşkilində dəstək olacağını bildirib. Bununla da işimiz xeyli asanlaşmış olacaq. Gələcəkdə isə ölkəmizdə reqbi stadionlarının inşası çox sevindirici olardı. Bunun üçün biz indidən mərhələli şəkildə fəaliyyətimizi davam etdiririk.

- Gələcəkdə akademiyaların fəaliyyəti ilə bağlı hansısa layihələr varmı?
- Akademiyaların yaradılması qısa, orta və uzunmüddətli strategiyamızda əks olunub. Həm yerli, həm də xarici klubların akademiyalarının ölkəmizdə yaradılması reqbinin inkişafına olduqca güclü təkan olacaq. Bu və başqa layihələr üzrə qonşu Gürcüstanın, eləcə də digər beynəlxalq tərəfdaşların təcrübəsindən yararlana biləcəyik. Bu məqsədimizə də mərhələli şəkildə çatacağıq.



- Son sualım Azərbaycanda reqbiyə maraq səviyyəsiylə bağlıdı. Yeniyetmə və uşaqların bu idman növünə marağı sizi qane edirmi?
- Bir neçə il əvvələ qədər biz məktəblərdə reqbinin təbliğatını təcrübəsizliyimizdən bir qədər yanlış formada həyata keçirirdik. Videotəqdimat, şifahi izahlar üzərindən uşaqları bu oyun haqda məlumatlandırmaq cəhdlərimiz uğursuzluğa gətirib çıxarırdı. Yanaşmanı dəyişməyə qərar verdik və özəl məktəblərin direktorlarının icazəsi ilə bədən tərbiyyəsi dərslərində bir neçə gün ərzində uşaqlara təmassız tag-reqbi oyununda iştirak imkanı yaratdıq. Nəticə gözləntilərimizi xeyli üstələdi. Həmin məktəblərdə hazırda reqbi oynayan uşaqların sayı durmadan artır. Bu da reqbi oyununun uşaqlar üçün olduqca maraqlı və əyləncəli olmasına dəlalət edir. Dövlət məktəbləri də bu mənada aktivlikdə geridə qalmırlar. Elm və Təhsil Nazirliyinin, rayon təhsil idarələrinin və məktəb direktorlarının dəstəyi ilə artıq Sumqayıt, Şamaxı və digər şəhər və bölgələrimizdə reqbi komandaları yaradılır. Daha bir müsbət hal valideyinlərin son vaxtlar reqbiyə daha çox güvənməsidi. Əvvəllər valideyinlərin narahatçılığı bizə çox ciddi maneələr yaradırdı. Oyunları izlədikcə, onun tam təhlükəsiz olmasını, müsbət cəhətlərin kifayət qədər çox olmasını əyani şəkildə gördükcə uşaqları bizə daha rahatlıqla etibar edirlər. İnanın mənə, vaxt gələcək və reqbi Azərbaycanda hər bir məhlədə oynanılacaq. Buna əminəm.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79

1Mənbələr

Şərh ()
Bağla