AZ

Hər eşitdiyini danışmaq...


Hər bir təlimin, nəzəriyyənin mərkəzində müəyyən insan obrazı dayanır. Yəni, bu vaxta qədər Allahın (c.c.) endirdiyi kitablarla tərbiyə edərək yetişdirmək istədiyi bir insan obrazı var. İnsanların hazırladığı fəlsəfi cərəyanlar da əslində öz xarakterinə, dünyagörüşünə görə təxminən eyni məqsədə xidmət edir. Bu mənada dinimiz İslamın inşa etmək istədiyi insan obrazı bizim üçün ən mühüm məsələdir. Dinimizin ortaya qoyduğu örnək xarakter, şəxsiyyət isə, heç şübhəsiz, sevimli peyğəmbərimizdir (s.ə.s.). Peyğəmbərimizin əxlaqı Quran əxlaqıdır, yəni ağlını, düşüncəsini, həyata baxışını Qurandan alan insan bu və ya digər cəhətləri ilə sevimli peyğəmbərimizə bənzəməli, onu xatırlatmalıdır.
Sevimli peyğəmbərimiz bir hədisi-şərifində belə buyurur ki, insan oğlu günahları ən çox dili ilə qazanır. Yəni, insan ağzından çıxardığı sözü yaxşı-yaxşı ölçüb-biçməli, dediyinin həqiqət, yoxsa yalan olduğunu, həqiqət olsa belə, o məqamda deyildikdə nə kimi nəticələr doğuracağını düşünməlidir.
Allah (c.c.) isə Qurani-Kərimdə belə buyurmaqdadır: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə)! Çünki qulaq, göz və ürək, bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-suala çəkiləcəklər”. (İsra surəsi/36) Necə düşünürsünüz, qulaq, göz, ürək sorğu-suala çəkildiyi halda, dil rahat buraxılacaqmı? Dilin sorğu-sualı daha betərdir. Çünki bir qədər yuxarıda da xatırlatdığımız kimi, insan ən çox dili ilə günah qazanır. Bir də təkcə dil deyil ki... Qiyamət günü insanın əlləri, ayaqları danışacaq, bədən üzvləri hər şeyi deyib dünyada onlara sahib olanın lehində, yaxud da əleyhində şahid olacaqlar.
Bu yazıda isə bizim əsas mövzumuz dil və onunla işlənən günahlardır. Sevimli peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bir insana yalan olaraq hər eşitdiyini danışmaq yetər. Bu hədis çox böyük həqiqətdən xəbər verir. Bu istiqamətdə düşünəndə insan çox mətləblərə vaqif olur. Çünki Allah bizə ağıl verib, iradə verib.
Bütün cəmiyyətlərdə bir şər zənciri var, bir də xeyir zənciri. Qulağından girən hər sözü fərqinə varmadan ağzından çıxarmaq şər zəncirinin bir halqası olmaqdır. Eşitdiyini saf-çürük etmək, günaha səbəb ola biləcək sözləri “örtüb basdırmaq” isə xeyir zəncirinə bağlanmaqdır. Allah Səttardır, yəni yaratdığı bəndələrin günahlarını örtüb basdırandır. İnsan da Allahı düşünərək, bu məsələdə Onun kim davranmalı, gördüyü, eşitdiyi günahları gizli tutmalı və o əməllləri işləyəni islaha çalışmalıdır.
Ağızdan çıxan heç bir söz boşa getmir, hər kəlmə qeydə alınır. Allah hər kəsin qəlbini də bilir, niyyətini də.
Başqası haqqında eşitdiyi bir sözü danışmaq qeybətdir. Sən kimin qeybətini edirsənsə, qiyamət günündə onunla hesablaşmalı olacaqsan. Bu, hamımız üçün belədir. Ona görə də, dilimizi günahlardan qoruyaq, hər eşitdiyimizi danışmayaq ki, qiyamət günü yaxamız əldə qalmayaq.

Murad Məmmədov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1

1Mənbələr

Şərh ()
Bağla