AZ

"Şuşanın gələcəyinə xidmət etməliyik" - Prezidentlə görüşən şuşalı jurnalist DANIŞDI

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

 

Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər.

 

Modern.az-ın məlumatına görə, mənzillə təmin olunanlardan biri də tanınmış şuşalı jurnalist Kərim Kərimlidir.

 

O, təəssüratlarını bizimlə bölüşüb:

 

"Bizə evin açarlarını təqdim etdilər. Şuşa həminki əziz, gözəl, ana yurdumuz, doğma Şuşamızdır. Şuşa getdikcə yenilənir, gözəlləşir. Çox böyük sürətlə və geniş miqyasda tikinti  və yenidənqurma işləri gedir. Bu, böyük xoşbəxtlik, bəxtəvərlikdir. Səhər tezdən Şuşanın təmiz havasını udmaq, ətraf gözəlliyin seyrinə dalmaq və daxilində "mən öz evimdəyəm, ailəmlə birlikdə öz doğma şəhərimdəyəm" hissini keçirmək xoşbəxtlikdir. Dədə-baba yurdumun işğaldan azad edildikdən sonra abadlaşdığını və həmişəlik öz yurduna qayıtdığını, Azərbaycanın birdəfəlik, əbədi qələbə qazandığını bir daha hiss edirsən".

Jurnalist qeyd edir ki, açarların təqdimatında Prezident İlham Əliyev Şuşanı ruhumuzun şəhəri adlandırıb.

 

"Mən bu fikirlə tamamilə razıyam. Bir şeyi də əlavə etmək istəyirəm ki, Şuşa daha ölməzdir. Çünki Azərbaycanın ruhu ölməzdir. İnsanlar gəldi-gedərdi, amma şəhər əbədi və daimidir".

 

K. Kərimli açarların təqdimatı mərasimindəki çıxışından da danışıb:

 

"Prezident İlham Əliyevə bu xoşbəxtliyi bizə təqdim etdiyinə görə təşəkkür etdim və onun Qarabağın azadlığı uğrunda mübarizəsini öz baxışımla qiymətləndirdim. 

 

"Dünyada Üzeyir bəyin musiqisindən gözəl musiqi yoxdur. Sizin Şuşa uğrunda, Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni yalnız Üzeyir bəyin musiqisi ilə müqayisə etmək olar: gözəl, təntənəli, möhtəşəm və əbədi! Bütün bunlara görə çox sağ olun",- söylədim.


Həmçinin şəhidlərimizin xatirəsini yad etdim və qazilərimizə təşəkkür etdim. Biz də burada yaşayıb-yaratmalı, Şuşanın gələcəyinə xidmət etməliyik". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
modern.az

1Mənbələr