AZ

Müharibə uzanacaq -ŞƏRH

Ukraynanın bu vəziyyətə düşməsinin səbəbkarı Qərbdir
 
Onlar ya Rusiyanın potensialını düzgün hesablamadı, ya da özləri bunda maraqlı oldu
 
 
 Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilə keçib ki,  davam edir. Onun yaxın həftələrdə və aylarda bitməsi perspektivi isə demək olar ki, yoxdur. Tərəflərin heç biri güzəştə getmək niyyətində deyil. Elə dünya dövlətləri də bu məsələdə ikiyə bölünüblər. ABŞ başda olmaqla NATO ölkələri Ukraynaya silah yardımları göstərməklə və müxtəlif sanksiyalar tətbiq etməklə Rusiyanın məğlubiyyətinə nail olmağa çalışırlar.  Lakin nə bu qeyri-qənaətbəxş yardımlar, nə də  sanksiyalar hələ ki, Rusiyanı sarsıda bilir. Əvəzində Rusiyanın özünün ətrafında onu Qərbin sanksiyalarından qoruyan, Çin, İran və Şimali Koreyadan ibarət başqa bir koalisiya yaranıb. Və koalisiya onu həm diplomatik, həm də hərbi arenada gizli və açıq dəstəkləyir. Bir sözlə, hadisələrin belə inkişafından görünür ki, “bu xəmir hələ çox su aparacaq”. Hətta siyasi şərhçilər də hesab edir ki, müharibədə elə bir vəziyyət yaranıb ki, qısa zamanda rusları dayandıra bilməsələr, hansısa razılıq əldə olunmasa, Rusiya işğal etdiyi ərazilərin sahəsini genişləndirəcək. Ruslar hücumlarını davam etdirsə də, onlar üçün əsas hücum iyun ayında başlayacaq. Ukrayna tərəfi isə ancaq və ancaq müdafiə oluna bilər.
 Qeyd edək ki, ABŞ Konqresi  hələ bir neçə həftə əvvəl  Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib. Eyni zamanda Rusiyanın dondurulmuş 6 milyardlıq aktivlərini Kiyevə vermək haqda da qərar çıxarıb.
Maraqlıdır,  Amerikanın bu dəstəyi müharibənin sonunu və ya ədalətli sülhü yaxınlaşdıra biləcəkmi?

 Bu barədə “Sherg.az”a danışan politoloq  İlyas Hüseynov Rusiya-Ukrayna münaqişəsinin uzun müddət davam edəcəyini  deyib. Rusiya-Ukrayna müharibəsinin artıq geopolitik mübarizəyə çevrildiyini vurğulayan politoloq hesab edir ki, bu münaqişə qısa müddət ərzində bitməyəcək: 

“Onu planlayan və məqsədlərinə çatmaq istəyən qüvvələr bunun üzərində illərlə işləyiblər. Düşünürlər ki, uzun illər ərzində bu müharibə vasitəsilə onlar öz geostrateji məqsədlərinə çatacaqlar. Müharibənin iki ili arxada qalıb. Bu müddət ərzində  enerji təhlükəsizliyi sahəsində böyük problemlər yaranıb.  Rusiya xammalından imtina, bu ölkəyə qarşı tətbiq olunan genişmiqyaslı sanksiyalar paketinin nəticəyə gətirib çıxarmaması Qərbi o qədər də narahat etmir. Çünki əsas məqsəd böyük hədəflərdir. Məsələn, silah satışı ilı bağlı konyuktura Ukrayna və digər dövlətləri özündən asılı vəziyyətə salır. Ona görə də hazırkı reallıqlarla Rusiya-Ukrayna münaqişəsinin çox qısa müddət ərzində bitməsi real görünmür. Paralel olaraq görürük ki, ABŞ-də hakimiyyətə can atan qüvvələr Ukraynanı məğlubiyyətlə barışdırmaq istəyirlər. NATO baş katibi bildirdi ki, Ukraynaya F-16-lar verilsə belə, döyüşün gedişinə təsir etməyəcək. Ona görə də indiki məqamda müharibəni dayandırmaq variantı üzərində iş aparılır. Bu da əlbəttə, Ukraynanın ərazi bütövlüyünə ziyan vura bilər. Rusiya Ukraynanın böyük bir hissəsini işğal edib axı”.

 Politoloq hesab edir ki, Ukraynanın bu vəziyyətə düşməsinin səbəbkarı Qərbdir:
 “Onlar ya Rusiyanın potensialını düzgün hesablamadı, ya da özləri bunda maraqlı oldu. Bəlkə də zamanında Ukraynaya silahlar, hava hücumundan müdafiə sistemləri, raketlər verilsə idi, bəlkə də müharibə bu həddə gəlib çatmazdı”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72

1Mənbələr

Şərh ()
Bağla