AZ

"Ona deyəcəm, mənə bir top versin” – “Neftçi”də het-trik edən braziliyalı

“Neftçi” – “Kəpəz” qarşılaşmasında meydan sahiblərinin dadına Andre Şinyaşiki çatdı.

Braziliyalı hücumçu komandası yenik durumda olan anda səhnəyə çıxaraq 3 qol və 1 assisə imzasını yazdırmaqla 5:1-lik qələbədə əsas pay sahibinə çevrildi.

Karyerasının ilk het-trikini gerçəkləşdirən Şinyaşiki Sportinfo.az-a müsahibə verib.

- 3 qol və 1 məhsuldar ötürmə. Bu gün nə yemişdin, nə etmişdin belə?

- (gülür) Adi günlərdən fərqli heç nə. Hər gün nə edirəmsə, nə yeyirəmsə, bu gün də eyni. Dayanmadan çalışıram, “Neftçi”yə fayda vermək istəyirəm. Yəqin ki, Allah çəkdiyim əziyyəti görür və mənə kömək edir.

- Bu oyuna sanki xüsusi köklənmişdin.

- Xüsusi bir şey yoxdur. Dediyim kimi, məşqlərdə çox işləyirəm. İnsan çox çalışanda gec-tez bunun bəhrəsini görür. Bu gün mövqe seçimləri və zərbələr zamanı dəqiqlik göstərməklə istəyimə çatdım.

- Bu cür məhsuldarlığın ardınca növbəti turda cəza səbəbindən “Səbail”ə qarşı oynaya bilməyəcəksən.

- Bilirəm. Hakim əlini cibinə atanda ilk olaraq onu düşündüm. Ümid edirəm ki, “Səbail”lə qarşılaşmada komandamız qələbə qazanacaq və “Sabah”la final oyununa tam gücümüzlə çıxacağıq.

- Het-trik edən futbolçular həmin görüşdə istifadə olunan topu özü ilə götürür. Sənin topun hanı?

- Yoxumdur. Zahidə (inzaibatçı) deyəcəm mənə bir top versin (gülür).

- Oyun qurtaran kimi niyə götürmədin?

- Əməkdaşlarımız demişdilər ki, hakimin final fiti səslənən kimi “Neftçi TV”yə yaxınlaşıb müsahibə verməliyəm. Mən də ora fokuslanmışdım deyə, topu götürmək yadımdan çıxdı. Eybi yox, həll edəcəyik.

- Qış fasiləsindən sonra xoş təsir bağışlayırsan. İndi iki əllə başını tutursan ki, kaş, əvvəldən belə oynayardım?

- Amerikadan Azərbaycana gəlmək və Avropada ilk dəfə legioner həyatı yaşamaq asan deyil. Yeni ölkə, yeni mühit, yeni oyun üslubu, iqlim dəyişikliyi – bunlara öyrəşmək üçün mənə vaxt lazım idi. Təəəsüf ki, uyğunlaşma prosesi bir az vaxt aldı. Üstəlik, zədəyə görə kənarda qaldığım oyunlar da oldu.

- Çətin günlər geridə qalıb?

- Desəm ki, burada özümü əsl azərbaycanlılar kimi hiss edirəm, yalan olar. Siz də Amerikaya getsəniz, tam uyğunlaşmaq üçün bir neçə ilə ehtiyac duyacaqsınız. Bacardığım qədər rahatlıq tapmağa çalışıram. Xoşuma gələn odur ki, yerli insanlar turistlərə və ya əcnəbi futbolçulara qucaq açır, çətinə düşəndə kömək etməyə çalışırlar. Sözsüz, bunları görmək adama zövq verir.

- Deyək ki, komandan avrokuboklara vəsiqə qazandı. Bu “Neftçi” ilə nəyə ümid etmək olar?

- Böyük uğurlardan danışırıqsa, hər gün inkişaf etməliyik. Nə qədər çalışsaq da, azdır. Bunu etsək, bizi xoş günlər qarşılayacaq.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
sportinfo.az

1Mənbələr